Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt–Astara–İranla dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işlərini yekunlaşdırılıb.
525.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 12 metrə qədər genişləndirilib.
Texnoloji ardıcıllığa uyğun yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların və küvetlərin tikintisi işləri yekunlaşıb.
Layihə üzrə yolun 221.3, 231.7, 234.8 və 243-cü km-lik hissələrində Pensərçay, Ərçivançay və Astaraçay üzərindəki mövcud körpülərdə əsaslı təmir işləri icra olunub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Ələt-Astara-İran magistral avtomobil yolunun sözügedən hissəsində aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.