İqlim problemlərinin və onun bəşəriyyət üçün yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə hər il keçirilən qlobal əhəmiyyətli BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) növbəti müzakirə sessiyasına bu il Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq statusunun daha da yüksəlməsi ilə müşayiət olunur. Rəsmi Bakı həm dünya ictimaiyyətinə iqlim dəyişikliyi ilə bağlı həll yollarının tapılmasına yardım göstərməyə hazır olduğunu elan edir, həm də baş verməkdə olan enerji keçidi prosesini dəstəkləməklə yaşıl enerji sahəsində strateji tərəf statusunu qazanır.
Prezident İlham Əliyev bildirir ki, dünyanın iki yüzə yaxın ölkəsinin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir: "Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, COP29-un Azərbaycanın sədrliyi ilə noyabr ayında Bakıda keçirilməsi mühüm hadisədir. Bu fakt ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsinin qlobal səviyyədə qəbul edilməsinin də göstəricisidir. Planetin gələcəyi üçün əhəmiyyətli qlobal problemlərin müzakirəsi və həlli baxımından COP29-uz tarixə düşəcək.
Rektorun sözlərinə görə, ətraf mühitə atılan tullantıların miqdarının son dərəcə çox olması və ətraf mühitə dəyən zərərin təhlükəli həddə çatması, demək olar ki, hamı tərəfindən qəbul edilir: "Amma problemin hamı tərəfindən qəbul edilməsi onun həlli üçün kifayət deyil. Eləcə də hamı tərəfindən qəbul edilir ki, ətraf mühitlə bağlı mövcud problemlərin həlli böyük həcmdə investisiyalar tələb edir. Amma həqiqət həm də odur ki, ətraf mühit problemlərinin yalnız investisiya alətlərilə həlli mümkünsüzdür. Bu baxımdan bir sıra məsələlərə yeni baxış tələb olunur. Bakıda keçiriləcək COP29 ciddi müzakirələrlə, yeni yanaşmalarla zəngin olacaq".
UNEC-in rektoru bildirib ki, hər şeydən əvvəl, ətraf mühit problemlərinin həlli və yaşıl iqtisadiyyata keçid iqtisadiyyatda dövlətin rolunun azaldılmasını deyil, artırılmasını tələb edir: "Başqa sözlə, liberal dəyərlərə əsaslanan mövcud iqtisadi inkişaf modeli əvvəllər müşahidə olunmayan ciddi çağırışlarla üz-üzədir. Doğrudur, liberal iqtisadi inkişaf modelinin öz ömrünü başa vurduğunu da söyləmək hələlik tezdir. Amma alternativ yanaşmalara artıq ciddi zərurət görünür. Alternativ yanaşmada dövlətin rolunun artacağı daha çox gözləniləndir. Ona görə də qlobal iqtisadiyyatda rəqabətə də yeni baxışın formalaşması tələb olunur. Çünki qlobal iqtisadiyyatda rəqabətdə dövlət rolu daha da güclənəcək. Ona görə də qlobal iqtisadiyyatda güclü dövlətlərin daha da güclənməsinə və zəif dövlətlərin daha da zəifləməsinə yol verməmək üçün yeni şəraitdə dövlətlərin yaşıl iqtisadiyyatda və o cümlədən, "yaşıl rəqabət"də roluna dair çərçivəni, yeni vahid oyun qaydalarını müəyyən etmək üçün COP29 çərçivəsində Bakı bu müzakirələrə təşəbbüs və ev sahibliyi edə bilər.
İkincisi, yaşıl iqtisadiyyatı stimullaşdırmaq və yeni yaşıl iş yerləri yaratmaq üçün dövlətlər daha çox öz sərhədləri çərçivəsində dəstək verməyə çalışırlar. Problem ondadır ki, bir sıra hallarda beynəlxalq ticarət qaydaları belə milli dəstəyi, yumşaq desək, "alqışlamır". Həmin beynəlxalq ticarət qaydaları da liberal iqtisadi inkişaf modelinin məhsulu olduğu səbəbindən başqa cür də ola bilməz. Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) şamil etmək olar. Bu gün qlobal təşkilatların yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə tam cavab vermədiyi görünür və həmin təşkilatların transformasiya edilməsi və yaxud tamamilə yenilərinin yaradılması zəruri görünür. İstər transformasiya, istərsə də tamamilə yeni qlobal təşkilatların yaradılması inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkələrinin rolu artırıla bilər və COP29 çərçivəsində onların adından təşəbbüslər irəli sürülə bilər.
Üçüncüsü, yaşıl iqtisadiyyata keçid və bununla bağlı təklif edilən ətraf mühit siyasətinin iqtisadi artıma təsiri də müzakirə predmetidir. Ən azından ilkin dövrdə bu təsirin daha çox mənfi olacağını ehtimal etmək olar. Beləliklə, yaşıl iqtisadiyyata keçidin təmin edilməsi və nəticədə azalan iqtisadi artım arasında da çətin seçim edilməsi ciddi müzakirələr tələb edir. İqtisadi artım tempinin azaldılması nəticəsində inkişaf etməkdə olan ölkələrin üzləşdiyi ziyanın inkişaf etmiş ölkələr tərəfindən kompensasiya edilməsi məsələsi də müzakirə oluna bilər.
Dördüncüsü, əsas problemlərdən biri ətraf mühitə atıla bilən tullantıların maksimal həcminin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra planetin gələcəyi baxımdan "geriyə saymaq" başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf mühitə atılan tullantıların maksimal həcmi nə qədər olmalıdır sualına yeganə düzgün cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcək COP29-da tullantıların maksimal həcminin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Bakıda fəaliyyət göstərəcək və dünyanın tanınmış siyasət adamlarından ibarət Qlobal Komissiyanın və elm adamlarından ibarət Qlobal Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması məsələsi COP29-un gündəliyinə daxil edilə bilər.
Beşincisi, COP29 təhsilin yaşıllaşdırılması ilə bağlı qlobal təşəbbüs üçün də əla fürsətdir və bu baxımdan Yaşıl Təhsil Modelinin də müzakirəsi faydalı ola bilər".
Politoloq Zaur Məmmədov qeyd edib ki, COP29 siyasi mənada Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılması, həmçinin ölkəmizin iqtisadiyyatı, turizm potensialı üçün müstəsna əhəmiyyətə və rola malikdir: "Yaşıl iqtisadiyyat"a və alternativ enerji resurslarına keçid hazırda əksər dövlətlərin elan etdiyi və bəşəriyyət qarşısında duran ən əsas məqsədlərdən biridir. Bu səbəbdən də COP28-də ənənəvi enerji resurslarının payının dünyada tədricən azalması ilə bağlı müzakirələr aparıldı. Eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı ciddi məsələlər gündəmə gətirildi ki, bu da tədbirin necə böyük əhəmiyyətə malik olduğunu göstərdi. Birləşmiş Ərəb Əmirliklərində keçirilən tədbirdə hər hansı ortaq məxrəcə gəlinmədi və birgə bəyanat imzalanmadı. Ona görə də Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans var. Əlbəttə, COP29-da təxminən 80-100 min insanın Azərbaycana gələcəyi bu tədbirin önəmindən, mötəbərliyindən xəbər verir və dünyanın diqqətini ölkəmizə cəmləyəcək. Çox təəssüf ki, dünyada iqlim dəyişikliyi ilə bağlı müxtəlif mülahizələr irəli sürülsə də, COP kimi mühüm konfranslar keçirilsə də, hegemon ölkələr, əslində, bəşəriyyət qarşısında dayanan bu problemlərə bir çox hallarda biganə yanaşırlar. Mövcud problemlər güclü dövlətlərin apardığı siyasətdən qaynaqlanır. Ümid edirik ki, Bakıda keçiriləcək tədbirin nəticəsi olaraq hegemon dövlətlər məsələlərin digər ölkələrin də maraqlarına uyğun olması üçün əməli fəaliyyət həyata keçirəcəklər. Əgər belə olarsa, bəşəriyyət qarşısında dayanan problemlər müəyyən qədər həllini tapa bilər".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, COP 29 Birləşmiş Millətlər Təşkilatının daim diqqət mərkəzində saxladığı çox əhəmiyyətli beynəlxalq tədbirdir. Həmçinin COP29-un təşkil olunması biləvasitə iqlim dəyişikliklərinə təsir göstərən məsələlərin aradan qaldırılmasına və bəşəriyyəti narahat edən müəyyən hadisələrin gündəmə gətirilməsidir: "Əlbəttə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar Azərbaycanda yan keçməyib. Bütün ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliklərinin törətdikləri fəsadların acısını hiss edir. Su çatışmazlığı, Xəzərin səviyyəsinin aşağı düşməsi, yoluxucu xəstəliklərin artması bu gün Azərbaycan əhalisini də narahat edir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın göstəricisidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadla bərabər, həm də məsuliyyətdir. Azərbaycanda bir il ərzində COP29-un keçirilməsi ilə bağlı çox ciddi işlər görülüb. Prezident İlham Əliyev sözügedən tədbirin yüksək səviyyədə keçirilməsi üçün mütəmadi olaraq özünün tapşırıqlarını verir və görüşlər həyata keçirilir. 200-dən çox ölkənin COP29-a ev sahiblik etməsi üçün Azərbaycana səs verməsi ölkəmizdə baş tutan beynəlxalq tədbirlərin nümunəvi nəticəsindən irəli gəlir. Hesab edirəm ki, COP29 digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə baş tutacaq və Azərbaycana yeni müsbət dividentlər gətirəcək".
Sevinc QARAYEVA