Hindistan polisi Uttar-Pradeş ştatının sakini olan 2 nəfəri axtarışa verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ər-arvad olan həmin şəxslər yüzlərlə insana qarşı dələduzluqda ittiham olunur.
Məsələ burasındadır ki, Radjiv Kumar Dubey və həyat yoldaşı Raşmi Kampur şəhərində "Revival World" adlı klinik mərkəzin sahibidir. Onlar pasientləri inandırıblar ki, İsrail istehsalı olan "zaman maşını" ilə onları cavanlaşdıracaqlar. Məsələn, müalicə kursu keçdikdən sonra 60 yaşlı insan bir müddət sonra 25 yaşında olduğu kimi görünəcək.
Yeri gəlmişkən, 1 seansın qiyməti 6 min rupi imiş. Cavanlaşmaq istəyənlər 10 seans keçməli imiş. 3 il ərzində tam cavanlaşmaq istəyənlər isə 90 min rupi ödəməliymişlər.
Dələduz ailənin əməlinin üstü Renu Sinqx adlı birinin sayəsində açılıb. O, polisə müraciət edərək 1 milyon rupi xərclənməsinə baxmayaraq, cavanlaşmadığını bildirib.
Polis dələduzları saxlaya bilməyib və axtarışa verib. Güman olunur ki, onlar istintaq başlayana kimi ölkəni tərk ediblər.
Qeyd edək ki, ilkin hesablamalara görə ər-arvad aldatdıqları insanlara 350 milyon rupi ziyan vurub. Bu, bizim pulla təxmini 71 min manatdır.
L.Tağıyeva