"Borussiya"nın (Dortmund) baş direktoru Lars Rikken komandanın baş məşqçisi Nuri Şahinin gələcəyi haqda danışıb.
QOL.az xəbər verir ki, Dortmund təmsilçisi bu mövsüm Bundesliqada son 10 ilin ən pis nəticələrini göstərib. Həmçinin komanda Almaniya kubokunun 2-ci turunda "Volfsburq"a uduzaraq turnirdə mübarizəni dayandırıb. Bu nəticələr türk mütəxəssis Nuri Şahinin tənqid edilməsinə səbəb olub.
Lars Rikken isə açıqlamasında N.Şahinin istefaya göndərilməsinin müzakirə olunmadığını deyib: "Sadəcə keyiyyətimizi meydanda necə ortaya qoya biləcəyimizi, hansı yollarla qələbələr qazana biləcəyimizi müzakirə edirik. Başqa heç nə yoxdur. Matçlardan sonra Nurini fikirli, amma yenə də köklənmiş, əlaqə yarada bilən bir insan kimi görürəm. Onun komanda ilə münasibəti sağlamdır. Oyunlardan əvvəl və sonra komanda ilə çox yaxşı hazırlaşır. Nuri Şahin diqqətli və analitikdir".
L.Rikken bunu da vurğulayıb ki, qarşılarına Çempionlar Liqasının növbəti mövsümünə vəsiqə qazanmağı hədəf qoyublar: "Borussiya"nın hər bir baş məşqçisi bilirdi ki, bizim ümumi kriteriyamız Çempionlar Liqaasına qatılmaqdır. İndi bu hədəfimizdən 2 xal geridəyik. Ona görə də ssenarilərlə yox, həll yolları ilə məşğul oluruq".
Qeyd edək ki, "Borussiya" hazırda Bundesliqanın turnir cədvəlində 13 xalla 7-cidir.