Saint Benoit qapılarını festivallara açdı
Karaköyün Kəməraltı küçəsində aşağı-yuxarı şütüyən tramvayın uğultusundan, avtomobillərin susmayan siqnal səslərindən, qarmaqarışıq insan izdihamının ortasından özünü alıb atırsan mistik və sakit kilsənin ortasına. Əslində sərgi ziyarətinə getdiyim bu yerdə gördüyüm əsərlərdən daha çox məni məst edən kilsə binası və onun əsrarəngiz, hətta möhtəşəm sayılacaq memarlığı oldu. Sərgi qaldı bir yanda, qotik tərzində, işləməli pəncərələrinin, tavan qatındakı təsvirlərin sehrinə qapılıb getdim. Hələ tavanın hər tərəfinin üzümlərlə əhatələnməsi sözün əsl mənasında mükəmməldir. Bu işləmələr qədim, köhnədən də köhnə olan bu kilsəyə ciddi bir dinamika qatır. Divarlarda və tavanlarda əks edilmiş fresklər var. Bu əsərlər ikonoklazmdan əvvəlki dönəmə aid nadir örnəklərdən hesab edilir. Fresklərdə əzizlər, dini səhnələr, simvollar əks edilib.
Kilsədən məktəbə gedən keçid
Əslində bura keçmişdə monastır və kilsə idi. Təməlinin atılması Bizans dönəminə qədər gedib çıxır. Daha sonra XV əsrdə İtaliyadakı Monte Kasino benedikdinləri idarəsinə keçir, adını da bu xristian təriqətinə adını verən Əzizdən-Saint Benoitin adından alıb. XVII əsrdə Cizvit rahibləri tərəfindən ilk dəfə məktəbə çevrilir. Bina dəfələrlə yandı, dağıldı. Bir dönəm xəstəxana oldu, bir dönəm kimsəsizlər evi oldu. Bəzən yetimlərə qucaq açdı, bəzən kralları qarşıladı. Abidədə 1783-cü ildə bu günə qədər uzanacaq kolleci quran Cizvit rahibləri elə köklü təhsil sistemi və ənənəsi yaratdılar ki, çağlar dəyişdi, qaydalar yerində qaldı. Gündüzlər qaşlarını çataraq despot kimi gəzən rahiblər, axşamlar etüd saatlarında şagirdlərə yol göstərən oldular, ədəbiyyat, musiqi, rəsm, tarixində onlara ustalıq etdilər. Bu gün tibbə, mətbuata, diplomatik əlaqələrə yön verən adların bir çoxu burada yetişdilər. Çünki Saint Benoit fransız məktəblərinin ilki idi. Populyarlığı deyil, sadəliyi seçmişdi.
Eşq məktubları, açar dəliyindən izlənən qızlar...
Vaxtilə orta atriumdakı hündür divar, qız və oğlan şagirdlərini bir-birindən ayırırdı. Bu divarın üzərindən qarşı tərəfə sapandla nə məktublar atıldı, nə eşqlər doğdu burada. Kimiləri "suç üstü" yaxalandı, kimiləri pıçıldaşarkən tutuldu, cəzalandırılanlar oldu, özü də çox oldu. Aradan uzun illər keçdi, amma şagirdlərə bu cəzaları verən rahib müəllimlərin adları unudulmadı. Sonralar Saint Benoitin özünəməxsus sərt intizamı bir az yumşaldılsa da, hələ də bənzər qaydalar tətbiq edilir.
Savaşlar, xəstəliklər, yanğınlar...
Bura adi yer deyil, zəngin tarixə sahibdir. Osmanlının modernləşmə tarixinin rənglənməsində dərin izləri və təsiri var. Kürəyini tarixi Tophanəyə söykəyən bina əsrlərdir nələr görmədi ki? Pandemiya zamanında ağır xəstəliklərlə savaşdı, bomba səslərinin ortasında ayaqda qalmağa çalışdı. Müharibə dönəmində şəhərdə yayılan yoxsullaşmaya rəğmən qapılarını bir dəfə də olsun qapatmadı. Sağlıq xidməti göstərdi. Şəhərdəki hər fəlakətdən sonra küllərindən yenidən doğdu. Şöhrəti dünyaya yayıldı.
Sultan Süleymanın məscid etmək istədiyi kilsə
Bizans dönəmində Saint Benoitin bu gün yerləşdiyi yerdə böyük sarnıç vardı. Səmtin sahilində gəmi qətranlanırdı o illərdə. Böyük ehtimal "Karaköy" adı da burdan gəlir. O vaxt Sarnıcın yerinə XIV əsrdə Sainte Marie de la Misericorde Monastırı inşa edilir. Sütunlu girişi, gözətçi qülləsi olan bina 1427-ci ildə İtaliyadakı Monte Kasino benediktenlərin idarəsinə keçir. Yeri gəlmişkən, benediktənlər xristianların katolik məzhəbinə bağlı monastır təriqətidir. Adı Saint-Benoit olur. Əslində Sultan Süleyman Qanuni hakimiyyətdə olduğu dönəmdə buranı dağıdıb yerinə məscid tikmək istəyir. Ancaq sonra araya diplomatik əlaqələr girir və bina Fransa Kralı Fransiskin əmri, Sultan Süleymanın icazəsi ilə Fransız Elçiliyinin kilsəsi elan edilir. Aradan 40 il keçir. Bəyoğlundakı xristianların tələbi ilə yeni kral və XIII Papa Qriqori monastırı cizvit rahiblərinə verir. Onlar da burada məktəb açır. Sonra savaşlar və vəba xəstəliyi şəhəri bürüyür və təhsil sistemi dayanır. Bu vaxt elçi olduğu müddətdə rahiblərə dəstək verən Qontant Biron ölür və Saint Benoit kilsəsində dəfn edilir. Elçinin məzar daşı hələ də qorunmaqdadır. Daha sonra yanğın nəticəsində xarabaya çevrilən kilsə yenidən inşa edilir. O dövrdə sadəcə saray və məscidlərin dam örtükləri qurğuşunla örtülürdü. Eyni imtiyaz bu kilsəyə də verilir. Yardımsevər bir müfti təşkil etdiyi mərmər sütunları kilsənin girişinə yerləşdirilir. 1696-1731-ci ildə İstanbulda baş verən yanğınlardan bina yenə nəsibini alır və yenə yanıb kül olur. Fransa elçiliyi Villeneuvün dəstəyi ilə yenidən inşa edilir. Bu vaxt Macar müharibəsinin Tekirdağda ölən qəhrəmanı Prens Rakozi vəsiyyəti ilə Saint Benoitdə dəfn edilir.
Şagirdlərdən Abduləzizə serenada sürprizi
Sonralar Cizvitlərin yerinə Lazarist rahibləri gəlir. Lazaristlər 1625-ci ildə Parisdə Əziz Vinset de Paul tərəfindən qurulan təriqətin üzvlərdir. Bu günə gəlib çıxan məktəbin təməllərini onlar atır. Savaş bitir, xəstəliklər keçir. Ciddi təsir görsə də, bina yenə ayaqda qalır. Ardınca Avropadakı məktəblərin metod və idarəsinə uyğun olaraq yenidən tərtib edilir. Forma ənənəsi başlayır. Boz, yaxası və qolları açıq mavi geyimli şagirdləri artıq küçələrdə ayırd etmək mümkün olur. Sonra yenə yanğın olur və bina sıradan çıxır, arxasınca yenə ağır xəstəliklər yayılır. Məktəb 30 il hazırkı yerindən köçür, gah Yaşılköydə, gah Bəbəkdə fəaliyyət göstərməyə çalışır. 1843-cü ildə Fransa tərəfindən Kraliyət Kolleci elan edilir və ən parlaq günlərinə qədəm basır. Hətta bir qrup şagird saraya gedir və Sultan Abdulməcidə serenada oxuyur. Hadisə məktəbin tarixi yaddaşına həkk olur. Ardınca qızlar bölümü açılır. Sonra Qalatada yeni ərazi alınaraq şənlik salonu inşa edilir və məktəb 1867-ci ildə köhnə yerinə qayıdır.
Yıxılan divarlar
Qızlar bölümü açıldıqdan sonra oğlan şagirdlərin günü divarın arxasındakı qızlara məktub atmaqla keçir. Hətta oğlanlar bağçanı iki yerə bölən divarı dəmir qapısının dəliyindən qızları güdürdülər, vəziyyətdən narahat olan rahiblər qızları oğlanların dərs saatlarında tənəffüsə çıxarmağa başlayırlar. Yenə də sevgi macəralarına mane ola bilmirlər. Həmin divarlar 1987-ci ildə ləğv edilir.
Dünəndən bu günə...
Bu gün kilsə sənət ocağı olaraq istifadə edilir. Artıq üçüncü ildir, burada sərgilər təşkil edilir. Hazırda kilsə İstanbul Kültür Festivalı çərçivəsində qapılarını açıb və "Döngüdə olan" adlı sərgiyə ev sahibliyi edir. Sənətsevərlər kilsənin sehrli atmosferində Əhməd Rüstəm Ekici və Hakan Sorarın məkanın sərhədlərini aşan rəqəmsal təcrübəsini görə və məktəb ilə kilsənin tarixinə şahidlik edə bilərlər. Axış üçün süni intellekt ilə hazırlanan görüntülərdə külək gülü, seysmoqraf, tabut, teleskop, mələk qanadları, qübbə, yastıq kimi nəsnələr yer alır. İncilərlə, kristallarla bəzənmiş, qızılı ulduzlarla işlənmiş təmsillər, kilsə estetikasına xitab edir. "İndi və burada" adlı əsər varolanı, məkansal gerçəkliyin sərt sərhədlərini sorğulayır. Sərgi ilə birlikdə atelyelər, söhbətlər, film təqdimatları, konsertləri də izləmək mümkündür. İstanbulda bu günlərdə sənət festivalı yaşanır. Hər tərəf kültür, hər tərəf mədəniyyət sərgiləri ilə zəngindir.
Məkana girəndə sağda quş, solda vedrə rəsmi qarşılayır insanları. Ətrafda rəqəmsal texnologiya ilə döyünən ürək, insan orqanları, heyvan başı və müxtəlif fiqurlar canlandırılır. Bir-birini əvəzləyən rəng dəyişimləri insanı valeh edir. Tavan hərəkət edən göyüzü kimi dalğalanır. Bu da rəqəmsal texnologiya ilə ərsəyə gətirilmiş əsərdir. İnsan burada özünü xəyallar dünyasında hiss edir. Sərgi də, kilsə də görülməyə dəyər.