525.Az

Cinayət və cəza - Telman Orucov yazır


 

Cinayət və cəza - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Cinayətlər cəzanın da meydana gəlməsinə şərait yaradır

Qədim dövrlərin bəzi cəzasızlıq halları arxada qaldı, cəmiyyət inkişaf etdikcə cinayət yoxa çıxmadığı kimi, onun cəzalandırılması zərurəti də daha açıq şəkildə özünü göstərdi. Törədilmiş cinayətin cəzasız qalmasına artıq əsasən son qoyuldu.

Təkamül nəticəsində primitiv xarakter daşıyan cəza növləri qanunlar əsasında daha ədalətliləri və cinayətin özünə müvafiq olanları ilə əvəz edildi. Qisas almanı ifadə edən Talion qanunu meydana gəldi, bu, qədim dövrlərdə cəzanın tətbiq edilməsinin təməl hissəsi idi. Hazırda bu məfhum, cəzanın cinayət dərəcəsində olmasını və xətər toxundurana eyni formada cavab verilməsini ifadə edir. Bu qayda "gözə görə göz", "dişə görə diş" prinsipini özünün bir ədalət ölçüsü kimi əks etdirirdi. Bu, əslində səhraların konsepsiyası olmaqla, Talion qanununu daha aydın ifadə edir. Talion, başqa sözlə qisas, prinsipcə erkən Babilistan qanununda, hənçinin Bibliya və Qədim Romanın qanunlarında inkişaf etdirilməklə, cinayətkarın öz qurbanına vurduğu yaraya və xətərə dəqiq şəkildə uyğun olan cəzasında ifadə olunurdu. Erkən cəmiyyətlərin çoxu bu "gözə görə göz" prinsipini, onun hərfinə tam uyğun olaraq tətbiq edirdilər. Fələstində bədənə xətər toxundurmaq və onu yaralamaq da oğurluq tək pis əməl kimi qiymətləndirilirdi. Ona cəza verilməsi məsələsi ancaq dövlət tərəfindən həll olunmurdu, fərdin özünün ixtiyarına buraxılırdı.

Erkən Romada da dövlətin xətər toxundurana və toxunulmuşa münasibət göstərilməsinə elə bir əhəmiyyət verilmirdi. Talion və ya qisas başlıca ağrılı məmnuniyyət əldə etmək olmaqla, hətta xətər toxundurulmuş adamın istədiyi pulun verilməsi ilə də yoluna qoyulmurdu. Qisas nəticəsində hər iki tərəfi təmsil edənlər öz bədənlərinin eyni üzvlərinə artıq malik olmayacaqdılar. Fələstin müdrikləri isə belə bir qanunu işə saldılar ki, gözü itirməyə səbəb olan xətər toxundurulmuş tərəf, onu toxundurandan, bu vurulan ziyanın dəyərini tələb etməlidir. Bu, orada cinayətin bərabər ölçüdə  cəzalandırılmasının qadağan edilməsinə gətirib çıxardı. B.e.ə. V əsrdən Romada da qisas alma cərimə ilə əvəz olundu. Lakin hətta Orta əsrlər Almaniyasında, XVII və XVIII əsrlərdə isə Skandinaviyanın bəzi zonalarında qisas cəzası bərpa olunmuşdu.

Əgər Talion qanununa görə xətər toxundurulmuş adam öz düşmənindən eyni qaydada qisas alırdısa, dövlətin yaranması və inkişafı ilə cəza siyasəti də onun ixtiyarına keçdi. İngilis alimi Tomas Hobbsun (XVII əsr) nəhəng dəniz əjdahası kimi Leviafan adlandırdığı dövlət, cəmiyyətin sosial sistemini bütünlüklə idarə etdiyinə görə,  cinayətkarlığa qarşı mübarizəyə də nəzarət etməyi öz üzərinə götürmüşdü.

Cinayət və cəza sözü cinayətkarlığın cəzalandırılmasının, məhkəmə prosesinin və cinayət barədə başlıca ifadələri əhatə edir. Cinayətlər qəsdən törədilənlərə və qəsdən olmayanlara bölünür. Həm də cinayətlər ciddi olanlar və kiçik növlər kimi bir-birindən fərqlənir.

Ciddi cinayətlərə adam (uşaq) oğurluğu (kidnup) və kiminsə onun iradəsi əleyhinə götürülüb aparılması, yanğın törətməklə mülkiyyətə od vurmaq, adama hücum etmək, burada fiziki hücum nəzərdə tutulur, evi yarmaqla oğurluq cinayəti törətmək üçün qanunsuz olaraq tikintinin içərisinə girmək (İngiltərədə hətta mülkiyyət sayılan əraziyə girmək - trespass da cinayət sayılır), uşağın pis davranışı, narkotik vasitələrinin alveri - narkotiklərin qanunsuz idxalı, saxta şəkildə dustaq edilmə - şəxsi öz iradəsi əleyhinə və qanuni hakimiyyətin xəbəri olmadan dustaq etmək, aldatmaq - şəxsi və ya maliyyə faydası əldə etmək üçün aldatma, insan alveri - qanunsuz olaraq adamların qul əməyinə cəlb etmək, həm də seksual məqsədlər üçün başqa yerə aparılması, qətlə yetirmək - bu cinayət bir neçə növdə olur, bura həmçinin genosid - irqi və ya dini qrupların ardıcıl olaraq öldürülməsi də daxildir, mütəşəkkil cinayət - mütəşəkkil banda qrupları və ya təşkilat tərəfindən törədilən cinayət, qaçaqmalçılıq - əmtəələrin qanunsuz idxalı və ixracı, terrorizm - qanunsuz zorakılıq və ya siyasi məqsəd naminə qorxutma, hədələmə - bütün bunlar daha çox yayılmış cinayət növlərinə daxildir.

Kiçik cinayətlərə isə cib oğurluğu, mağazadan pulunu ödəmədən mal götürmək, yol qəzaları, vandalizm - tikintini qəsdən uçurma və ya ona xətər toxundurmaq şəklində baş verir.

Cinayətlərin növləri çox olduğu kimi, cəzaların da növləri müvafiq olaraq müxtəlifdir. Bunlara ölüm  cəzası, dustaq etmək barədə hökm verilməsi, ömürlük həbs, 10 illik və ya 6 aylıq həbs, hökmün təxirə salınması, mülkiyyətdən məhrum etmə, dustaq kimi xəstəxanada müalicə olunmaq üçün saxlamaq, cərimələr, ev dustağı etmək, sürücülük sənədindən istifadə hüququnu dayandırılması daxildir.

Məhkəmə hakimiyyəti, cinayətə həsr olunmuş qanunçuluq və kodekslər, cəza institutları, cinayət və cəza tarixinin bütöv hissələridir.

Cinayət və cəza nə vaxt start götürmüşdür? Hansı faktorlar adamları cinayət törətməyə sövq etmişdir? İlk anlarda cəza növü kimi qisas almaq, cinayətin əvəzini ödəmək qaydalarında və formalarında olmuşdu.

Bu dövrlərdə cəza cinayətlə müqayisə olunmurdu və cəzalar o qədər də sərt deyildi, bu, onunla nəticələnirdi ki, qurban, törədilən cinayətə görə yeni bir rola daxil olurdu, əsasən, öz qisasını hansı qaydada almaq yolunu axtarırdı. Bu, bəzən qarşı tərəflər arasında qan düşmənçiliyinə aparıb çıxarırdı, bunun bariz nümunəsi Şekspirin "Romeo və Cülyetta" pyesində Montekki və Kapuletti ailələrinin timsalında öz əksini tapmışdır. Qan qisasını almaq bəzən bir neçə nəsil boyu davam edirdi, bu, getdikcə daha ağır və geniş cinayətlərə yol açırdı. Qisas alma tədbirindən Siciliyadakı mafioz qruplar, "Koza Nostra" faydalanırdı. Onlar və ya Yaponiyadakı "Yakudza" təkcə qurbanları üçün deyil, öz üzvləri üçün də qəddar cəzalar tətbiq edirdi, satqınlıq və bəzən hətta kiçik xətalara görə mafiya təşkilatının üzvləri sərt qaydada cəzalandırıldılar. "Yakudza" üzvlərinin öz xətasını yaddan çıxarmaması üçün, cəza kimi onların əl barmaqları kəsilirdi. Bəzi üzvlərin əlində bir neçə barmağın yalnız kötüyü qalırdı.

Siciliyada isə mafiya qrupunun üzvü satqınlıq etdikdə, onun nəslinin davamlılığının az qala bütünlüklə kəsilməsinə nail olunurdu.

Fransada və İtaliyada qan düşmənçiliyi vaxtilə geniş miqyas aldığından, onu fərqləndirən "vendetta" məfhumu da meydana gəlmişdi. Fransız yazıçısı Gi de Mopassan bir hekayəsində vendetta naminə qoca qadının bu dəhşəti davam etdirməyə necə hazırlaşdığı təsvir edilir.

Ümumiyyətlə, qan qisası, qan düşmənçiliyi zorakılığa əsaslanmaqla, dövlətlərin yaranmasından əvvəlki dövrə məxsus olmaqla, qəbilə, tayfa icmalarının aralarında baş verən mübahisələri həll etməyin əsas vasitəsi idi. İbtidai insanlar sonralar yaranan doplomatiyanın nə olduğunu bilmədiklərindən, ziddiyyətlərin yoluna qoyulmasını yalnız qan axıtmaqda görürdülər. Ona görə də qan qisası arxaik xarakter daşıyır. Lakin adamların ağlında problemlər yarandıqda, bu vasitə müharibələr şəklində, fərdi qətl törətmək formasında yenidən işə düşür. Müasir insan ən ağır cinayətin hansısa bir növünə yol verdikdə, daha çox ibtidai əcdadını xatırladır.

XVIII əsrdən başlayaraq Avropa ölkələrində qəbul olunan yeni qanunlar cəzanın törədilmiş cinayətə uyğun olması qaydasını meydana gətirdi. Belə qanunların mövcud olmasına baxmayaraq, bu prinsip çox vaxt praktikada özünü doğrultmurdu. Qədim dövrlərdə də cəmiyyətdəki problemləri nəzərə alaraq, həmçinin qəbul edilən hüquqi sənədlər cinayət hadisələrinin azaldılmasına cəhd göstərirdi.

B.e.ə. XVIII əsrdə Köhnə Babilistanda meydana gələn Hammurabi Kodeksi bu sahədə ilk uğurlu nümunə sayıla bilər. Kodeks ilk dəfə cinayətlə cəzanın müvafiqliyi qaydasının həyata keçirilməsinə yol açmışdı. Hammurabinin şəxsi təşəbbüsü ilə işıq üzü görən bu Kodeks müxtəlif cinayətləri əhatə edirdi, ailə müqaviləsindən tutmuş, başlıca cinayətlərə qədər gedib çıxırdı. İlk nümunə bu idi ki, "təqsir sübut olunana qədər ittiham edilən günahsız hesab olunurdu". Dörd min ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu qayda bizim dövrümüzdə də davam edir və elmi hüquq dilində "təqsirsizlik prezumpsiyası" adlanır. Müasir cinayət mühakiməsi praktikasına da Kodeks öz təsirini göstərmişdir. Hammurabi Kodeksinə uyğun olaraq verilən cəza, əsasən cinayət dövrünün sosial vəziyyətinə və cinayətin baş verdiyi şəraitə əsaslanırdı.

Misal üçün, varlı adam oğurluqda təqsirli bilindikdə, ona qulun oğurluqda təqsirli olduğu hala nisbətən daha ağır cərimə qoyulurdu. Varlı adamı qətlə yetirən, qulu öldürmək üçün tətbiq olunandan daha sərt cəzaya məhkum edilirdi.

Qisas almaq üçün yəhudilərdən qəbul edilmiş "gözə görə göz" prinsipi tətbiq olunurdu. Əgər adam öz kolleqasının ayağını sındırmışdısa, onun öz ayağı da sındırılmalı idi. Bu, heç şübhəsiz, gözə və ya dişə görə başı kəsməkdən daha yumşaq cəza idi. Cəzalar qisas kimi, bədənə xətər toxundurmaqdan başlayaraq, zorakı ölümə qədər olan ölçülərdə nəzərdə tutulurdu. Cinayətkar çox cinayət törətsə, cəza cavabı kimi onun gözü tökülür, dili və qulağı kəsilirdi və ya iki qolu bədənindən ayrılırdı.

Kodeks cəmiyyətə baş ağrısı gətirən problemlərə nəinki göz yumur, əksinə, onun bütünlüklə aradan qaldırılmasına çalışırdı. Şəhər bazarında alıcı ilə satıcının qiymət üstündə mübahisəsi, nəticədə savaşla yekunlaşırdı. Bazar, ictimai asayişin daha tez-tez pozulduğu məkana çevrilmişdi. Kodeks bu vəziyyəti aradan qaldırmaq üçün "beware bayer" - "alıcıdan ehtiyat elə" prinsipini maddə kimi təsbit etmişdi. Alıcıya məsləhət görülürdü ki, satıcı ilə qiymət üstündə mübahisə etməsin, axı o, öz əməyinin bəhrəsini bazara çıxarmışdır ki, əvəzində müəyyən qazanc əldə etsin. Qiymət alıcını razı salmırsa, ondan həmin əmtəəni almasın, başqa satıcı ilə daha əlverişli alver etmək imkanını da nəzərdən qaçırmasın.

Sovet dövründə bütün əsas ticarət dövlətin inhisarında olduğundan, əhalidə narazılıq yaratmamaq üçün "müştəri hər şeydə haqlıdır" prinsipi hökm sürürdü. Kodeks isə bu hüququ əksinə, satıcıya verirdi. Çünki satıcı öz malının yiyəsi idi, onu hansı qiymətə satmasını özü müəyyən edirdi, ona hansısa bir təzyiq göstərilə bilməzdi.

Kodeksin irəli sürdüyü bu qayda, təəccüblü qaydada, bazardakı mübahisə və savaşları bütünlüklə aradan qaldırdı. Kodeks bununla göstərdi ki, o, təkcə uğurlu hüquqi sənəd olmayıb, həm də cəmiyyətin ümdə məsələlərinə müdaxilə etmək qabiliyyətinə malikdir.

Cəzanın obyektiv və ədalətli olması məsələsinin müzakirəsində qədim filosoflar heç də kənarda qalmırdılar, ağıllı məsləhətlər verməyə çalışırdılar. Qədim yunan filosofları Platon və Aristotel cinayət hüququ sistemində mühüm yollar açmağa çalışırdılar, cinayət və cəzanın cəmiyyət üçün necə böyük problem olduğunu, həm də mühüm əhəmiyyət daşıdığını qeyd edirdilər. Hər iki filosof fərdin cinayət törətməsi səbəblərini də tədqiq etməyə çalışırdı.

Platon qeyd edirdi ki, adamların cinayət törətməsinin başlıca səbəbi onların savadsız və kasıb olmasıdır.  Aristotel isə deyirdi ki, cinayətə görə cəzalar və məsuliyyət daşımaq, başqaları tərəfindən cinayət törədilməsinin qarşısını almaq üçün mühüm imkan tək istifadə edilməlidir.

Böyük din xadimləri də bu məsələlərin araşdırılmasında kənarda qalmırdılar. Şərqdən fərqli olaraq, Avropada adamlar mühakimədən qorxmurdular və məhkəmədə öz haqlarını cəsarətlə müdafiə edirdilər. Şərq xalqlarında isə mühakiməyə dözmürdülər, məhkəmə prosesi əvəzinə hətta hadisə araşdırılmadan öz ölümlərinə də hazır olurdular.

Görkəmli din xadimi, Müqəddəs Akvinas güman edirdi ki, Allah tərəfindən verilmiş "təbii qanun" mövcuddur. İnsanlar təbiət tərəfindən məhz yaxşı olmaq üçün dünyaya gəlmişlər.

(Ard; var)

 





30.10.2024    çap et  çap et