525.Az
İstəyimiz – Ay işığı
KAMAL ABDULLANIN “LABİRİNT” HEKAYƏLƏR KİTABI HAQQINDA
Kamal Abdullanın “Labirint” adlı kitabındakı hekayələr, doğrudan da, adamı labirintə, çıxılmazlığa salır. Ağlın, mifin və qəlbin gücü ilə yazılmış hekayələrdən “Labirint” hekayələr silsiləsinə – həyatla, düşüncəylə, ürəklə yazılmış hekayələrə, daha sonrasa “Bilgə əhvalatları” silsiləsinə vardıqca başa düşürsən ki, doğrudan da, labirintdəsən, heç yana, heç yönə çıxışın yoxdur. Onda, bəs bu labirint nədir? Yoldur, hər təzə yola çıxış tapa-tapa uzaqlaşdıqca, sonu tapmaq eşqin, əvvəli itirmək əzabınla hesablaşmalı olur. Hər təzə yolun tapılışının bəxş etdiyi sevinc, itirdiyin yolların (ömrün) ağrısına bəs edirmi, vallah bunu, məncə, yazıçı da bilməz?
Nəyə görə K.Abdulla qələmini sınadığı bütün janrlarda uğurlu əsərlər yaza bilir? Kamal müəllimin bütün bədii əsərlərini oxumuş bir adam kimi bu sual məni düşündürdü. Qənaətim budur ki, o, hansı mövzuda yazırsa-yazsın toxunduğu məsələni göstərmək yox, çözmək, əl atıb nüvəsindən “niyəsini” çıxarmaqla məşğuldur. Onu antik insandan, bu gün öz bağında, “köhnə məhlə”sində oturub nərdtaxta oynayan, ömrün uzaqlığına baxan sadə insan da düşündürür. Və bu məsələləri çözmək onu heç də aparıb “ağ günə çıxarmır”, əksinə labirintə salır. Kamal müəllimin labrinti Ernest Heminqueyin labirintini deyil, o hər yolun sonuna təzə çıxış tapır. Nə də Kafkanın K-sı kimi nə “Qəsr” çıxılmazlığında, nə də təcridxana (“Məhkəmə”) yolsuzluğunda qalmır, həmin labirintdə çıxışsızlığın da yolu var. K.Abdulla insanın, hadisənin mahiyyətinə birbaşa enmir, hesablaşma sərgiləmir, o insana “ha yavaş-yavaş, ha yavaş-yavaş” çatmağa çalışır.
“Labirint” strukturu
Sizə elə gəlməsin ki, K.Abdulla digər həmkarları kimi “Labirint” adlı hekayəsinin adını kitaba verib. Üç hissədən ibarət kitab – (“Hekayələr” (Bakı, 2009) kitabından, “Labirint” silsiləsindən və “Bilgə əhvalatları” silsiləsindən) öz-özlüyündə bir labirint effekti yaradır.
“Dəvə yağışı”, “Parisin seçimi”, “Son gəliş”, “Çəngəl çiçəyi”, “Adaşlar” adlı hekayələr daxil edilmiş hissə ağlın, elmin, düşüncələrin və düşündüklərinin nəticəsindən doğan mənzərələrdir. Elm və ağıl.
“Ay işığı”, “Kamera teatrı”, “Üçrəng pişik balası”, “Bir yay axşamı”, “Sirri-Zəmanə”, “Labirint”, “Pəncərə” və “Bir sevgi hekayəti” adlı hekayələrdəsə daha çox həyatla bağlı məsələlər çözülür. Həyat.
“Qədiməli kişi və onun bülbülü”, “Köhnə məhlə”, “Tumsuz nar”, “Uca qaya başında” adlı hekayələrsə xatirələr, xatırlamalarla nəql olunur. Xatirələr.
Elm və ağıl, həyat, xatirələr. Normal təhsilli, həyat şəraiti olan bir insanın bütün həyatı bu üç çıxılmazlıqlardan, labirintdən ibarət deyilmi?
Kitabın xatırlamalarla şərh olunan “Bilgə əhvalatları” silsiləsiylə sona çatması heç də elə-belə deyil. Bəyəm insan öz xatirələrinin labirintində deyilmi? Nəyə görə uzun ömür yaşayan insanlar daim keçmişdən danışırlar? Çünki keçmişləri gələcəklərindən böyükdür. Ona görə də insan yaşadıqlarının – xatirələrindən qaça, uzaqlaşa bilmir. Bu effekti duymaq üçünsə kitabı tam oxumaq lazımdır. Kitab bu yolla həm də yeni struktur təqdim edir.
Orxan Pamuk “Mənzərədən parçalar” kitabında yazır: “Mən hələ ilk romanım “Cövdət bəy və oğulları” yazarkən Pamuku oxuya biləcək oxucular yetişdirmək haqqında düşünürdüm, çünki indi də türkcəm bir az problemli görünür, Türkiyədə hələ də yazı dilim mübahisə mövzusu olaraq qalır”. K.Abdulla yeni dil üsulu təqdim edir, bunu bəzən də bilərəkdən edir, bəzən də obrazların dili tələb edir. Nəticədə yazıçının öz oxucuları – K.Abdullanın əsərlərini oxuya bilənlər – yaranır. Məncə, həmin oxucular əlini gözünün üstünə qoyub dilin daha uzaq sərhədlərini görür. Amma uzağı görməyənlər, Azərbaycan dilini qulağının və gözünün alışqanlığı ilə sevənlər üçün bütün bu şahmat gedişləri qədər ağıllı dil gedişləri qüsur və oyun təsiri bağışlayır.
“Ay işığı” hekayəsi
“Ay işığı” K.Abdullanın hekayələri içində ən çox sevdiyim və öz ruhuma ən doğma bildiyim hekayədir. Ona görə yalnız bu hekayə haqqında yazmaq istədim. Qısaca sujeti nəql edim, Əşrəf bazarda çalışır, qardaşının oxuması üçün əlindən gələni əsirgəmir. Əşrəf qohum-əqrəbalarını, nəsillərini yaxşı tanıyır, sinə-dəftərdir və ailələrinin keçmişini yaxşı bilir. Əşrəfin atasının xalası Arifə, bacısı oğlu Alının köhnə sevgilisi Pərini almaq eşqinə düşdüyünü biləndə belə bir yalan uydurur: – o gecə sən toyamı getmişdin, səhərə yaxın qayıdıb gəldin ha, mən bax, bu gözlərimlə bunları samanlıqdan çıxan gördüm. ... Ay işığı qəşəngcə düşmüşdü bunların üstünə, kölgələri də həyətin tufarıyla əyilə-əyilə gedirdi, amma ətraf zülmət qaranlıq idi...
Alı gəncliyində Pərini sevib, amma Belorusiyada hərbi xidməti bitirib qayıdanda rəsmi arvadı, yəni Əşrəfin anası ilə qayıdıb. Alının yolunu gözləyən Pəri isə bəxtindən küsərək ərə getməyib. Alının arvadı öləndən sonra Pərini alır, amma bu çox gec baş tutur. Belə ki, Arifə xala ölüm ayağında yalan danışdığını etiraf edir.
Əbdürrəhim bəy Haqverdiyevin “Ayın şahidliyi” hekayəsində Ay həqiqətin açılmasına xidmət edirsə, “Ay işığı” hekayəsində gizlinlərin daha dərində saxlanmasını reallaşdırır.
Qəribədir, Alı illərdi tanıdığı Pərinin paklığına yox, Ayın vasitəsilə uydurulmuş yalana inanır: “Ay işığı qəşəngcə düşmüşdü bunların üstünə”.
Həmişə təmizlik rəmzi kimi xarakterizə olunan Ay bu hekayədə xudbinliyin vasitəçisinə çevrilir.
Ay əsatirlərdə qadın simvolu olduğundan, sanki rəqib kimi, Pəriyə öz sevgisinə çatmaqda mane olur.
Hekayədə maraqlı bir məqam da var. Təhkiyəçi hekayənin baş qəhrəmanı olsa da, oxucu heç bir savadı olmayan Əşrəfi dominant sayır. Çünki hadisələri nəql edən oxumuş, savadlı olsa da, hekayənin süjeti gününü bazarda keçirən Əşrəfin danışdıqlarından ibarətdir. Yəni, baş rolda olan heç də həmişə qəhrəman demək deyil.
Bu “Ay işığı” hekayəsindəki görümlülük, göstərmək dinamikası mənə Bethoven “Ay işığı” sonatasının yaranması haqqındakı məlum-məşhur məsələni xatırlatdı. Bir gün Bethoven dostu ilə Viyana küçələrində gəzərkən piano səsi eşidir. Dostuna deyir ki, ifa edən kimdirsə peşəkardır. Gedib evin qapısını döyür və ifa edəni görmək istədiyini bildirir. Gələnin kimliyini biləndə heyrətlənirlər. Bethoveni musiqi ifa olunan otağa aparırlar. Bethoven ifaçının kor olduğunu biləndə xahiş edir ki, ondan ehtiyacı olan bir şeyi istəsin, çünki ciddi-cəhdlə qıza kömək etmək niyyətindədir. Qızın istəyi isə dahiyanə əsərin yaradılmasına qığılcım olur:
– Mən koram, mənə ay işığını başa sala bilərsizmi?
Bethoven “Ay işığı” adlı dahiyanə əsərini elə ifadə edir ki, kor qızın beynində Ayın təsəvvürü formalaşır və sonralar qız Ayın formasının necə ola biləcəyini, necə işıq saçdığını tam dəqiqliyi ilə yaxın adamlara danışanda, insanlar dəhşətə gəlir.
Şişirtmədən deyə bilərəm, bu hekayədə olub-bitənlər insanın gözünün qarşısında birəbir canlanır və maraqlıdır ki, hadisələr sənə real təsir bağışlayır. Kitabı yerə qoyandan sonra əsər oxumaq təsirindən daha çox, sənə yerli-yataqlı danışılmış hadisə təsirində olursan. Hətta bu dərəcədə öz mənzərəsi olan hekayətdir.
Elə hekayətlər var, onların mənzərələri yoxdu, oxuyursan, oxuya-oxuya əlində sadəcə kitab olduğunu hiss edirsən, elə hekayətlər də var ki, öz mənzərəsi ilə səni hadisələrin içinə salır, obrazlarla ünsiyyətini qurur. Əşrəf, Arifə, Pəri, Alı bu dəqiqə də mənim üçün məlum adamlardılar artıq.
Şükür, Bethovenin kömək etdiyi qız kimi kor deyiləm, amma istəyim də kor deyil: “Kamal müəllim, yeni “Ay işığı” danışın”.
26.11.2012 çap et