525.Az

Zibilləyən "insanlar"dan "Zibil-İnsanlar"a...


 

Zibilləyən "insanlar"dan "Zibil-İnsanlar"a...<b style="color:red"></b>

Yollarda, küçələrdə, parklarda, dəniz kənarlarında qalaqlanan plastik şüşələr, dənizin içində üzən neylon torbalar, küçələri bürüyən siqaret kötükləri... Bu, az qala 24 saat əlindən süpürgə düşməyən qadınların küçələrdən əskik olmadığı bir ölkədə hamımızın qarşılaşdığı mənzərədir. Mərkəzi küçələrdə, parklarda, məhəllələrdə hər addımbaşı zibil qablarının olmasına baxmayaraq, insanlar yeyib-

Bu sualın cavabını İrlandiyanın nüfuzlu nəşrlərindən olan "The Irish Times" qəzetində yayımlanan bir məqalədə Kaliforniya Əyalət Universitetinin professoru Pol Uesli Şults verib əslində. O, ətraf aləmi çirkləndirməyin, yerə zibil atmağın təkcə eqoistik problem olmadığını iddia edir. Şultsa görə, zibillikdən təmizlənmiş, nisbətən daha baxımlı yerlərdə insanların yerə zibil atmaq ehtimalı daha azdır.

"Conserve Energy Future" (Gələcəyin enerjisinə qənaət edin) portalında yayımlanan başqa bir məqalədə isə bir insanın yerə zibil atma səbəbləri bu şəkildə sıralanır: ərazinin onsuz da təmiz olmaması, tikinti layihələri, tənbəllik və diqqətsizlik, "heç nə olmaz" düşüncəsi, zibil qutularının az olması, ekoloji təlim və təbliğatın az olması, məbləği az olan (va ya heç olmayan) pul cəzaları - cərimələr və... "sürü psixologiyası".

Uzun sözün qısası, illərdir, gecə-gündüz yol gedən, hətta küçələrin nəbzini tutan biri kimi bunu açıq deyə bilərəm ki, bu ölkədə cinsindən, təhsil səviyyəsindən, gəlirindən asılı olmayaraq, insanlar küçələrə zibil atmağı çox sevir! Və bu "sevginin" qarşısının sərt bir şəkildə alınmasının zamanı çoxdan çatıb.

Elə ötən həftənin ən çox rezonans doğuran mövzularından biri də nəqliyyat vasitələrindən küçəyə zibil atanlar üçün tətbiq olunan cərimənin məbləğinin 30 manatdan 4 min manata qədər artırılması haqqında qanunvericilik müzakirələri oldu. Ölkəmizdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının keçiriləcəyi bir ərəfədə (COP29) belə bir qərarın verilməsi tamamilə yerinə düşdü. Fikrimcə, bu qərara etiraz edən insanlar cərimənin məbləğini deyil, yerə zibil atmamaq vərdişini özlərində necə formalaşdıra biləcəklərini düşünməlidirlər.

Bizim ətraf mühitin təmizliyinə göstərdiyimiz diqqəti, ümumilikdə ekoloji mədəniyyət haqqındakı biliklərimizin hansı səviyyədə olduğunu təsbit etmək üçün əslində uzun-uzadı araşdırma aparmağa ehtiyac yoxdur. İnsanların hər məhəllədə "ikinci əl" geyim, tekstil əşyalarının atılması üçün quraşdırılan qutulara, təkrar emal qutularına göstərdikləri münasibətdən vəziyyət aydın olur. Belə olduğu halda ətraf mühiti, plastik şüşələr üçün qoyulan qutuya qarpız qabığı, quru çörək üçün qoyulan qutuya məişət tullantısı atan insanlardan qorumaq üçün cərimənin məbləğinin artmasının hardasa müsbət təsirlərinin olacağına ümid etmək olar. Hətta yerə tüpürənlər üçün də yüksək məbləğli cərimə tətbiq olunmalıdır. Ekoloji təhlükə yaradan amillərdən ən dəhşətlisi budur, mənə görə. Bir insan ətrafına qarşı bu qədər eqoist, bu qədər düşüncəsiz olmamalıdır.

Əslində tullantı problemi o qədər böyük, iqlim böhranı o qədər dərindir ki, insan özünü bu problem qarşısında aciz hiss edir. Dünyada bu problemə diqqət çəkən saysız uğurlu təbliğat layihələri var. Bizim ölkəmizdə bu cür layihələrə nədənsə çox da isti münasibət göstərilmir. Təəssüf ki, ekoloji mədəniyyətin təbliği və təşviqi yalnız ağac əkməklə kifayətlənməməlidir. Məsələn bir neçə il bundan əvvəl kaliforniyalı fotoqraf Qreqq Seqal "Zibilin 7 günü" layihəsi ilə qlobal çirklənməyə diqqət çəkmişdi.

 O, sözügedən fotoqrafiya layihəsi ilə həftəlik zibil istehsalımızı ortaya qoymuşdu. Müxtəlif sosial təbəqələrdən olan insanların bir həftəlik zibilləri ilə fotoşəkillərini çəkən Seqalın işi həm dünyada tullantı istehsalı baxımından, həm də tullantının həyat vərdişlərimizi necə aydın şəkildə əks etdirməsi baxımından düşündürücüdür. Seqal layihəsi ilə bağlı açıqlamasında hər birimizin tullantı probleminin həm iştirakçısı, həm də qurbanı olduğunu söyləmişdi. Aralarında yaxınlarının da olduğu ailələrdən bir həftə boyu tullantılarını toplamağı xahiş edən Seqal insanları buna razı salmağın çox çətin olduğunu hətta aralarında tullantılarını yuyub gətirənlərin belə olduğunu bildirmişdi.

lll

Yaşadığımız əsrdə sənayeləşmə və istehlakın mənfi təsirləri özünü ən çox təbiətdə göstərir.

Ötən əsrin 70-ci illərində bir çox elm adamları və qeyri-hökumət təşkilatları; çirklənmə, təbii ərazilərin mühafizəsi, əhalinin sürətli artımı, qida, enerji istehlakı və biomüxtəliflik məsələləri ilə maraqlanmağa başlamışdı. Hətta "Yer Günü"nün ilk iclası da 1970- ci ilin 22 aprelində Stanfordda keçirilmişdi. 1980-1990-cı illərdə baş qaldıran işsizlik problemləri, cinayətlərin artması, soyuq müharibələrin meydana çıxması sosial ədalət kimi siyasi anlayışların ön plana keçməsi ilə ekoloji problem arxa plana keçməli oldu. 21-ci əsrə qədəm qoyduğumuz illərdə, yer kürəsi insanlar tərəfindən getdikcə daha sürətlə deqradasiyaya uğradığı üçün ətraf mühit problemləri yenidən gündəmə gəldi.

Bütün dünyanın əsas probleminə çevrilən iqlim böhranının öhdəsindən gəlmək üçün fərddən başlayaraq bütöv bir cəmiyyətin şüurunu dəyişmək lazımdır. Şüurda dəyişiklik yarada biləcək vasitələr arasında isə ən mühüm rolu incəsənət və ədəbiyyat oynayır. Təbiət ilə insan arasındakı məsafənin getdikcə artdığını və bu vəziyyətin daha böyük təhlükələrə yol açacağını görən bəzi sənətkarlar qarşısıalınmaz istehlak ehtirasına qarşı "Təkrar emal sənəti" adlanan sənət tərzini yaratdılar. Tullantıları möhtəşəm sənət əsərlərinə çevirən bu sənətkarlar yaratdıqları əsərlərlə iqlim böhranına diqqət çəkməyə çalışırlar.

Belə sənətkarlardan biri məşhur yapon heykəltaraşı Sayaka Ganzdır. O, heykəllərini adətən plastik şüşələrdən, mətbəx əşyalarından, plastik oyuncaqlardan və digər tullantılardan istifadə yoluyla dizayn edir.

Heykəllərinin çoxu dinamik heyvan fiqurlarından ibarətdir. Qanz heykəllərinin ən əhəmiyyətli ortaq xüsusiyyəti dinamizmdir və sənətçi sənət fəlsəfəsini izah edərkən bu yenilənmə prosesinin ona azadlıq hissi verdiyini deyir.

Ha Şult kimi tanınan alman rəssam isə tullantılardan insan heykəlləri yaradır. "Zibil-İnsanlar" adlı əsəri ilə diqqət çəkən rəssam bu layihəsində qutulardan, kompüter tullantılarından insan fiquru yaradıb.

Əsərlərini dünyanın müxtəlif nöqtələrində sərgiləyən rəssam inkişaf etmiş cəmiyyətlərdəki ekoloji problemlərə diqqət çəkir. Sənətçi hətta zaman-zaman bu "təxribatçı" davranışına görə məhkəməyə verilib. Öz cəmiyyətinin kütləvi istehlak vərdişlərinə etiraz edərək 2001-ci ildə ortaya qoyduğu "Sevgi məktubları binası" əsərində Şult Berlin Poçt İdarəsi binasının fasadını örtmək üçün 150.000 hərfdən yararlanıb.

Tullantıları sənətə çevirənlər sırasında ingilis rəssam Ceyn Perkins də var. O, oyuncaqları, dəniz qabıqlarını, düymələri, zəncirləri, rəngli muncuqları və demək olar hər evdə tapıla bilən rəngli tullantı materiallarını birləşdirərək məşhur rəssamların rəsmlərini yenidən "təqdim edir". Bütün bu materialları özünəməxsus kollajlı mozaika məntiqi ilə birləşdirən rəssam rəsmlərini yaradarkən heç vaxt boyadan istifadə etmir və boya ilə hər hansı rəng qatmır. Rəsmlərin hər bir nöqtəsi üçün həmin ərazidə rəng tonuna uyğun materiallar tapır.

İnsanlara onların təbiətin bir hissəsi olduğunu xatırladan bu rəssamlar əsərləri ilə iqlim böhranının qarşısını tam almağa müvəffəq olmasalar belə, həm təbiətə, həm də cəmiyyətə töhfə verirlər və ictimai yerlərdə sərgilənən bu əsərlərlə şəhərlərə estetik dəyər qatmağa nail olurlar.

 





14.10.2024    çap et  çap et