525.Az

On beşinci görüş


 

ÖLKƏNİN ƏN UZUN ÖMÜRLÜ KİNO FESTİVALINDAN QISA QEYDLƏR

On beşinci görüş<b style="color:red"></b>

Bakı Beynəlxalq Film Festivalı ənənəsinə sadiq qalaraq bu payız da sənətsevərlərin görüşünə gəldi.

Azərbaycanın ən uzunömürlü kino festivalı bu il Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə təşkil olunan "Baku Cinema Breeze" çərçivəsində keçirildi. Artıq altı ildir ki, sözügedən layihənin əsas heyətində yer alıram. Bu da öz növbəsində mənə daha çox sənətsevərlə ünsiyyətdə olmağa və prosesləri daha yaxından izləməyə şərait yaradır. Ona görə də, sizinlə festival müddətində müşahidə etdiyim bəzi məqamları bölüşmək istəyirəm.

Əvvəla onu qeyd edim ki, bu il də izləyici sarıdan korluq çəkmədik. Təbii ki, bütün filmlərə bunu şamil edə bilmərəm. Elə nümayişlər oldu ki, beş-altı adamla keçdi. Ancaq ümumilikdə götürəndə kifayət qədər böyük maraqla qarşılanan, zalda oturmağa yer tapmadığımız filmlər də oldu.

Festivalda nümayiş olunan bütün filmlər haqqında yazmaq imkanım olmadığına görə, məni ən çox təsirləndirən filmlərdən biri "Bala" haqqında danışmaq istəyirəm. Sözügedən ekran işi ssenarist və prodüser Nərgiz Bağırzadənin ssenarisi əsasında rejissor İrina Bas tərəfindən lentə alınıb. Dram janrında çəkilmiş filmin baş rollarını Mariya Matsel və Viktoriya İsakova ifa edib. Film əsasən valideyn-övlad problemi üzərində qurulub. Əslində, ekran işinin mövzusu hamımıza məlum olan, haqqında qalaq-qalaq kitablar yazılan nəsillərarası ziddiyyətlərdir. Ancaq müəllif ənənəvi mövzuya fərqli aspektdən işıq tutmağı bacarıb. Daha çox insan hisslərinin ön planda olduğu ekran işi emosional səhnələrlə zəngindir.

Film qəhrəmanımız Daşanın məzun gecəsi ilə başlayır. Hadisələrin məhz buradan start götürməsi ekran işinin ideyası haqqında çox şey deyir. Tamaşaçı hələ ilk dəqiqələrdən anlayır ki, qəhrəman öz hekayəsini təzə səhifədən yazmağa hazırlaşır. Ancaq bunun asan olmayacağı da məlumdur. Daşa atası ilə yaşadığı əyaləti tərk edərək Sankt-Peterburqa üz tutur. Buraya gəliş səbəbi təhsilini davam etdirmək olsa da, bu, zahiri xarakter daşıyır və Daşa əsl səbəbin arxasınca düşür. Onu atan anasını tapır və hər şey də bundan sonra başlayır.

Müəllif insanın özünü tapmaq cəhdini övlad-valideyn münasibətlərinin fonunda təsvir edir.

Bu filmdə mənim ən çox diqqətimi çəkən məqam rus mentalitetinin görünməyən tərəflərinin təsviridir. Film boyu öz həyatını yaşamaq istəyən, analıq hisslərindən uzaq düşmüş bir qadın görürük. Bu obraz əvvəllər də bir çox əsərlərdən tanış olan laqeyd rus qadınını yada salır. Ancaq filmin məhz sonuncu səhnəsində fərqli bir mənzərə görürük. Sevgi qalib gəlir. Qadın analıq hisslərinə uduzur. Təbiətin məlum qanunu yerini alır. Bu filmi izlədikdən sonra bir daha əmin oluram ki, hansı millətə mənsub olmasından asılı olmayaraq insan insandır. Sənətin ən gözəl tərəfi də məhz bundadır: İnsanı insana danışır. Həm də bütün bəşəriyyətin anladığı bir dillə - sənətin dili ilə...

Bu tip tədbirlərin əsas istiqamətlərindən biri də yerli müəlliflərlə xarici həmkarlarının görüşlərinin təşkilidir. Ümumiyyətlə, sənət adamlarına yaradıcı müzakirələr üçün peşəkar ortam yaratmaq, onları bir araya gətirmək festivalların ən gözəl yönlərindəndir. Sözügedən ideyadan çıxış edərək hər il festival müddətində dünyanın müxtəlif ölkələrindən gələn kino adamları ilə yerli müəlliflərin görüşü keçirilir, master-klaslar təşkil olunur. Xüsusilə də, türk mütəxəssislərlə görüşlərdə daha çox sənət adamının iştirak etdiyini görürük. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Məsələn, bu səbəblər sırasında dil baryerinin olmaması, kültür yaxınlığı kimi məqamları qeyd edə bilərik.

Festival çərçivəsində prodüser Emil Nəcəfov və türkiyəli həmkarı Əmrah Kılıçın iştirakı ilə "Birgə film istehsalı" mövzusunda keçirilən müzakirə də kifayət qədər maraqla qarşılandı. Emil bəy çıxışında ortaq layihələrin tarixindən söz açdı. Prodüser həmçinin Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə mane olan problemlərə toxundu. Əmrah bəy isə həmin problemlərin həlli istiqamətində atılacaq addımlardan danışdı. Azərbaycanlı rejissor Hilal Baydarovun "Balıqlara xütbə" layihəsi üçün Türkiyədən dəstək aldığını vurğulayan prodüser belə nümunələrin olduğunu xatırladaraq rejissorlarımıza müraciət edə biləcəkləri qurumlar haqqında ətraflı məlumat verdi.

Düşünürəm ki, sözügedən tədbir rejissorlarımız və prodüserlərimiz üçün kifayət qədər faydalı oldu. Biz kinonun yalnız incəsənət tərəfini görürük, ancaq məlum məsələdir ki, kino sənayesinin tələbləri işin təməl strukturudur. Bu sahədəki problemləri həll etmədən möhtəşəm sənət əsəri gözləmək sadəlövhlük olardı...

Xüsusilə də, innovativliyin labüd olduğu bu dövrdə.

Bizim festival da hər dəfə yeniliklərlə sənətsevərlərin görüşünə gəlir. Həm də on beş ildir. Ənənəsinə sadiq qalan festival bu il ilk dəfə olaraq tammetrajlı filmlərin müsabiqəsini keçirdi. Beləcə, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının adındakı qısa sözü ilə vidalaşdıq.

Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində nümayiş olundu. Həmişəki kimi bu dəfə də filmlərə giriş sərbəst idi.

Ölkəmizin ən uzun ömürlü festivalında Kann, Venesiya, Berlin Film Festivallarında, OSKAR-da mükafat və uğur qazanmış filmlərin nümayiş olundu.

Və nəhayət, festivalın əsas mükafatı olan qızıl nar öz sahiblərini tapdı. Siyahı uzun olduğu üçün bütün qaliblərin adını sadalamağa lüzum bilmirəm, ancaq düşünürəm ki, yerli müsabiqədə qalib olan filmlərin adını mütləq qeyd etməliyəm.

"Ən yaxşı bədii film" nominasiyasında rejissor Rufat Rayın "Quyu" filmi,  "Ən yaxşı rejissor işi" nominasiyasında Azər Quliyevin "İkinci planetin qırmızı rəngi" filmi, "Ən yaxşı ssenari"də rejissor İlkin Umarovun "Şam bağı"  filmi qalib gəldi. Leylaxanım Qənbərlinin "Babamın evi" filmi ən yaxşı sənədli film, Ayşə Mirzəzadənin "Sükut" filmi isə ən yaxşı tələbə filmi seçildi.

Münsiflər heyətinin xüsusi mükafatı isə "Baba Haqqı" filminin rejissoru Nicat Qulama təqdim olundu.

Ümid edirəm ki, biz bu adları hardasa yenə eşidəcəyik. Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək işlərində uğurlar arzulayıram.  On altıncı görüşədək...

Aytac SAHƏD

 





15.10.2024    çap et  çap et