İtaliyanın Padova şəhəri yaxınlığındakı Abano Terme qəsəbəsindəki bir oteldə səhər saatlarında baş verən yanğında 45 nəfərin tüstüdən zəhərləndiyi açıqlanıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, Abano Termedə bir otelin ikinci mərtəbəsindəki texniki otaqda baş verən yanğın qısa müddətdə az qala bütün oteli əhatə edib.
Yanğınsöndürənlər yanğına müdaxilə edib və oteldə qalan 273 nəfər təxliyə edilib. Otelin 6-cı mərtəbəsində qalan üç uşaqlı ailə yanğınsöndürən maşınların nərdivanları ilə oteldən çıxarılıb.
Yanğın nəticəsində 45 nəfər tüstüdən zəhərlənib və xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Yanğında zərər görən otelin yararsız hala düşdüyü və hadisə ilə bağlı araşdırma aparılacağı bildirilib.
Malik Atilay