ÜÇÜNCÜ SALAM
Aramızda neçə illərdən bəri haqq-salam olan bir dostumuz layiq olduğu çox yüksək bir dövlət vəzifəsinə təyin edilmişdi. Qulağıma çatırdı ki, vəzifə xeyirxah dostumuzun halını-xasiyyətini dəyisdirməyib; şəxsi xahişlərlə ona üz tutan, bir vaxt salamlarımı aldığı köhnə tanışların işlərinə yarımağa çalışır, imkanı daxilində onlara yardımçı olur.
Bir gün köhnə tanışlardan biri xəbər verdi ki, hansı bir məclisdəsə vəzifəli dostumuz ondan mənim hal-əhvalımı soruşub, mənə salam yollayıb. Əlbəttə, bu diqqətdən xeyli məmnun olub minnətdarlıq etdim.
Aradan bir müddət keçəndən sonra başqa bir tanış da vəzifəli dostumuzun növbəti salamını mənə çatdırdı. Neft Akademiyasının məzunu olan oğlum bu ikinci salamdan sonra:
- Ata, bəlkə onunla görüşüb xahiş edəsən, - dedi, - ixtisasıma uyğun işə düzəlməyim bircə telefon zənginə bənddir...
Razılıq vermədim. Xahiş etsəydim, yəqin ki, sözümü yerə salmazdı... Ancaq...
Bəlkə də mənə bir daha salam göndərməzdi...
MEYXANA USTASININ ƏZİZ GÜNÜNDƏ...
Füzuli yadigarı ustad Vahidin bir qəzəlindən beytdir:
Ürəyimdə o qədər sevgi varımdır Vətənə,
Necə ki, aşiq olur bülbül-şeyda çəmənə...
Vahid sözünün xiridarı olan meyxana ustası Ağasəlim Çildağın da ilhamını-təbini coşduran öz vətəninə, elinə olan sevgisi, məhəbəti idi.
Görkəmli alim, şeir-sənət dostu Arif Paşayevin qədirbilənliyi və xeyirxah himayədarlığı sayəsində bu gözəl meyxana ustasının anadan olmasının 70 illik yubleyi keçirilirdi. Dadlı-duzlu bədahətli söz aşiqlərinin bayramına çevrilən bu gözəl məclisin iştirakçıları arasında o illərdə xeyriyyəçi, öz halal-hümmət qazancından ehtiyacı olanlara əl tutub dayaq duran, mənim keçmiş sinif yoldaşım Məşədi Adıgözəl Fazil oğlu da var idi. Məşədi Adıgözəl, təbii ki, yubilyarı təbrikə əliboş getməmişdi, səxavətini beqədri-imkan əskik etməmişdi. Amma o yubiley məclisində Məşədi Adıgözəlin yubilyar haqda dediyi sözlər maddi hədiyyəsindən də dəyərli oldu.
Təbrik nitqi üçün söz ona veriləndə mikrofonu əlinə alan Məşədi Adıgözəl Fazil oğlu çıxışına belə başladı ki, bəs ötən əsrin 60-cı illəri, orta məktəbdə oxuduğum vaxtlar idi. O zamanlar indilərdəki kimi maqnitofon, kaset bolluğu yox idi. Ağasəlim Çıldağın da meyxanaları ağızdan-ağıza yayılaraq bizim Dəvəçiyə (indi Şabran) gəlib çıxmışdı. Bu gözəl söz ustasının xeyli meyxanasını dinləyə-dinləyə yaddaşıma köçürmüşdüm. Tənəffüslərdə eşitdiyim meyxanları əzbərdən deyər, sinif yoldaşlarımı feyziyab edərdim. Mənim meyxana deməyimi müəllimlərə də çatdırmışdılar. Bir gün ədəbiyyat müəllimi evə tapşırıq vermişdi, partiyanı tərənnüm edən bir şeir parçasını əzbərləməyi tapşırmışdı. Növbəti dərs zamanı məni də lövhənin qarşısına çağırdı. Evdə nə qədər çalışmışdımsa da, şeiri fərli-başlı əzbərləyə bilməmişdim. Bəhanə gətirdim ki, bəs nə qədər əzbərləməyə çalışıram, yadımda qalmır, neyləyim?! Müəllim cavabımdan narazı qalıb acıqlandı ki, yaddaşın zəifdirsə, səhərdən axşamacan dediyin o meyxanalar necə yadında qalır?
Yalvar-yaxar etdim ki, bir "üç" yazın, müəllimim daha da coşdu, yox, mən "iki" yazacağam, dedi, qoy o sözlərini əzbərlədiyin Ağasəlim sənə "beş" yazsın.
O vaxt müəllimimə deyə bilmədiyim sözlərdir ki, bəs Ağasəlimin meyxanaları ona görə yaddaşlarda qalır ki, ürəkdən gəlir və ürəkdən də ürəklərə həmişə yollar görünür.
Ağasəlim Çıldağın o təntənəli yubiley məclisində Məşədi Adıgözəl Fazil oğlu bu ustad meyxanaçı ilə bağlı bir xatirəsini də dilə gətirmişdi.
Üç-dörd həmyerlisi ilə qoşalaşıb bir parça çörək ardınca uzaq Sibirə yollandığı illərmiş. Birgə qaldıqları bir həmyerliləri beş-on günlüyə Bakıya gedib geri qayıdacaqmış. Ləziz milli xörəklərimzdən olan yarpaq dolması üçün tamarzılandıqlarından ondan xahiş edirlər ki, geri dönəndə özü ilə meynə yarpağı, göy-göyərti gətirsin, yarpaq dolması bişirsinlər, ağızları dada gəlsin... O həmyerliləri qayıdıb gələndə şövqlə xəbər verir ki, tapşırılanların əvəzinə elə bir şey gətirmişəm, min cür yeməkdən daha ləzzətlidir. Və səliqə-səhmanla, ehtiyatla büküb cibində saxladığı kaseti çıxarıb maqnitofona qoyur.
Ağasəlim Çıldağın meyxanaları səslənir. Huş-guşla ona qulaq asa-asa qəlbləri, ruhları dada gəlir...
XOF DAĞILDI
Dünyasını vaxtsız dəyişmiş Əlisəfər Əhədovu yaşadığı Şabranda (keçmiş Dəvəçidə) yaşlı da, cavan da yaxşı tanıyırdı. Yaxından tanımıyanlar isə, adını da olsa, eşitmişdilər. Yaşı elə çox olmasa da, uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmış Əlisəfər əmi bölgənin "köhnə kişi"lərindən sayılırdı. Və belə bir şərəfli adı qazanmaq hələm-hələm iş deyil...
Ötən əsrin səksəninci illərində rayona səs salmış bir müşavirə haqda indi də hərdən söhbət açılır: Rayona yeni təyin edilmiş rəhbər özünü "balaca padşah" kimi aparır, çox göylə gedirmiş. Rəhbərliyi altında keçən bütün istehsalat yığıncaq və müşavirələrində iştirak edənlərin hamısının əsəbləri yerindən oynayır, yerli-yersiz həyəcan, stress keçirirmişlər. Di gəl, nahaq tənqidinin, haqsız sözünün cavabını qaytarmağa ürək etmirmişlər. Bilirmişlər ki, qaytaracaqları cavab, deyəcəkləri söz ən azı tutduqları vəzifələrinin itirilməsi hesabına başa gələcək...
Belə bir istehsalat müşavirələrindən birindən sovxoz direktoru kimi Əlisəfər Əhədov da başçılıq etdiyi təsərrüfatın vəziyyətindən, görülən işlərdən söz açır. Sadaladığı rəqəmlər, təsərrüfatın göstəriciləri yaxşı imiş. Ona görə də direktor şəstlə, qürurlu danışırmış. Deyəsən, elə bu da hamını sancmağa vərdiş etmiş rayon rəhbərinin xoşuna gəlmir. Onun çıxışını yarımçıq kəsib acılamaq istəyəndə Əlisəfər Əhədov dözmür, üzünü katibə tutub:
- Yoldaş katib, - deyir, - sizin təkcə yerli-yersiz iradlarınız bizə mane olmur, elə özünüz də işimizə kömək etmək əvəzinə əngəl törədirsiniz...
Elə bil zalda bomba partlayır. Katibə yarınmaq istəyənlər narahat-nigaran yerlərində qurcalanıb rayon rəhbərinə bu qədər adamın içində belə sərt sözlər demiş Əlisəfər kişiyə qəzəblə baxırlar. Özünü itirmiş katib isə susur, dillənib danışmağa söz tapmır.
Və Əlisəfər Əhədovun katiblə bu "atışmasından" sonra tilsim sınır, xof çəkilir. Yerində oturdulan rayon rəhbəri özünü yığışdırır. Daha qarşısındakılarının mənliyinə, heysiyyətinə toxunmağa cəsarət eləmir. Həm də rayonda neçə-neçə vəzifə sahibinin də Əlisəfər kişinin cəsarətindən sonra qorxu-xofu dağılır.
Köhnə kişi Əlisəfər Əhədov öz əyilməzliyi ilə bir çoxuna o vaxt yaxşı dərs verir: cəsarət, qürur, haqq sözü üzə şax demək dərsi...