Oktyabrın 6-da Pakistanın Port Qasim Elektrik Enerjisi Şirkətinin çinli işçilərini daşıyan konvoya hücumla bağlı Pekin ölkəyə nazirliklərarası işçi qrupu göndərib. Hadisə nəticəsində 2 Çin vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
İşçi qrupu Pakistanın Xarici İşlər, Daxili İşlər nazirlikləri, hərbi polisi və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə intensiv görüşlər keçirərək, hadisənin nəticələrinin aradan qaldırılması, hərtərəfli araşdırma aparılması, o cümlədən bütün cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi, Çin vətəndaşlarının, Pakistandakı müəssisələrin və layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirləri gücləndirmək kimi məsələlər irəli sürülüb.
XİN bəyan edib ki, Pakistan terror aktını qətiyyətlə pisləyib və onun nəticələrinin aradan qaldırılması, hadisənin araşdırılması və günahkarların tutulması ilə tam məşğuldur, İslamabad təhlükəsizlik tədbirlərini gücləndirməkdə davam edəcək, Çinin maraqlarını qorumaq üçün hər cür səy göstərəcək.
Qeyd olunub ki, nümayəndə heyəti Pakistanda olduğu müddətdə həlak olan çinlilərin xatirəsini ehtiramla yad edib, xəstəxanada olan yaralı həmvətənlərinə, eləcə də layihə düşərgəsindəki müvafiq Çin şirkətinin əməkdaşlarına baş çəkib.
Pərvanə Sultanova