Elxan Şahinoğlu, politoloq:
- ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq və dəhlizlərin işə düşməsini istəyir. Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır və o, Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir, çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qayıdışından da danışmayıb, mövcud reallıqla barışıb.
Nikol Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda "erməni mədəni irsinin qorunması", ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana ayı xidməti göstərirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlər nizamlanmağa başlanacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq. Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər.
Mehriban Vəzir, jurnalist:
- Sərçə bazarı nə deməkdi, bilirsiniz, dünyanın hər yerində var. Yəni uzağı 2-3 saat çəkəcək. Erkən başlayıb günortaya bitəcək. Kəndli öz məhsulunu gətirib ucuza satacaq...
Ki... Bakıda market mafiyası bu qədim ənənəni bitirdi.
Lakin regionlarda qalır. Bu yay Xudatda yalnız bazar günləri olan Sərçə bazarına getməli olurdum.
Bazarı dolaşmağı sevirəm. Dünyanın mühüm bazarlarından olan Qapalı Çarşı, Mısır Çarşısı, Təbriz, Tehran bazarları, Zənganın mis bazarı, Səmərqənd, Buxara, Almatı, Qahirə bazarlarını dolaşmışam... bazar möcüzədir, canlı tarixdir. Bu bazarlarda - bilinməyəni bilmirik - bilinən yaşı 500 olan dükanlar var... sanki dil açıb danışır.
Qayıdaq Xudatın hər bazar günü sübh başlayıb günortaya kimi bitən Sərçə bazarına...
Öncə onu deyim ki, əgər bir vilayətdə idarəetməni bir baxışda görmək istəyirsənsə, bazara get. Təkcə idarəetməni deyil, sosial vəziyyəti, ictimai münasibətləri də bazarda aydın şəkildə görmək olur. Məsələn, satıcıların məzlum görkəmi, ucdantutma dişsiz ağızlar, yer pulu verə bilməyən qadınlar, onların üstünə şığıyan yekəqarın kişilər... lal hekayələrdir...
Hər dəfə bu bazara gedəndə düşünürdüm, görəsən, bu qəsəbənin başçısı bu bazarın halını, bu tozu, bu pintiliyi, bu natəmizliyi... bu ayıbı görübmü?
Görübsə, dözübsə, dözürsə... çox pis. Demək, adam bu rəzalətlə razılaşır, çirkabla barış içindədir, bunu norma sayır.
Görməyibsə, daha pis. Demək, adam tutduğu vəzifənin, idarə etdiyi torpağın dəyərini bilmir, insanını saymır. Dövlət vəzifəsinin bir fürsət olduğunu, bu fürsəti necə dəyərləndirməyin bütün gələcək nəslin, oğul-uşağın üzərində hansı təsirləri buraxacağından xəbəri yoxdur. "Gün bu gündür" nəfsini "gün bu gün deyil, bu günün sabahı var" fəlsəfəsinə çevirə bilməyib. Demək, adamın "Xalqın cəzalandıra bilmədiyini Xaliq cəzalandırır" dünyasından xəbəri yoxdur.
Nə isə...
Xudatın Sərçə bazarını yaraşıqlı, təmiz, sahmanlı, muzey kimi bir bazar etmək üçün hər çür potensial var, məkan var, insan var, bazardan gələn gəlir var.
Daha nə lazımdır? Bir idarəetmənin daha nəyə ehtiyacı var ki, qəsəbənin bazarını abadlaşdırsın, yerə asfalt döşətdirsin, dəzgahlar düzdürsün, satıcılara önlük aldırsın?
Məncə, təməl ehtiyac mədəniyyətdir, görmüşlükdür, mədəni səviyyədir. Elə o üzdən də hər vilayətin idarəetmədəki mədəni səviyyəsini görmək üçün bazara gedin. Bir anda hər şey aydın olacaq.
Xudat bazarında qolçomaq kimi dolaşan şişman adamlar gördüm. İki qadını "yer pulu ver" deyə qısnamışdılar. Deyəsən, o qadınlar iki vedrə zoğalı ayaqüstü satıb qaçmaq istəyir, azacıq qazanca görə pul vermək istəmirdidilər.
Ayaq saxlayıb bu deyişməyə tamaşa edirdim... əzablı idi. Qadınlar məzlum bir təbəssümlə içlərinə qısılmışdı, adam kükrəyirdi...
Demək, bu bazarda hər həftə yer pulu yığılır, təbii olaraq. Bəs bu pulları kim udur? Bu pul niyə bu bazarın abadlaşdırılmasına xərclənmir?
Xudatın Sərçə bazarına hər bazar günü yerli, xarici Nabran istirahətçiləri, xüsusən yay aylarında minlərlə insan gəlir, bu bazarda hızlı bir alış-veriş var. Minlərlə insan toz-tozanağın içində, yarım-yamalaq dəzgahlarda, antisanitar bir şəraitdə... satır, alır...
Bu bazardan gələn gəliri yeyənlər isə bu mənzərənin rəzil mahiyyətini anlamırlar və bu rəzalətdən utanmırlar. Bu ayıbın ortada olmasından qəsəbə adına utanmırlar.
Görünür, idarəedən bu insanların bazar kültürü haqqında, "şəhərin qiymətini bazar" verər haqqında heç bir anlayışları yoxdur. Eləcə də, tutduqları vəzifə məsuliyyətləri, idarə etdikləri qəsəbə, o qəsəbənin əhalisi, gələni, gedəni... onların doymayan iştahları qarşısında xırda məsələdir.
Yoxsa, bu mənzərəyə necə dözmək olar?
Yolum Xudatın ənənəvi bazarına da düşdü bir dəfə. Bazarın ortası palçıq bataqlığı, kanalizasiya daşmış, üfunət bürümüşdü aləmi. Çamurun yaşıllaşmasından görünürdü ki, bu virus qaynağı dünənki məsələ deyil.
Bu idarəetmə sahiblərinin, bu dövlət məsuliyyəti olmayanların evlərinə, keçimlərinə, villalarına, arabalarına... tamaşa edin... düzdür, görmədim, amma hər halda təsəvvür etmək çətin deyil.
Bu ayrı-seçkilik nədir?
Dövlətə öz evi kimi baxmayan, vətəndaşı öz ailəsi kimi görməyən, başında durduğu qəsəbənin çirkabından utanmayan insanları haradan tapıb vəzifə verirlər... anlamaq olmur.
İstanbulda hər məhəllədə - Xudat qədər olan yüzlərlə məhəllədə həftənin bəlli bir günü bazar qurulur. Sərçə bazarı kimi. Səliqə, nizam, təmizlik mükəmməl!
Niyə öyrənə bilmirsiniz?
Öyrənmək, heç olmasa olduğundan daha yaxşı görünmək üçün öyrənmək bu qədərmi çətindir?
Səadət Məmmədova, jurnalist:
- Feysbuk istifadəçilərinin sayı bütün dünyada sürətlə azalmaqdadır. İnstaqram və Tik-Tokda isə əksinə, izləyicilərin sayı günbəgün artır.
2024-cü ilin məlumatına görə, Azərbaycanda feysbuk istifadəçiləri 1,6 milyon nəfərədək azalıb. Tik-Tok həvəskarlarının sayı isə çoxalaraq 6 milyonu keçib.
Mətbuat Şurasındakı konfransda həmkarım Hacıbəy Heydərli sosial mediadakı sürətlə dəyişən maraq dairəsi və tendensiyalardan yeni faktlar söylədi. Tik-Tok öz statistikasını tam açıqlamır, amma bəlli olan budur ki, bu platformanın istifadəçilərinin çoxu yaşı 18-dən aşağı olanlardır... Bu, təhlükəli tendensiyadır.
Digər tərəfdən teleməkanda tamaşaçılar ciddi kontentə baxmadığı üçün mən də daxil müəlliflər öz audivizual məhsullarını əsasən sosial şəbəkədə təbliğ edirlər, xüsusilə də feysbuk və yutubda. Amma statistika və gedişat göstərir ki, əyləncə, şou axtaran tamaşaçı buradan da qaçır, daha çox yüngül kontent tapacağı platformalara axın edir. Bu yaxınlarda yutubun Azərbaycan seqmentində ən çox baxılan videoların statistikası ilə rastlaşdım, ilk yerdə rəqs öyrədən kanal dururdu... Bir az pəjmürdə oldum... Sonra düşündüm ki, bəlkə mən səhvəm. Tik-Tokda harda gəldi qoy götürüb oynayan bibi mənim kimi neçə aya bir intellektual məhsul yaradan insanlardan daha rahat, daha populyar və daha xoşbəxtdir...
Dünyanın adamları niyə ciddi sözdən, ağıllı fikirdən qaçır! Niyə düşünməyə tənbəllik edir? Bütün həyat gülmək və əylənməkdən ibarət ola bilərmi? Bəlkə də ola bilər, mən dərk etmirəm...
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Artıq bir ildən çoxdur ki, Bakı şəhərində yeni parklanma qaydaları tətbiq edilir. Ötən ilədək davam edən parklanma xaosu haqqında, prosesin şəffaflığı haqqında, toplanan vəsaitdən istifadənin qeyri-müəyyənliyi ilə bağlı xeyli yazılar yazılmışdı.
Nəhayət hökumət ötən ildən yeni qaydalar tətbiq etdi. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğləri təsdiq edildi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri müvafiq parklanma zonalarına bölündü və nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası təsdiqləndi.
Görəsən, indi durum necədir ?
Görünən odur ki, bu sahədə vəziyyətin normallaşması üçün müəyyən addımlar atılıb, qeyd olunan şəhərlərdə zonalar üzrə ödənişli parklanma yerləri müəyyən edilib. Hətta deyərdim ki, zərurət olmayan yerlərə, xəstəxana və hospitalların qarşısında da ödənişli parklama yerləri müəyyən edilib.
Əlçatan ödəniş sistemləri, faydalı bir Azparking mobil tətbiqi də yaradılıb.
Maraqlıdır ki, 15 dəqiqə parklamanın pulsuz olduğu bildirilsə də, 15 dəqiqədən çox dayandıqda həmin 15 dəqiqə də ümumi parklama vaxtına daxil edilir.
Ədalət naminə demək lazımdır ki, yeni qaydalardan sonra şəhərin mərkəz hissəsində parklama yerinin tapılmasında vəziyyət müsbətə doğru dəyişib.
Lakin prosesin gedişi, yeni sistemin tətbiqinin nəticələri, aparılmış təhlillər, toplanmış vəsaitdən istifadə haqqında indiyədək AYNA heç bir hesabat verməmişdi
Ötən günlər diqqətimi cəlb etdi ki, AYNA-nın məsul şəxsi yeni qaydaların tətbiqindən sonrakı vəziyyət haqqında hesabat xarakterli müsahibə verib.
Müsahibəyə nəzər saldım.
Yuxarıda qeyd etdiyim məqamlardan başqa ötən illərdə qaldırılan və ictimai əhəmiyyət kəsb edən sualların bir çoxuna cavab tapa bilmədim.
İctimai maraq kəsb edən məqamlardan ən əsası odur ki, nə qədər parklama yeri müəyyən olunub, yeni qaydaların tətbiqindən sonra büdcəyə nə qədər ictimai vəsait daxil olub?
Adi bir hesablama ilə müəyyən etmək olar ki, parklanmadan AYNA hər ay bir neçə milyon manat vəsait əldə edir.
Qaydalara görə, bu sahədən daxil olan vəsaitlər birbaşa büdcəyə deyil, elə AYNA-nın hesabına daxil olur.
Agentlik həmin vəsaitdən həm parklama infrastrukturunun saxlanılması üçün, həm də sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi üçün istifadə edə bilər.
Maraqlı məqam həm də odur ki, Agentlik qaydalara görə daxil olan vəsaitin 30 faizədək hissəsindən öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün də istifadə edir.
Qaydalara görə AYNA daxil olan vəsaitlərlə bağlı hökumətə rüblük hesabatlar təqdim etməlidir. Təəssüf ki, Qaydalarda bu hesablatların dərc edilməsi, saytda yerləşdirilməsi nəzərdə tutulmayıb. Lakin bu informasiyalar ictimai əhəmiyyət kəsb etdiyindən mövcud normalara görə açıqlanmalıdır.
AYNA isə daxil olan vəsaitlərin hansı istiqamətlər üzrə necə istifadə edilməsi haqqında indiyədək açıqlama verməyib.
Ümid edirəm AYNA bu sitiqamətdə hesabatlılığı və şəffaflığı gücləndirəcək, ictimai nəzarət imkanlarını da artıracaq.
Fərid Pərdəşünas, texnobloger:
- Elon Mask az əvvəl daha bir tarix yazdı. "Starship"i göyə qaldıran ağır roket yerə enən zaman qüllədə qollar tərəfindən tutuldu.
33 raptor mühərriki ilə təchiz olunmuş planetin ən fantastik kosmik layihəsi "Starship"i havalandıran roket yuvasına qayıdır. Bu roket dönüş zamanı son anda 3 ədəd raptor mühərriki işə salıb park edir. Bu sırada qüllədə olan 2 robot qol onu saxlayır.
Mask əvvəl bu roketləri yerə də endirirdi. İndi onu göydə saxlamaqla daha çox qənaət edir və bu roketlər sonrada təkrar istifadə üçün yararlı olur.
Hələ də Maskı ələ salan, məzələnən beyinlər görəndə gülməyim gəlir. Adam gələcəyi inşa edir. Maşın park edə bilməyən adamlar roket park edən adama şoumen deyirlər. Mars çox uzaqda deyil.