|
|
|
|
Fevralın 14-də Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim Qara Qarayevin əsərlərindən, musiqi ədəbiyyatından, əsərlərinin disklərindən ibarət kitab sərgisi nümayiş olunub.
Açılış törəni dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlayıb.
Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, Bəstəkarlar İttifaqının sədri, bəstəkar Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadə və başqaları çıxış ediblər.
D.Kaseinov görkəmli bəstəkarın yaradıcılığından bəhs edib, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışıb, “Qara Qarayev ili”ndə TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləyib.
F.Əlizadə dahi bəstəkarla işlədiyi anlardan, bəstəkar kimi yetişməsində Qara Qarayevin rolundan, Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında xüsusi rolundan söz açəb. Bu gün Azərbaycan musiqisinin ön cəbhəsində gedən Arif Məlikov, Xəyyam Mirzəzadə, digər görkəmli Azərbaycan bəstəkarlarının yetişməsində böyük xidməti olduğunu qeyd edib.
K.Tahirov dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edərək onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləyib.
Professor dahi bəstəkar Dmitri Şostakoviçin xatirələrindən söhbət açaraq bəstəkarın Qara Qarayevi tələbəsi deyil, müasiri adlandırdığını deyib.
Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış tammətnli “Qara Qarayev-100” adlı elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edilib.
Tammətnli elektron məlumat bazası 11 hissədən: “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Qara Qarayev haqqında”, “Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya”, “Audioqalereya” adlı bölmələrdən ibarətdir.
“Rəsmi sənədlər” bölməsində “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və digər sənədlər, “Həyat və yaradıcılığı” bölməsində akademik Zemfira Səfərovanın qələmə aldığı “Qara Qarayevin ölməz irsi” adlı geniş məqaləsi yerləşdirilib.
Daha sonra dahi bəstəkarın həyat və yaradıcılığının əsas tarixlərini əks etdirən bölmə yerləşdirilib, ardınca görkəmli şəxslərin ölməz sənətkar haqqında olan fikirləri əks olunub.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyevin, türk şairi Nazim Hikmətin, SSRİ Xalq artistləri Fikrət Əmirov, Niyazi, Dmitri Kabalevski, Dmitriy Şostakoviç, Rodion Şedrin və digər tanınmış şəxsiyyətlərin bəstəkar haqqında fikirləri verilib.
“Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında” adlı hissədə bəstəkarın Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, İmran Qasımov, Nizami Gəncəvi, Dmitriy Şostakoviç, Qurban Pirimov kimi şəxsiyyətlər və Azərbaycan ədəbiyyatı, musiqisi haqqında fikirləri yer alıb.
“Mükafatları” bölməsində xronoloji qaydada bəstəkarın aldığı medal və ordenlər, mükafatlar əksini tapıb. O, 1967-ci ildə "İldırımlı yollarla" baletinə görə həm Lenin mükafatı, həm də ordeninə layiq görülüb.
“Əsərləri” bölməsi 3 yarımbölmədən ibarət olub, həm Azərbaycan və rus dillərində çap olunmuş not əsərlərinin, həm dövri mətbuat və məcmuələrdə çap olunmuş məqalələrin, həmçinin səs yazılarının əks-xronoloji qaydada tam mətnlərini əhatə edir. Səs yazıları olan yarımbölmədə əsərlərindən olan hissələri dinləmək mümkündür.
“Haqqında” bölməsində Azərbaycan və rus dillərində bəstəkar haqqında yazılmış kitablar, dissertasiya və avtoreferatlar, həmçinin məqalələr yerləşdirilib.
Daha sonrakı bölmədə xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə və xatirə lövhələri, adına buraxılmış poçt zərfi və markalar, adına olan metro stansiyası, küçə və prospektlər, məktəblər, Kamera orkestri, gəmi, adına keçirilmiş konfrans, müsabiqə və festivallar, adına çəkilmiş rəsm əsərləri haqqında mənbələr yerləşdirilib.
“Fotoqalereya” adlı bölmədə bəstəkarın özünün və ailəsinin, həmçinin, ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, “Videoqalereya” bölməsində isə haqqında lentə alınmış filmlər sıralanıb.
Tədbirin sonunda K.Tahirov tədbirdən xatirə olaraq dahi bəstəkarın foto-portretini, Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanmış musiqi əsərləri yazılmış 5 ədəd audio-diski TÜRKSOY-a hədiyyə edib.
Ankarada Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir fevralın 15-də Qazi universitetində keçiriləcək.