525.Az

Elnur Eldaroğludan poetik nümunələr


 

Elnur Eldaroğludan <b style="color:red"> poetik nümunələr</b>

Elnur Eldaroğlu

 

Qalxacaq duman yerdən

Gözümü yuman yerdən

Yar məni incitsə də,

Küsmərəm uman yerdən.

 

Saçlarımı oxşama,

Heç vaxt mənə oxşama

Qoy nazını hey çəkim

Sübh-səhərdən axşama.

 

Qəmzələrin yorsa da,

Daş qəlbimi yarsa da,

Vaz keçə bilmirəm ki,

Məhəbbət kor olsa da.

 

Nə yaman yağır yağış,

Üzündə çəkir naxış,

Titrəsə qara bulud,

Şırhaşır edər qarğış.

 

***

Gecə saat üç olub,

                         bu yenə onlayndı,

Ulduzlar mənə deyir;

                         bu qız sənin tayındı.

Əsnədi duyğularım, barmaqlarım yayındı,

Ona yazacaqlarım, çıxdı yadımdan nəsə.

Qulaq asa bilmirəm

Nə gecə sükutuna,

                               Nə içimdəki səsə.

 

Səhər tez görüşəcəyik, niyə qalmışıq oyaq?

Yarımaçıq gözləri şirin-şirin, biz ovaq,

Yazdığımız mesaja nə qədər ürək qoyaq...

Bapbalaca ürəklər çıxırmış əsə-əsə

Sən demə ürəklərdə

Körpə ürək doğulur,

                                Bəyəndirir kiməsə!

 

Vaxt uçub, beşə qalır,

                           çox gecdir yatmaq üçün,

Özünü zülmə salıb sübhdən oyatmaq üçün.

Ruhunda nəşə qalır,

                            Dərd-səri atmaq üçün.

Qoxunun rəngin çəkir beynimdəki lamisə

Hormonlar öz rəqsində

Nələr baş verir bizdə

                             Necə dönür hadisə?

Görüşüb əhvallaşdıq

                              Ucundan-bucağından,

Hər şeydən danışmışıq

                              Uzaq yer qulağından.        

Baxışlara güc düşür ağır göz qapağından

Sarılan xəyallarla niyə gedirik kəsə?

Gəl, dərin qucaqlaşaq

Vayfaydan uzaqlaşaq

Saf cücərən sevgini Xaliq bilir, xalq bilməsə.

***

Üzü qaralan dəniz,

Ağ buluddan inciyir.

Ölümü sonsuz görən

Ta mövluddan inciyir.

 

Dünyanı fəth edənlər,

Eh, süqutdan inciyir.

Həqiqət özü bəzən,

Bu sübutdan inciyir.

 

Dərd verən öz kefində,

Dərd ovudan inciyir.

Unudulan bir ömür,

Heç unudan inciyir?

 

Həddin aşan arzular,

Son hüduddan inciyir.

Cisminə sərhəd qoyan

Ruh, vücuddan inciyir.

 





24.04.2025    çap et  çap et