525.Az

Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri


 

Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri<b style="color:red"></b>

İlahə SƏFƏRZADƏ

 

Bəşər tarixi boyu poeziya təkcə ədəbi növ kimi deyil, həm də emosional, intellektual və sosial ünsiyyət vasitəsi kimi mövcud olub. İllərlə eyni şeirləri oxuyaraq eyni zövqü ala biliriksə, deməli, həqiqətən də sənətdə gözəllik anlayışı dəyişmir. Çünki şairlər öz fərdi hisslərindən irəli gələn duyğularla yazıb-yaratmaqdan daha çox xalqın ümumi sevgi, gözəllik, hicran, həsrət anlayışlarından yola çıxaraq, öz hisslərini fərqli insan emosiyaları ilə yoğuraraq vəhdət yarada bilirlər. Sevgi, ağrı, həsrət, ayrılıq, məhəbbət kimi duyğular şeirin obrazlı dili vasitəsilə şüurlarda mənəvi cəhətdən daha da yüksək pilləyə daşınır. Usta sənətkarların əlində qəlbin dili, duyğuların ən dərinliklərinə enən bir səfərdir. Kəlmələrə düzülmüş təsirli emosiyalar şeirin qəlbində əks-səda verir. Şeirlərini sevərək oxuduğum dəyərli şairimiz Dayandur Sevginin yaradıcılığı da məni məhz belə dərin emosiyalarla təsirləndirir.

Hicran dərya, vüsal bir damla ətir,

Görməyən həsrəti nə bilər, nədir.

Bütün yaddaşımı sətirbəsətir

Siləm gərək səni unutmaq üçün.

lll

Dəyişik düşübdür şirinim, acım,

Dünya balacadır, mən hara qaçım?

Yox ayrı bir yolum, özgə əlacım,

Öləm gərək səni unutmaq üçün.

Şairin "Səni unutmaq üçün" şeirindən gətirilən bu misralarda lirik qəhrəmanın öz sevgilisini unutmaq üçün çəkdiyi iztirab əks olunsa da, oxuyarkən mənəvi zövq yaşayır, haradasa başqa biri ilə öz dərdini bölüşürmüş kimi duyğulara qapılıram. İnsanlar cənnəti yaşamağı, cəhənnəmi isə seyr etməyi sevirlər. Bəlkə də, məhz bu şüuraltı hisslərimizlə bağlı səbəbdən irəli gəlir ki, ayrılıq, hicran, sevgi əzabının əks olunduğu şeirlər qəlbləri daha çox riqqətə gətirir, insanlara sevilməyin humanist mahiyyətini, bəşəri məzmununu poetik dilin vasitəsi ilə çatdırır.

Ritm, səs və təsvirlə zəngin olan şeirlər oxucuya dərindən təsir göstərərək onu sözlərin sehrinə düşməyə vadar edir, mücərrəd duyğu və düşüncələri konkretləşdirir, oxucunun xəyal gücünü, yaradıcı təxəyyülünü qidalandırır.

Üzü gülər günəşin,

Baxar yana səmadan.

Gecələr ay boylanar

Səmanın aynasından.

lll

Tala-tala naxışdı

Səmada ağ buludlar.

Səmanın göz yaşıdı

Yağan yağış, yağan qar.

Bədii xəyal və romantik vüsətə malik olan misralar oxucunun qəlbini ələ almağa, ürəklərə yol tapmağa qadirdir.

Şeir ictimai fəaliyyət, mübarizəyə ruhlandırmaq üçün də təsirli vasitədir. Şairlər həm də cəmiyyətdə gördüyü naqisliklərə etirazlarını, ictimai ideallarını, onları düşündürən məsələlərlə bağlı narahatlıqlarını poeziya ilə ifadə edirlər. Məhsətinin hələ uşaq ikən oxuduğum bu misraları beynimin bir kənarında özünə yer edib:

Dün kaşu-kuzəmi daşlara çaldım,

Sərxoşdum, bilmədim, əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən də

Sənin kimi idim, bu günə qaldım.

Dayandur Sevginin "Əl ağacı" adlı şeiri mənə həmin rübainin motivlərini xatırlatdı:

Qorxağın əlində darıxar, bezər,

Mərdlə hər ağrıya, acıya dözər,

Kişinin çiynində bayrağa bənzər,

Nakişi başında dar ağacıdı.

Bəndlərin birində lirik qəhrəman kuzəni əlindən salmaqla öz həyatı haqqında düşünürsə, burada isə əl ağacının məziyyətlərini sadalayaraq yenə də dolayısı ilə həyat, insan psixologiyası, duyğu və düşüncələr haqqında xəyala dalır, öz səmimi hisslərini ifadə edir.

Ümumiyyətlə, poeziya mədəni irs kimi çox mühüm əhəmiyyətə malikdir və düşüncələr, hisslər, həyat haqqında qənaətlər şeirlər vasitəsilə nəsildən-nəsilə ötürülür, genetik kod kimi formalaşır. Şeirlər həm də rəqəmlərin mənaları və konotasiyalarından istifadə edilərək bədii dillə yaradılır, nömrələr də müəyyən mövzular və duyğularla əlaqələndirilir. Rəqəmlərin quruluşu müəyyən ritm, qafiyə sxemi yaratmaqla oxucunun diqqətini cəlb edə bilir. Bu tip şeirlər qısa və yığcam olsa da, özündə düşündürücü mənalar ehtiva edir:

Sıfırdan başlanır, sıfırdan həyat,

Sıfırdan gedirik milyona doğru.

Zirvəyə yol gəzir, hamı zirvəyə,

Yüz minə can atır, bir ona doğru.

Dayandur Sevginin "Sıfır" adlı şeirindəki bu misralarda rəqəmlər qeyri-adi birləşmələr və mənalar yaratmaq üçün təxəyyülü stimullaşdırır. Müəllif nömrələrdən unikal üsullarla istifadə edərək innovativ məzmun yarada bilib.

Hər bir sənətkar kimi Dayandur Sevgin də özündən öncə yazıb-yaradan şəxsiyyətlərin ideya və düşüncələrinə istinad edib, onların bəşəri qayə və fikirlərinə yeni nəfəs gətirib. Bu baxımdan "Dünya" şeiri səciyyəvidir. "Bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya" - deyən Səməd Vurğunun misralarına qüvvət olaraq müəllif yazır:

Titrəməz əlləri, qırışmaz üzü,

Seçməz nə əyrini, seçməz nə düzü,

Hamını qocaldır, qocalmaz özü,

Adəmin, Həvvanın yaşıdı dünya.

Həmçinin klassik ədəbiyyat ədəbi ənənələrindən yaranan Allaha müraciətlə (minacat) yazılmış "Allaha sual" şeiri də maraqlıdır:

Nə var ki, salmağa mərdi kəməndə,

Ədalətin gözü yuxuludursa.

Allahın kölgəsi sayılan bəndə

Allahın özündən qorxuludursa,

Mən insandan qorxum, ya səndən, Allah?

Bildiyimiz kimi, hələ qədim dövr ədəbiyyatından üzü bəri tarixən Allaha müraciətlə müxtəlif məzmunlu şeirlər yazılıb. Bu əsərlər insanların şüurundakı Tanrı arxetipinin poeziyaya köçürülmüş halıdır. Zamanla fani insanların əbədi Tanrıdan gözlənti və arzularını özündə ehtiva edib inancları nəsildən-nəsilə ötürüb.

Dayandur Sevginin vətənə, torpağa sonsuz məhəbbət və bağlılığını ifadə edən bir çox şeiri var ki, bunlar da müəllifin qələmindən süzülüb gələrək yaddaşlarda daim yaşamaq haqqı qazanıb.

Arzu bulağımsan, ömür çırağım,

Dünyada ən böyük arxam-dayağım.

Göyündə ulduza dönməsəm də, mən,

Yerində bir ovuc torpağam, Vətən.

Burada müəllifin şeirlərindən sadəcə bir neçə nümunəni şərh etsəm də, ümumilikdə Dayandur Sevgin poeziyası diqqətçəkən və yaddaqalandır. Bu da müəllifin formanı uyğun seçməyi ilə bərabər, həm də şeirlərdəki məzmun gözəlliyindən irəli gəlir.

 





15.10.2024    çap et  çap et