Vaşinqtonda yerləşən Cons Hopkins Universitetində ABŞ-Azərbaycan Ticarət Palatası, Beynəlxalq Ticarət Administrasiyası və ABŞ Ticarət Departamentinin birgə təşkilatçılığı ilə COP 29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin nümayəndələri, ABŞ-ın dövlət və özəl sektorunun və akademik dairələrin təmsilçiləri iştirak edib.
Açılışda çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd yaşıl maliyyənin cəmiyyətin bütün təbəqələri tərəfindən inkişafı və elmi dairələrin araşdırmalarına əsasən yaşıl maliyyə sahəsində qərarvermə mexanizmlərinin təşviqinin müzakirəsini aparmaqdır. Onun sözlərinə görə, bu müzakirələr Azərbaycanın COP29-a sədrlik etdiyi bir vaxtda həm Azərbaycan, həm də qlobal ictimaiyyət üçün aşağı karbonlu, davamlı gələcək naminə zəruri olan tərəfdaşlıq və strategiyaların qurulmasına kömək edəcək.
Daha sonra çıxış edən ABŞ Ticarət katibinin köməkçisinin müavini Hezar Evans bildirib ki, Ticarət Departamenti və ABŞ-Azərbaycan Ticarət Palatası arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. ABŞ Azərbaycanla 30 ildən artıq davam edən əməkdaşlığı yüksək qiymətləndirir və COP29 bu baxımdan ikitərəfli iqtisadi əməkdaşlıqda müsbət bir mərhələ ola bilər. ABŞ şirkətləri Azərbaycanın inkişafının bütün mərhələlərində vacib rol oynayaraq enerji, nəqliyyat və texnologiyalar sahəsində iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə kömək etmək üçün mühüm texnologiya və xidmətlər təqdim edib.
Ticarət Departamenti rəsmisi yaşıl maliyyə sahəsində ABŞ rəhbərliyinin gördüyü işlərdən danışaraq bildirib ki, ABŞ gələn ay Bakıda keçiriləcək COP 29-u ABŞ sənayesinin yeniliklərini vurğulamaq, dövlət və özəl sektor arasında tərəfdaşlıqları inkişaf etdirmək, qlobal iqlim böhranının həllinə kömək etmək, Azərbaycan da daxil olmaqla, qlobal tərəfdaşlarla ticarət əməkdaşlığını dərinləşdirməyə davam etmək baxınmından fürsət kimi nəzərdən keçirir.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim son zamanlar ABŞ-ın bir neçə ştatında baş verən qasırğaların iqlim dəyişikliyinin real nümunəsi olduğunu bildirib. O, iqlim dəyişikliyindən daha çox kiçik ada dövlətlərinin əziyyət çəkdiyini və bunun üçün beynəlxalq ictimaiyyətin birgə hərəkət etməli olmasının əhəmiyyətinə diqqəti çəkib. Səfir bu günlərdə Bakının uğurlu şəkildə Pre-COP tədbirinə ev sahibliyi etdiyini xatırladıb və Azərbaycanın COP 29 sədrliyinin əsas mövzusunun iqlim maliyyəsi ilə bağlı olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanın COP 29-un əsas mövzusu olan iqlim maliyyəsinin cəlb olunması, Kyoto Protokolu və Paris sazişinin müddəalarının icrası istiqamətində görülən işlərdən danışıb. O, qlobal istiləşmənin iqlim dəyişikliyi və böyük təbiət hadisələrinin əsas səbəbkarı olmasını vurğulayaraq, 1,5 dərəcə Selsi hədəfinə nail olmağın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, iqlim fəaliyyətlərinin səmərəli olması üçün qlobal səylər, dövlət və özəl sektorun birgə irəliləməsi vacibdir.
Konfrans panel müzakirələri ilə davam edib. ABŞ Enerji Departamenti, ABŞ İxrac-İdxal Bankı, “Goldman Sachs”, “Boston Consulting Group”, “Carlyle”, “Boeing”, “Honeywell”, “Leidos” və digər təşkilat və şirkətlərin təmsilçiləri, kiçik və orta biznes nümayəndələri və ekspertlər dayanıqlı layihələr üçün maliyyə resurslarının səfərbər edilməsi, dayanıqlılığın artırılması və maliyyə risklərinin azaldılması ilə aşağı karbon iqtisadiyyatına keçid və yaşıl keçiddə elmi əsaslı qərarvermə mövzularına istiqamətində müzakirələrdə iştirak ediblər.