525.Az

Cəbrayılın didərgin düşmüş tarixi eksponatlarının taleyi - Fotolar


 

Cəbrayılın didərgin düşmüş tarixi eksponatlarının taleyi - <b style="color:red">Fotolar</b>

23 avqust Cəbrayılın erməni təcavüzünə məruz qaldığı gündü. Odur ki, “Bir əşyanın tarixçəsi” layihəsinin bu sayını Cəbrayıl rayonu Tarix-Diyarşünaslıq Muzeyinə həsr etmək qərarına gəldik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin binasında Cəbrayıldan əhalisi kimi didərgin düşmüş eksponatlar da yerləşdirilib. Onları muzeyin direktoru Tarıyel Abbaslı güllə yağışının altından çətinliklə çıxararaq min-bir əziyyətlə Bakıya gətirə bilib. Müsahibimizlə söhbətdən əvvəl Cəbrayıl haqqında ümumi məlumatları xatırlatmaq istərdim:

Cəbrayıl rayonunun yaranması haqqında 8 avqust 1930-cu ildə qərar verilib. 4 yanvar 1963-cü ildə qərar ləğv edilərək rayonun ərazisi Füzuli rayonuna əlavə edilib. 17 iyun 1964-cü ildə isə yenidən öz statusunu qazanıb. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.

Verilən məlumata görə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.

Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları,  dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənib.

Muzeyin ilk direktoru Şəhriyar Paşa oğlu Quliyevin ilyarım bu vəzifədə çalışıb. 1981-1988-ci illərdə muzeyin direktoru vəzifəsində Fazil Quliyev, 1982-ci ildən etibarən muzeydə kiçik elmi  işçi kimi fəaliyyət göstərən  Tariyel Abbaslı isə 1988-ci ildən sonra  muzeyin direktoru vəzifəsini icra edir.

Evini qoyub, muzeyin eksponatlarını çıxardan Tariel Abbaslı ilə Muzey Mərkəzinin onlar üçün ayrılmış otağında görüşdüm. Muzeyin əməkdaşları da otaqda idi. Cəbrayıllı şair İsmayıl İmanzadə qonaqları idi. O həm də Yazıçılar Birliyinin Mingəçevir şəhər şöbəsinin sədridir. Olduqca mehriban, istiqanlı insanlardılar. Müsahibəyə başlamazdan əvvəl, adama bir çay süzüb ordan-burdan danışdılar. Xoş zarafatları könül oxşadı. Tariyel müəlimlə söhbətə elə muzeydən başladıq:

- 1980-ci ilin fevral ayında Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev rayonlarda Tarix Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında sərəncam vermişdi. Cəbrayıl Rayon Partiya Komitəsinin təşəbbüsü ilə rayonun “Sağ sahil” küçəsində yerləşən orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verildi və qısa müddət ərzində təmir edildi. Beləliklə, 1980-ci il dekabr ayının 8-də Cəbrayıl rayon Tarix- Diyarşünaslıq Muzeyinin açılışı oldu. Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları,  dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənirdi. Eksponatların toplanmasında rayon ziyalılarının, məktəb direktorlarının, məktəblilərin, yerli əhalinin böyük rolu var idi. O vaxtlar dil-ədəbiyyat müəllimi işləyirdim. 1982-ci ildə muzeyə kiçik elmi işçi kimi gəldim və 1987-ci ildə muzeyin direktoru təyin edildim. Cəbrayıl işğal olunana qədər muzeydə on doqquz minə qədər eksponat qorunub saxlanırdı. Onların hamısı bir-birindən dəyərli idi. Muzey elə məkandır ki, on min manatlıq gümüş kəmərlə kiçik bir sənədin qiymətinə fərq yoxdu. Yüzə qədər gümüş kəmərlər, xəncərlər, yüz iyirmiyə yaxın qədim xalçalar, palazlar, xucunlar, heybələr, duz torbaları, asmalıqlar var idi. On beşə qədər portret əsərləri qorunurdu ki, onları da cəbrayıllı rəssamlar çəkmişdilər. Otuzuncu illərdə Cəbrayılda dərc olunan “Xudafərin”qəzetinin bütün nüsxələri saxlanılırdı. Həmin qəzet əvvəllər “Lenin bayrağı,” “Kolxozçu” adları ilə də çap olunub. O qəzetlərin bəlkə də dövlət arxivində də nüsxəsi yoxdu. Amma onlar bizim muzeydə qorunur.

Tariel müəllimdən xahiş elədim rayonun işğalından bir qədər əvvəl baş vermiş hadisələri xatırlamağa çalışsın. Təbii ki, bu davanın səbəbini axtarmaq üçün tarixi bir xeyli geri səhifələməliyik. Amma çox uzağa getmədən, yaxın keçmişdə nə baş verdiyini bilməyimiz yaxşı olardı: 

- 1987-ci ildə bizə xəbər verdilər ki, bir dəstə erməni Cəbrayılda qədim yaşayış məntəqələrini, qədim qəbristanlıqları gəzib qızıl axtarırlar. Məndən qabaq muzeyin direktoru olmuş Fazil müəllimlə ermənilərin getdikləri yerlərə baş çəkdik. Sonradan anladıq ki, bunlar heç də qızıl axtarmırlarmış. Ermənilərə məxsus olan yazılı, tarixi abidələri bizim qədim yaşayış yerlərinə  basdırıblarmış ki, sabah bu yerlərin ermənilərin qədim yaşayış yeri olduğunu iddia edə bilsinlər.

Muzey direktorunun dediyinə görə, on doqquz min eksponatdan on yeddi minini çıxarda bilib. Bir muzeyi köçürtmək, əlbəttə əsl qəhrəmanlıqdı. 

- Hələ internat məktəbində olanda muzeyin ən dəyərli eksponatlarını Mahmudlu kəndində qohumların, bir qismini Mərcanlıda İsmayıl müəllimin evinə yığdım. Əşyaların muzeydən maşına daşınmasında muzey əməkdaşlarının da zəhməti əvəzsizdi. Amma düzü, eksponataları rayondan çıxarmaq ağlıma da gəlməzdi. Çünki elə bilirdik ki, hamısını qaytarıb yerinə qoyacağıq. Sonra gördük, vəziyyət yaxşı deyil, eksponatların bir qismini Beyləqana gətirdik. İki mindən artıq eksponatı isə iri olduqlarına görə çıxartmağa imkanım olmadı. Onların arasında üstü yazılı məzar daşları, iri samovarlar, ornamental naxışları olan daş abidələr, müxtəlif kənd təsərrüfatı alətləri var idi.

Əlbəttə, asan deyil. Camaat ailəsini, evini, mal-qarasını çıxartmaqda çətinlik çəkib. Tariyel müəllim isə eksponatları Beyləqana gətirdikdən bir gün sonra, onları bir də Cəlilabada, qohumlarının evinə daşıyıb.

- Sonra Bakıya gəldim. Mədəniyyət və Turizm Nazirliyindən verilən maşınla eksponatları Bakıya gətirib, təhvil verdim. Bilirsiz, adamlar mənə az qala gülürdülər ki, sənin işin-gücün yoxdu? Özünə niyə zülüm vermisən?

Mənim kimi şəhərdə böyümüş, müharibə görməmiş gənclər üçün maraqlı olardı, göydən ölüm yağan yurdun adamları necə yaşayırlarmış o ölüm-dirim məqamında?  Yəqin hər şey bizim təsəvvür etdiyimiz kimi olmayıb. Onlar da insandı axı. Onlar da qorxa bilərlər. Yoxsa elə deyil?

- Rayonda əhalinin əhval-ruhiyyəsi olduqca yüksək səviyyədə idi. Hamı öz həyatını yaşayırdı. Heç kim rayondan çıxmaq haqqında fikirləşmirdi. Düzdü Füzuli, Ağdam boşaldılmışdı, amma Cəbrayıldan heç kim tərpənmək fikirində deyildi. Baxmayaraq ki, rayonun üstünə güllə leysan kimi yağırdı. Bizim torpaqların işğal olunmasında şayələrin də böyük rolu var idi. Rayonların çoxu boşalandan sonra ermənilər gedib doluşurdular. Adamların ümidi 1993-cü ilin  15 avqust Daşbaşı hadisəsində qırıldı. Ermənilər bizim postda olan  on səkkiz nəfəri gecə hücuma keçib öldürmüşdülər. Daşbaşı bizimkilərin nəzarətində olan erməni kəndi idi ki, o Cəbrayıldan yuxarıda yerləşirdi. Daşbaşı ermənilərin nəzarətinə keçəndən sonra ordan rayonu vurmağa başladılar. Beləcə, rayon boşalmağa başladı, iyirmi üçünə qədər boş qaldı. Cəbrayıl iki dəfə işğal olundu. Birinci dəfə avqustun 23-də dağ ərazilər və Cəbrayılın özü, oktyabrın 23-də isə Arazboyu kəndlər ermənilər tərəfindən tutuldu.

Bu vaxt, bayaqdan bəri müsahibənin gedişinə müdaxilə etmədən dinləyən şair İsmayıl İmanzadə söhbətimizə qoşuldu:

- Rayon işğal olunandan sonra qərargah Mahmudlu kəndinə gəldi. Hamımız evlərimizi, mal-qaramızı Mərcanlı kəndinə yığmışdıq. Hər gün cəbhənin vəziyyəti maraqlanırdıq. Oktyabr ayının iyirmi biri idi. Rayon fəallarının iştirakı ilə iclas çağırılmışdı. Göydən güllələr yağmasına baxmayaraq iclasda  üzümlərin yığılması, inəklərin sağılması məsələsi müzakirə olunurdu. İki gündən sonra isə Araz boyu kəndlər işğal olundu. Demək istəyirəm ki, adamlar son gününə qədər inamlarını itirməmişdilər. Sonralar, Cəbrayıl rayonunun MTN idarəsinin sədri İbrahim müəllim mənə dedi ki, bizim anamız namaz üstə imiş. Erməni hərbçiləri xəbər tutub ki, Cəbrayıl rayonunun fəalları iclas keçirdir. Tanklarla həmin yeri mühasirəyə almaq əmrini alıblar. Yarımca saat ləngiyiblər deyə, bəxtimiz gətirib. Təsəvvür edin, Ağ yolda, Şişpapaq tərəfdə öndə gedən tanklardan biri xarab olduğundan yolu kəsib. Tankı yarım saata ancaq düzəltmək mümkün olub. Tank xarab olmasaydı hamımızı girov götürəcəkdilər.

Tariyel müəllim söhbətə qaldığı yerdən davam elədi:

- 1992-ci il iyunun 28-də və avqustun 15-də iki böyük döyüş əməliyyatı oldu. Əməliyyatların hər birində nə qədər əsgərimiz şəhid oldusa, rayon mərkəzində bir o qədər yerli əhali öldürüldü. Dayanmadan qrat atırdılar. Yüzdən çox adam yaralanmışdı. Qarabağ muharibəsində uğursuzluqların bir səbəbi də birliyin olmamasında idi. Cəbrayıl daha çox ermənilərin məskunlaşdığı Xocavənd rayonu ilə həmsərhəd idi. Bir də görürdün camaat arasında söhbət gəzir ki, filan gün hərbi əməliyyat olacaq. Bu haqda heç kimin məlumatı olmamalı idi. Amma hərbi sirr ortaqlıda gəzirdi. Başqa bir misal: planlaşdırmışdılar ki, Cəbrayıl batalyonu hücum edəndə, o biri tərəfdən də Füzuli batalyonu hərəkətə keçəcək. Bununla da, erməniləri mühasirəyə alıb, Xocavəndi azad edəcəklər. Dəfələrlə olmuşdu ki, Cəbrayıl döyüşcüləri hücuma keçmişdi, döyüş qızışmışdı, Füzuli batalyonundan isə xəbər çıxmamışdı, ya da əksinə. Bunun səbəbi isə elə vahid komandanlığın olmaması idi. Ordu ayrı-ayrı qüvvələrin əlində cəmlənmişdi. Eyni situasdiya Ağdam batalyonu ilə baş vermişdi. Onlar da hansısa razılaşdırılmış hərbi əməliyyata gəlməmişdilər. Hücumlar kompleks şəkildə olmalı idi. Bütün bunlara baxmayaraq Cəbrayıl döyüşcüləri ləyaqətlə vuruşdular. Altı nəfər milli qəhrəmanımız var. İsmayıl müəllimlə Cəbrayıl şəhidlərinin ailələrində olub, onlar haqqında məlumat toplayaraq “Cəbrayıl şəhidləri” adlı kitab nəşr etdirdik.

İsmayıl müəllim mənə bağışladıqları “Cəbrayıl şəhidləri” kitabını varaqlasa da arada başını qaldırıb bizə baxırdı. Tariel müəllimin dediyinə görə o, rayonu tərk etmiş sonuncu adamlardandı. Cəbrayıldan Arazı üzərək çıxıb. Müsahibədən sonra İsmayıl müəllim təslim olmağın məyusluğundan danışdı. 

- Qəribədi ki, o vaxt belə bir anlayış var idi: hansısa batalyon elə düşünürdü ki, məsələn, Qubadlını Qubadlı alayı müdafiə eləməlidi. Ermənilər istəsəydi Cəbrayılda ikinci Xocalı faciəsini törədə bilərdi. Amma Araz yolunu açıq qoyumuşdular. Yəqin düşünürdülər ki, hamı suda boğulub öləcək. Sahil boyu minik və yük maşınları düzülmüşdü. Adamların çıxmağına özləri şərait yaratmışdılar. Yalnız ona görə güllə atırdılar ki, camaat vahiməyə düşüb rayonu tərk eləsin. Arazdan keçəndə onlarla adamı çay apardı. Sahildə müxtəlif silahlar, patronlar, əsgər paltarları ilə addımbaşı qarşılaşmaq olurdu. Cənubi Azərbaycanda olan həmvətənlərimiz qayıqla çaya tökülüşmüşdülər. Sağ olsunlar, onlar xeyli adamı xilas elədi.

"Aydın yol"

 





23.08.2015    çap et  çap et