Azərbaycan nümayəndələri oktyabrın 10-11-də “İpək yolu: turizm prizmasından əməkdaşlığın perspektivləri” mövzusunda Daşkənddə keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.
525.az Özbəkistan mediasına istinadla xəbər verir ki, turizm sektorunda yaşıl texnologiyaların tətbiqi və ekoloji təhlükəsizlik mövzularının diqqət mərkəzində olduğu tədbirdə Azərbaycan, Özbəkistan, Rusiya, Misir, Hindistan Qazaxıstan, Çin, Qırğızıstan və başqa ölkələrdən olan 250-dən çox mütəxəssis Böyük İpək yolu üzərində yerləşən ölkələrdə turizmin inkişafı sahəsində əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.
Konfransda təqdim olunan elmi məruzələrdə Avrasiya məkanında erkən dövlətlərdən böyük imperiyalara qədər formalaşmış tarixi proseslər, tarixi-mədəni irs, eləcə də turizm potensialının inkişaf perspektivlərindən bəhs edilib. Məruzəçilər vurğulayıblar ki, turizmin inkişafı tarix-mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği, habelə təbiət qoruqlarında ekoloji standartlara əməl olunması, ən müasir yaşıl texnologiyaların tətbiqi ilə sıx şəkildə əlaqəlidir (AZƏRTAC).