525.Az

Akademik Urxan Ələkbərov: "Dünya bizə deyirdi ki, sən balaca bir uşaq ol, mən də sənin başını sığallayım"


 

Akademik Urxan Ələkbərov: <b style="color:red"> "Dünya bizə deyirdi ki, sən balaca bir uşaq ol, mən də sənin başını sığallayım"</b>

Bu gün həyatda qürrələndiyim iki dəyərdən birincisi doğma şəhərimdir. Onun haqqında yazdığım ilk inşa yazımı indi də xatırlayıram. On bir yaşlı məktəblinin şagird dəftərinin qoşa vərəqi həcmində yazdığı inşa belə başlayırdı: "Bakını çox sevirəm. Çünki bu şəhərdə yaşayıram". O yazının üstündən yarım əsrdən də çox bir zaman keçib və illər bu sevgini özü ilə bərabər o qədər böyüdüb ki, ölçüyə belə, sığmır. Zaman onu da göstərdi ki, Bakını hamı sevir, hətta ilk dəfə bu şəhərə ayaq basan turist də. Heç kəsin tapa bilmədiyi bir sirri var bu şəhərin, heç köklü sakinlərin özləri belə, bunun cavabını hələ də tapa bilmir. Bakının ən unikal möcüzəsi şəhər içində kiçik tarixi bir şəhərin yaşamasıdır. Qonaqlar onu "Köhnə şəhər" adlandırsalar da, bizim üçün qala divarları ilə əhatə olunan bu yer İçərişəhərdir. Təqribən iki ay əvvəl yazıçı İlqar Fəhmi ilə müsahibəmizdə Bakı və onun köklü əhalisi, İçərişəhər haqqında söhbətimiz olmuşdu. Əslində dərin olan bu mövzuya hələ ki təkrar qayıtmaq fikrində deyilik. Özünün adı, zəngin tarixi, ənənəsi, mədəniyyəti, ziyalıları olan İçərişəhər əhli, əslində sayca kifayət qədər qalmasalar da, o mühitə xas elit səviyyəni bugünədək qoruyub saxlamağı bacara biliblər. Mən bunu onlardan bir neçəsilə olan söhbətdə həmişə hiss etmişəm. Bütün bu söylədiklərim təbii ki, səbəbsiz deyil.

Qəzetimizin bugünkü qonağı İçərişəhərə dərin köklərlə bağlı, professor, AMEA-nın həqiqi üzvü, YUNESKO-nun Azərbaycan Milli Mab (İnsan və Biosfer) Komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovdur.

 

- Ömrün uzaq səhifələrindən başlayaq. İki məktəbdə təhsil almısınız. Əvvəl 6, daha sonra 134 saylı məktəb...

- Ona görə ki, əvvəllər oğlan və qızlar ayrı-ayrı təhsil alırdılar. Mənim də məktəb illərim həmin dövrə təsadüf etmişdi. Qərar veriləndə ki, qızlar və oğlanlar vahid məktəbdə təhsil alacaqlar, bax onda 6 saylı məktəbdən bir qrup oğlanı 134 saylı məktəbin qızları ilə yerdəyişmə etdilər. Səbəb bu idi və yaxşı ki belə bir düşünülmüş qərar verildi.

- Seçiminiz biologiya sahəsi oldu...

- Təbiət və onun mühafizəsi həmişə maraq dairəmdə olub. Ən sirli proseslər təbiətdə baş verir. İndiyə qədər bu sirlərin hələ də çözülməyən tərəfləri qalmaqdadır. Lakin açılan kiçik sirlər böyük uğurlara gətirib çıxarır ki, onun sayəsində əhəmiyyətli nəticələrə gəlib çatmaq olur. Bu uğur imkan verir ki, insanların sağlamlığı yaxşılaşmaya doğru inkişaf etsin. Eyni zamanda bitki növlərinin və kənd təsərrüfatında, heyvandarlıqda məhsuldarlığının inkişafına da imkan verir ki, bu da əhalinin qida, ərzaq  təhlükəsizliyini təmin edir. Lakin mənim üçün bu sahənin daha çox idarəetmə tərəfi maraqlı olduğundan fəaliyyətimi də elə bu istiqamətə yönəltdim. Çünki ən mükəmməl, təkmilləşmiş idarəetmə təbiətə məxsusdur və zənnimcə, bunu bilməyimiz çox vacibdir.

- Əyani təhsil almağınıza baxmayaraq, elə tələbə ikən istehsalatda əmək fəaliyyətinə başlamısınız...

- Bu öz müstəqilliyimi təmin etmək üçün idi və ona görə intehsalatın müxtəlif sahələrində çalışırdım. Lakin üçüncü kursda oxuyanda bir hadisə baş verdi. SSRİ üzrə belə bir qanun qəbul edildi ki, bütün əhalinin ən azı yeddiillik təhsili olmalıdır. Bu səbəbdən bütün müəssisə və idarələrdə savadı olmayanlar təhsilə məcburi cəlb olunurdu. Qanun daha çox istehsalat müəssisələrinə tətbiq olunurdu və məktəblər də əsasən elə daxildə açılırdı. Bu baxımdan müəllim çatışmazlığı yarandığından işə tələbələri də qoşdular. Mən də o vaxtdan müəllim kimi işləməyə başladım, çünki daha sərfəli idi.

- İxtisas olaraq biologiyanın genetika səhəsinə üz tutmusunuz...

- Maraqlı sahə olduğu üçün. Genetika irsiyyət haqqında qanunları öyrənən elmdir. Özü də çox vacib bir elmdir. Genetika tək biologiyanı deyil, psixologiya, pedaqogika kimi sahələri də əhatə edir. Bu sahəni seçməyimin bir səbəbi də vardı. SSRİ-də genetika ilə kibernetikanı qadağan etmişdilər, hətta tanınmış genetiklər repressiyaya da məruz qalmışdı. Biz sonuncu kursda oxuyanda bu iki sahə bir növ bəraət qazandı və tam yeni olduğundan ora üz tutdum. Bu sahədə ixtisaslaşmaq üçün Moskvada təhsilimi davam etdirməli oldum, çünki anlayırdım ki, genetika hər zaman aktual olaraq qalacaq. Mən əsasən genetikanın ətraf mühitə təsirini öyrənirdim. Çünki ətraf mühit, onu çirkləndirən amillər irsiyyətə çox mənfi təsir göstərir. İnsan ömrünün qısalması, bir çox mübadilə və onkoloji xəstəliklərin yayılması buna söykənir.

- Yəni ətraf mühitə...

- Ətraf mühit dedikdə hamımız təbii mühiti anlayırıq. Lakin bizim vahid bir mühitimiz var, onun da təbii, iqtisadi, sosial və mədəni komponentləri var. Və mənim konsepsiyamda bu mühit vahid tərkibdə idarə edilməlidir. Bu baxımdan elə bu yöndə də inkişaf yolumu tutdum.

- Ali təhsilli bitirəndən sonra ünvanınız Milli Elmlər Akademiyası olub. Botanika İnstitutundan başlayan bu yol vitse-prezident kürsüsünə nə qədər çatdı. Bu qocaman ocaq və elmimiz...

- Milli Elmlər Akademiyası elmimizin böyük bir hissəsidir. Onun divarları arxasında Azərbaycan elmi üçün kifayət qədər tanınmış alimlər yetişib. Bir elm ocağı kimi hərtərəfli inkişaf yoluna malikdir.

- On ildən artıqdır akademik Urxan Ələkbərov ölkənin önəmli bir təhsil ocağına rəhbərlik edir və ətrafında xeyli gənclər var.

- Ətrafımda müəllim heyəti də var.

- Biz isə bu günün gənclərindən danışaq...

- Onlardan yüz faiz razıyam, yəni başqa cür mümkün də deyil. Çox istedadlı, bacarıqlı, yeniliklərə açıq, savadlı gənclərimiz var. Amma bir iradımı da bildirmək istəyirəm. Bugünkü gəncliyin ümumi məlumat mənbələri çox olsa da, bəzilərinin dünyagörüşlərində məhdudiyyət var. Zamanında bizim biliyimizi artırmaq üçün yalnız kitabxanalar vardı. İstifadə etdiyimiz kitablar əldən-ələ o qədər keçmiş olurdu ki, vərəqləri tökülürdü. Amma biz o kitablardan oxuyub öyrənirdik. İndi gənclərin inkişafı üçün istənilən hər şey var. Sosial şəbəkə üzərindən istədiyi məlumatı anındaca ona lazım olan dildə əldə edə bilir. Görün nə qədər irəli gedə bilmişik. Ona görə ki, ölkə çox güclü idarə olunur. Bir nümunə çəkim sizə. Qarşıdan COP-29 gəlir, çox böyük və əhəmiyyətli bir hadisə.

- Belə sualım var idi...

- Bu tədbirə ölkə başçısı 2004-cü ildən başlamışdı. Gələn ay keçiriləcək tədbirin əsası iyirmi il əvvəl qoyulub. Təsəvvür edin, Prezident yeni seçilib, ölkənin durumu göz önündə, yoxsulluq 35 faiz, ölkədə 1 milyon qaçqın və məcburi köçkün... Bütün bunlar həlli vacib olan problemlər idi. Ordu qurulmalı, ərazi bütövlüyü və suverenliyi bərpa edilməli idi. Və belə bir şəraitdə, üstəlik, onu da nəzərə alsaq ki, ölkədə neft də var, qaz da var, düşünmək olardı ki, enerji ehtiyatı olan bir ölkəyə dirçəlmək üçün başqa nə lazımdır?.. Amma ölkə rəhbəri dünyanın inkişaf strategiyasını görürdü və nə lazım olduğunu bilirdi. 2004-cü ildə milli proqram yaradıldı. Ondan beş il sonra təşkilat quruldu və bunları inkişaf edtirməyin vacibliyini Prezident çıxışlarında xüsusi olaraq vurğulayırdı. Bizim dırnaqarası dostlarımız enerji ehtiyatı olan bir ölkədə iqlim konfransının keçirilməsinə şübhələr yaratmağa çalışsalar da, biz bu etimadı qazana bildik.

- Üstümüzdə olan 30 illik ləkəni biz təmizlədik, lakin dünya hələ də bizə qarşıdır...

- Dünya bizə deyirdi ki, sən balaca bir uşaq ol, mən də sənin başını sığallayım. Dünya bizdən bunu istəyirdi. Bəs istəyinin müqabilində dünya nə gördü? Gördü ki, 30 il sülh uğrunda var gücü ilə çalışan, öz ağlı ilə iş görən, sözünü deməyi bacaran, ölkəsini beynəlxalq arenada layiqincə təmsil edən, lazım olanda yumruğunu endirə bilən və nəticədə istədiyinə nail olan biri var. Təbii ki, bu onun xoşuna gəlməzdi. Onu da gördü ki, öz ərazi bütövlüyü uğrunda savaşa qalxan bir ölkə başçısının 44 günlük müharibə zamanı istər dünya mediasına, istər beynəlxalq kanallara verdiyi müsahibələrin hamısı iti məntiqə, güclü zəkaya söykənib. Verdiyi tutarlı və əsaslı cavablarla jurnalistləri susmağa məcbur edən güclü bir siyasətçi dünya ilə təkbətək, üz-üzə dayana bildi. Və illərdir dünya kimin kim olduğunu bilsə də, yenə də mövqeyindən çəkilməyi sanki şəninə sığışdırmır. Azərbaycan xalqı isə bir yumruq kimi dövlətinin ətrafında birləşərək müstəqilliyi uğrunda hər şeyə hazır və qadir olduğunu dünyaya sübut etdi.

- Söhbətimizin istiqamətini bir az dəyişək... Əyri-üyrü, dar küçələrin...

- Vaqif Səmədoğlunun İçərişəhər haqqında yazdığı şeirdir. Bu günə qədər yol gələn həmin o əyri-üyrü, dar küçələr İçərişəhərin əsl simasıdır. Qoşa Qala qapısından içəri daxil olan kimi elə bilirəm ki, artıq evimin içindəyəm. İçərişəhərin ənənələri çox dərinliyə söykənir. İnsanların yaşayışı çətin olub. Bir tərəfdə dəniz, Bakının dəli küləyi, imkanların məhdudluğu, düşmənlərin çoxluğu və bütün bunlara qalib gəlmək üçün biliyin vacibliyini İşərişəhər əhli yaxşı bilirdi. Bu baxımdan özlərinin savadı olmasa da, ailələr övladlarının rifahı naminə dövrə uyğun sivilizasiyadan geri qalmamağa çalışıblar, onları təhsilə yönəldiblər. Ulu babamın on dörd yaşında bir şəkli var, adi şəhər geyimində. Beş ildən sonrakı şəklində isə artıq əynində forma və çiynində poqon. Bibilərim də, xalalarım da təhsil alıblar. Ümumiyyətlə, Azərbaycan unikal bir ölkədir, İçərişəhərin özü də.

- Anladığım qədər darıxırsız İçərişəhər üçün...

- Darıxıram... O qədər xatirələr qalıb ki, orada... Evimizlə üzbəüz içərişəhərli iş adamı Qatır ləqəbli Zeynalabdin Tağıyevin ikimərtəbəli mülkü vardı. Təəssüf ki, İçərişəhərə qarşı sökülmə bumu zamanı o mülk də yox oldu. Həmin binanın ikinci mərtəbəsində bir yəhudi yaşayırdı və evində piano vardı. Məhəllə uşaqları o pianonu düşürürdülər aşağı, Vaqif çalırdı, biz dinləyirdik. Sonra yenidən qaldırıb pianonu qoyurdular yerinə. İndi İçərişəhər çox səsli-küylüdür, turizm məkanıdır, bizim üçün bu, əlbəttə ki, böyük inkişafdır. Amma xatirələrdə İçərişəhər tamam başqadır mənim üçün.

- Ömrün 80 ilini geridə qoymusunuz... Dolğun, zəngin ziyalı ömrü...

- Bu illərdə nə yaşamışamsa, hamısı mənim həyatımdır. Həyatda hər şeyə hazırlıqlı olmaq gərəkdir. Etirazsız və üsyansız...

SÖZARDI: Bu gün Bakının Ə.Topçubaşov və Ə.Quliyev küçələrinin kəsişməsindəki üçmərtəbəli tarixi mülk Urxan Ələkbərovun ana babası, tanınmış iş adamı Əbdülbağır Babayevin mülkü olub. Xeyirxah əməlləri ilə tanınan bu insan 1918-ci ildə mart qırğınları zamanı öz mülkünün qarşısında ermənilər tərəfindən qətlə yetirilib. Nənəsi Xədicə xanım üç qız övladı ilə mülkdən çıxarılır və həbs edilir. Onları məhbusluqdan Qafqaz İslam Ordusu xilas edir. Həmin üç bacının biri müsahibimizin anası olub.

Tamilla M-ZADƏ

 





14.10.2024    çap et  çap et