Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Aİ danışıqlar qrupuna iqlimin mühafizəsi üzrə komissarı Vopke Hukstra başçılıq edəcək.
525.az "Report"-a istinadən xəbər verir ki, danışıqlarda əsas diqqət inkişaf etməkdə olan ölkələrə dəstək üçün yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbul edilməsi yolu ilə “yaşıl keçid”in illik minimum 100 milyard dollar səviyyəsindən başlayaraq maliyyələşdirilməsi məsələsinə yönəldiləcək.
Aİ həmçinin dünya ölkələrinin keçən il Dubayda keçirilən COP28-də qəbul edilmiş 2030-cu ilə qədər qalıq yanacaqdan imtina, bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması ilə bağlı tarixi qərarın - BƏƏ konsensusunun həyata keçirilməsini təmin etməyə çalışacaq.
"Aİ emissiyaların azaldılması, xüsusilə 2025-ci ildə COP30-dan əvvəl qəbul edilməli olan milli iqlim hədəflərinin və ya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin növbəti raundu üçün çərçivələrin müəyyən edilməsində ötənilki siyasi təkanı qoruyub saxlamağa çalışacaq.
Həmçinin emissiyaların azaldılmasına töhfə verməklə şəffaflığı və ekoloji bütövlüyü təmin etməli olan beynəlxalq karbon bazarlarının qaydalarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqları başa çatdırmaq istəyi də var. Aİ, həmçinin uyğunlaşma siyasəti və iqlim dəyişikliyinə qlobal dayanıqlığın artırılmasında irəliləyişi təmin etməyə davam edəcək”, - məlumatda qeyd olunub.