525.Az

Rejissorluq - "kişi peşəsi"?


 

MÜTƏXƏSSİSLƏRİN BU MÖVZUDA DÜŞÜNCƏLƏRİ HAÇALANIR

Rejissorluq - <b style="color:red"> "kişi peşəsi"?</b>

Tarixi inkişaf prosesində vaxtilə heç bir hüquq sahibi olmayan qadınlara zaman-zaman bir çox hüquq və vəzifələrin verilməsinə baxmayaraq, bir sıra fəaliyyət sahələrində kişilər və qadınlar arasında olan ayrı-seçkilik, "birincilərin ikincilərdən üstün olması" düşüncəsi özünü hələ də göstərməkdədir. Bu gün də cəmiyyətdə qadınların bir çox sahədə, peşədə uğursuz olacaqlarına, həmin sahələrin məhz kişilər üçün nəzərdə tutulduğuna inanılır.

 

Belə sahələrdən biri də rejissorluqdur. Nəinki Azərbaycanda, həmçinin dünyanın bir çox yerində qadın rejissorlara çox az rast gəlinir. Kino sahəsində olan bir çox şəxs bu məsələyə müxtəlif aspektlərdən yanaşır.

Mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşən rejissor Leylaxanım Qənbərovanın sözlərinə görə, kino sahəsində qadının bacarığına inanılmır: "Mənə görə, qadın rejissorların kişilərdən az olmasının səbəbi qadının cəmiyyətdəki rolu ilə bağlıdır. Cəmiyyət qadını idarəetmə kimi işlərdə görmür. Çünki rejissorluq olduqca çətin sahədir, çətin məsləkdir. O sahədə insan hərtərəfli olmağı bacarmalıdır, idarəetmə gücü və qabiliyyəti olmalıdır. Rejissorluq əsasən böyük pullarla görülən, məsuliyyətli bir işdir. Film çəkməyin məsuliyyətləri var, böyük qrupla, komanda ilə işlər görülür. Düşünürəm ki, bir qadının bütün bir komanda ilə bacarmağına və yaxud da onlarla əlaqə qura biləcəyinə inanılmır. Təbii ki, edə bilər, təbii ki, qadının yetərincə gücü var. Sadəcə qadının bu bacarığının olduğuna etibar edilmir və kino çəkməsi üçün böyük pullar əmanət edilmir. Fikrimcə, bir mühüm səbəb budur".

L.Qənbərovanın fikrincə, digər səbəb isə qadınların ümumən incəsənət sahəsi üzrə yaradıcı sayılmamasıdır: "Yəni belə düşünülür ki, qadınların yaradıcılığı kişilər qədər deyil, kişilərin yaradıcılıq potensialı daha artıqdır. Dünyada da belə düşünən bir çox fikir adamı var ki, Allah kişini ixtiralar, yaradıcılıq üçün yaradıb. Amma qadın isə daha çox kişiyə dəstək, ailəyə baxmaq, uşaq dünya gətirmək üçün mövcuddur. Bu da, təbii ki, yanlış bir yanaşmadır, ancaq çox təəssüf, bunu böyük düşüncə sahibləri belə şərh ediblər. Bu da "qadın rejissorluq kimi və buna bənzər işlərdə uğurlu ola bilməz" düşüncəsinə gətirib çıxarır. Mən özüm bu mövzuda yetərincə çətinlik çəkmişəm. İşlədiyim vaxtlar, hər hansı qurumda rəhbərliklə görüşdüyüm vaxtlar, maliyyə məsələləri danışılanda müşahidə etmişəm ki, sanki qarşılarında bir qadının oturması və onlara ciddi söhbət aparması arzuolunmaz hal kimi qəbul edilir. Amma bu gün Azərbaycanda bir çox qadın rejissor fəaliyyətdədir. Əslində həmişə olub, amma onlar biraz cəmiyyətdən kənarda qalıb, ailələrinə görə və digər səbəblərdən öz yaradıcılıqlarını ortaya qoya bilməyiblər. Amma indi yetərincə şans var deyə həmin qadınlar öz əhatələri, dostları ilə film ortaya çıxarırlar. Festivallarda, tədbirlərdə iştirak edirlər və görürsən ki, ətrafda nə qədər bu işə maraq göstərən qadınlar var. Bu o deməkdir ki, artıq qadınların bu işdə gələcəyi görünür. Düşünürəm ki, gələcəkdə artıq bu tablo da ortadan qalxacaq və yaradıcılıq təkcə kişilərin yox, həm də qadınların adı ilə bağlı olacaq".

Ssenarist və rejissor Səidə Haqverdiyeva bildirir ki, rejissorluq daha çox kişi sənəti olaraq qəbul edilib: "Mən hesab edirəm ki, daha çox incəsənətlə məşğul olan xanımlar üzdə görünməyi sevirlər, istəyirlər ki onlar tanınsınlar. Rejissorluq insanı arxa planda saxlayır. İstər film olsun, istər tamaşa, klip və ya hər hansı bir layihə olsun, hamısında rejissorlar arxa planda qalırlar. Mən hesab edirəm ki, qadınların bu sahəyə üz tutmamalarının səbəblərindən biri budur. Çünki ətrafımda olan qadınların çoxu deyir ki, biz çox əziyyət çəkirik, amma arxa planda qalırıq. İkinci səbəb olaraq isə sənətin ağır olmasını düşünürəm. Rejissorluq, doğrudan da, ağır sənətdir və məşəqqətlidir, uzun zaman çalışmaq lazım olur. Belə bir məsələ var ki, layihə uğurlu alınanda hər kəsin əməyi olur, amma uğursuz çıxanda konkret rejissorun üstünə düşürlər, daha çox rejissoru tənqid edirlər. Düşünürəm ki, çox xanım da rejissor olmağı bu baxımdan istəmir. Həmçinin bu sənət daha çox kişi sənəti olaraq qəbul edilir. Adətən filmə baxanda daha çox rejissorun kişi olmasını istəyirlər, qadınların çəkdiyi filmləri o qədər də qəbul etmirlər. Hətta bir aktyorumuz demişdi ki, rejissor işi kişi işidir. Ona görə də qadınların hər hansı bir tamaşaya və ya filmə rejissorluq etməsini qəbul etmək çətindir".

Kino tənqidçisi Sevda Sultanova bu sahədəki çətinliklər səbəbindən qadınların rejissorluqdan uzaq qaldıqlarını deyir: "Azərbaycanda qadın rejissorların sayının artması üçün birinci növbədə kino sənayesi formalaşmalıdır, intensiv şəkildə filmlər istehsal olunmalıdır. Müasir dövrdə, ümumiyyətlə, rejissorların öz yaradıcı potensialını realizə etmək üçün imkanlar elə də əlverişli deyil. Bu halda qadın rejissorlarının sayının az olması da normaldır. Kino sənayesi tam formalaşarsa, yəqin ki, qadın rejissorların da sayı artar. Yəni kino sahəsindəki mövcud çətinlik səbəbindən qadınlar bu sahəyə maraqlı deyillər. Hazırda fəaliyyət göstərən qadın rejissorlar daha çox sənədli filmlərə üstünlük verirlər. Əslində kişi rejissorlar də sənədli filmlərə meyillidirilər. Çünki sənədli filmlər daha asan başa gəlir. Azərbaycan kino tarixinə nəzər salsaq, sovet dönəmində belə, qadın müəlliflərin sayı az olub. Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə hesab olunur. 1930-cu illərdən kinoda fəaliyyət göstərib, amma onun filmoqrafiyasına baxsaq, özünün tam müəllifi olduğu tammetrajlı bədii filmi yoxdur. Məsələn "Dəcəl dəstə" adlı bir filmi var, onu rus rejissoru Popovla birgə işləyib. Bu mənada Gülbəniz Əzimzadə daha şanslı olub, onun filmoqrafiyası daha zəngindir. Leyli Səfərova da maraqlı rejissordur. Amma təəəsüf ki, çox film çəkməyib. Onun "Kölgədə 40 dərəcə isti" filmi kinomuzun maraqlı müəllif işlərindən biridir. Gənc nəsil arasında Səidə Haqverdiyeva, Leylaxanım Qənbərova, Türkan Hüseyn, Atanur Nəbiyeva və daha bir neçə nəfərin adını çəkmək olar. Əslində dünyada da qadın rejissorların sayı kişi rejissorlardan dəfələrlə azdır. Hazırda Qərb kinosunda, kinofestivallarda gender bərabərliyi, feminizm hərəkatlarının aktivliyi səbəbindən qadın rejissorları, istedad oldu-olmadı, önə çəkir, mükafatlar verirlər. Bu, təbii yox, süni seçimdir. Məsələn, Berlində, Kannda, Venesiyada əsas mükafatlar alan qadın müəlliflərinin çoxunun filmlərinin bədii keyfiyyəti aşağıdır. Sırf qadın olduqlarına görə onlar həmin mükafatlara layiq görülürlər".

Əks cinsin nümayəndələrinin bu mövzu ilə bağlı fikirlərini öyrənmək üçün üz tutduq rejissor Emin Əfəndiyevə. Onun fikrincə, qadınlarımız ailəcanlı olduqları üçün bu peşədən uzaqdırlar: "Rejissorluq çətin və vaxt aparan peşədir. Bizdə də vəziyyət elədir ki, qadın daha çox evə bağlı olur, kişi isə çöl işləri ilə məşğul olub evə pul gətirir. Qadınlarımızın ailəcanlı olması bu sənətlə uyğunlaşmır. Buna görə qadın rejissorlarımız azdır. Rejissorluq daha çox tərki-dünyalıqdır, özünə qapanmaqdır. Hətta fikirlərini toplamaq üçün bir müddət ailədən uzaqlaşa da bilərsən. Qısası, bu peşə qəliz peşədir və zamanı aparan peşədir. İşi bitirib evə gələndə belə beynin yenə işdə qalır. Buna görə qadınlarımız bu sahədə azdır".

Mental dəyərlərdən qaynaqlanaraq demək olar ki, bu gün bir çox Azərbaycan qadını el arasında "kişi peşəsi" sayılan işlərdən məhrum qalır. Amma bəlkə də, bu, onların zəifliyindən deyil, üstünlüklərindən irəli gəlir. Mental dəyərlərə önəm vermək, ailə faktorunu üstün tutmaq bizim qadınlarımızı digər xalqların qadınlarından fərqləndirən başlıca xüsusiyyətlərdir.

Ləman İLKİN

 





14.10.2024    çap et  çap et