Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “BilBacar” müsabiqəsinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 525.az-a bildirilib ki, müsabiqə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edir.
Müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.
Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqların həyatda tətbiqetmə qabiliyyətlərinin artırılması hədəflənir. Onlayn qeydiyyat oktyabrın 15-dən etibarən bilbacar.edu.az saytının istifadəyə verilməsi ilə başlayacaq. Şagirdlər iştirak üçün sayt vasitəsilə və ya məktəb koordinatoruna müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, iştirak ödənişsizdir.
Müsabiqə 2024-cü ilin oktyabr ayında başlayacaq və iyun ayında başa çatacaq. Oktyabr-may ayları arasında hər ay bir dəfə onlayn sessiyalar keçiriləcək. Onlayn mərhələni hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq.
Müsabiqə çərçivəsində şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar nəticələrinə əsasən 7 liqadan birində qərarlaşacaq. Onlar “Hazırlıq” bölməsində “Yarış”a hazırlaşacaq , “Yarış” bölməsində isə yarışaraq bal qazana biləcəklər.
Saytın ana səhifəsində məktəb və şagirdlər üzrə sıralamanın mütəmadi yenilənməsi planlaşdırılır. İlk 100 məktəbin və hər sinif üzrə ilk 150 şagirdin adı reytinq sıralamasında təqdim olunacaq. Şagirdlər şəxsi kabinetə daxil olaraq məktəbdaxili sıralamanı izləyə və sosial şəbəkələrdə paylaşa biləcəklər.
Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər 1-ci yer, 6 nəfər 2-ci yer və 9 nəfər 3-cü yerin qalibi təyin olunacaq.
Sevinc Qarayeva