Almaz XANLAROVA
Uşaqlardan soruşanda "kimin balasısan", hamısı cavab verir: "Ata və anamın". "Kimi daha çox sevirsən" soruşanda cavab verirlər: "Atamı da, anamı da". Bu cavab ata və anası ilə bir yerdə yaşayan uşaqlarındır. Ayrılan valideynlərin balaları hər şeylərini onlar arasında bölməyə məcburdurlar. Çünki artıq bir yerdə yaşamırlar. Onların hər nəyi olubsa, bölünüb...
Bu gün içəri girən kimi müəllim soruşdu: "Səid, niyə bu soyuqda papaqsız gəlmisən?"
Səid susdu. Müəllim davam etdi: "Keçən dəfə kitabını qoyub gəlmişdin, valideyninə şikayət edəcəm".
Səid yenə susdu. Başını aşağı salıb gözaltı sağ-soluna boylandı. Çalışdı ki, sinif yoldaşlarının üzünə baxmasın. Fikirləşdi: "Kaş heç kim atam, anam barədə heç nə deməyə". Valideynləri ayrılmışdılar. Çənəsi get-gedə sinəsinə yaxınlaşırdı, ona elə gəldi ki, nəfəsi kəsiləcək.
Müəllim istədiyi cavabı ala bilmədi. Gözləri üzünün çərçivəsindən irəli getdi deyə bütün ifadəsini dəyişdi. Onun da nəfəsi tıncıxdı. Amma müəllimin çənəsi aşağı yox, yuxarı yönəldi, qaşları da. Elə bil kimsə marionet-kuklanın mimikalarını idarə edirdi. Nəhayət, dilləndi: "Səid, keç otur, sənə nə deyim?"
Səid qıpqırmızı köynəyinin qolu ilə eyni rəngə düşmüş üzünün tərini sildi. "Bircə dərs tez qurtarsaydı" deyə fikirləşdi. Onun on üç yaşı tamam olmuş, on dörd yaşına təzəcə keçmişdi. Çənəsi sinəsində keçib yerinə əyləşdi.
Üç gün əvvəl atasıgildə qalmışdı. On üç yaşlı uşaq haqda adətən "evlərində qalmışdı" deyərlər. Səidin ata-anası da ayrılmışdı, evləri də. Çətin olanı o idi ki, indi evləri əvəzinə "anasıgil" və "atasıgil" vardı. Hər evdə ancaq bir doğmasını görürdü. Ürəyində ikisinə də bir istəyi olmasına baxmayaraq, onların hər şeyi çatlayıb bölünmüşdü. Tətildə atasıgilə gedib qalanda, hava dəyişərdisə, nəyinisə orda unudardı. Bəlkə də, bilərəkdən qoyub qalardı. Eynən qəlbindəki bölünmüş sevgi kimi. Anasıgildən atasıgilə gələndə də, atasıgildən anasıgilə qayıdanda da olanları bircə-bircə götür-qoy edirdi ki, hansına nəyi desin, nəyi danışmasın. Bu vəziyyətdə adamın yadına kitab, papaq düşər? Yaddaşında o qədər yüklənmə vardı ki, bəzən kompüterə həsəd aparırdı. Onun işi mənimkindən asandır: "Artıq məlumatları sil getsin, vəssalam". Get-gedə qəlbindəki, beynindəki yük artdıqca artırdı. Sonra da anam atama şikayət edir ki, Səid çox əsəbidir, çünki telefonda çox olur. Görəsən, onları da ata-anası arasında bölsəydilər və onlar da qəlbindəkini heç kəslə bölüşmək istəməsəydi, telefondan başqa özlərinə kimi dost seçərdilər? Axı telefon yeganə dostdur ki, öz sirrini özün açmasan, heç vaxt açmaz.
Bunları fikirləşə-fikirləşə bir də gördü ki, uşaqlar "yes" deyə sevincək çantalarını yığırlar.
Evlərinə çatıb qapını özü açdı. Anası işdə idi. İçəri keçdi. Yeməyi çox sevirdi. Amma özü qızdırıb yeyəcəyi boyat xörəyi sevmirdi. Başqa əlacı yox idi. Birdən fikirləşdi: "Niyə ki, zəng vurum, anam dönər sifariş etsin, işləyir də. Mən evdə anasız, isti xörəksiz qalmışam. Zəng elədi. Cavab gəlmədi. İndi də atasını fikirləşdi: "Onun hər şeyi var, o biri oğlu anasının isti xörəyini yeyir, zəng edim, mənə dönər sifariş etsin".
Atasının telefonundan da cavab gəlmədi. Mesaj səsi gəldi. Tez boylanıb oxudu: "Nə olub Səid?"
Cavab yazdı: "Ata, mənə dönər sifariş edə bilərsən?"
Telefonun ekranına baxanda elə bildi atasının hirsli üzünü gördü. Növbəti mesajı oxudu: "Anan niyə səni yeməksiz qoyub, alimenti neyniyir bəs?"
Səidin nəfəsi yenə daraldı: "Ata, dönəri mən istəyirəm, o yox". "Anam" deməyə ehtiyat elədiyi üçün "o" dedi. Ekrana cavab gəldi: "Yaxşı, ünvanınızı dəqiq yaz, sifarişinizi çatdırsınlar".
Səid: "Ata, mümkünsə keçən həftə sizdə papağım qalıb, onu..." Sözü içi kimi yarımçıq qaldı. Səs kəsildi. İçindəki suallar kimi telefonun da cavabı gəlmədi. Fikirləşdi: "Atam, ünvanımızı dəqiq bilmir". Yavaş-yavaş dizi qatlandı, yerə çökdü. Otaqdakı açılmayan balaca divana baxdı, baxdı və hıçqırmağa başladı. Get-gedə dayanmaq istəyən, bölünən nəfəsi açıldı. Elə bil içindən gözlərinə doğru bir kiçik fəvvarə qalxıb ordan aşağı axmağa başladı. Göz yaşı bitəndə hər iki ovcu ilə üzünü sildi. Elə bil əl-üzünü yudu. Yataq otağına keçib anasının biradamlıq çarpayısının üstünə yıxıldı. "Ana, ay ana bilirdiz ki, belə olacaq, niyə məni öz balanız elədiz? Heç əvvədən birləşməyəydiz də, məni niyə aranızda böldüz? İndi nə səninəm, nə də atamın..." Səidi çox ağır yuxu apardı. Apardı ki, o biri aləmdə dərdinin çarəsini tapsın.
Anası qapını açarla astaca açıb içəri girdi. Qapının çölündə paketdəki dönəri pişik didib tökmüşdü. İçəridə isə bişirdiyi xörək necə var eləcə qalmışdı.
Yavaşca yataq otağına girdi. Balası üstü açıq yuxulamışdı. Yastığa əl vurdu. Nəm idi. Sakitcə o biri otaqdan Səidin yorğanını gətirib balasının böyrünə qısıldı. Yorğanın çox hissəsini Səidin üstünə örtdü. İkisinin də bölünmüş istəkləri bir çarpayıda uyudu. Ancaq səhərə kimi.
17.12.2023