AĞLAĞAN BALIQLAR
Bu ağlağan balıqlar
O qədər ağlayarlar
Göz yaşları dəniz olar.
Öz göz yaşlarında üzər balıqlar,
Öz göz yaşlarını içə –içə
Bu dünyada yaşayar.
Bu dünyadan bezər balıqlar.
Tanrıya xoş gəlməz balıqların ağlamağı,
Qupquru quruyar dənizlər,
Öz göz yaşlarında çürüyər balıqlar,
Çürüyər, çürüyər torpaq olar.
Torpaqda nərgizlər bitər gözü yaşlı,
Bənövşələr, yarpızlar bitər gözüyaşlı.
Öz göz yaşları ilə suvarar özlərini nərgizlər,
Öz göz yaşları ilə özlərini suvarar
bənövşələr, yarpızlar.
Tanrıya xoş gəlməz nərgizlərin ağlamağı,
Bənövşələrin, yarpızların ağlamağı.
Od tökər nərgizlərin başına,
Bənövşələrin, yarpızların başına.
Yanıb –yanıb ulduz olar nərgizlər
Yanıb-yanıb ulduz olar bənövşələr, yarpızlar,
Ulduz–ulduz səpilərlər göy üzünə...
Tanrıya xoş gəlməz onların yanmağı
Tanrıya xoş gəlməz onların ulduz olmağı.
Topa –topa buludlar bürüyər göy üzünü,
Göz yaşını saxlaya bilməz göylər,
Buludlar ağlayar səhərə qədər.
Tanrıya xoş gəlməz buludların ağlamağı,
Dünyaya qayıdar quruyan dənizlər,
Dünyaya qayıdar ağlayan balıqlar.
Ağlama balam,
Xoş getməz Tanrıya,
Dənizlər quruyar.
lll
Axşam, sabah
Sənə sığınıram, ey böyük Allah.
Amma bilmirəm nədən
Allahsız oluram hərdən.
Sən yaratdın məni,
Sən dil verdin danışdırdın,
Bəs hərdən nədən demirəm sən deyəni?
Məni gah küsdürdün,
gah barışdırdın
insanlarla.
Sənə qarşı çıxanda
Nədən məni susdurmadın.
Nədən görünməz oldun,
qarşımda durmadın?
Sənə sığınıram, Allahım,
Elə et ki, yox olsun suçum, günahım,
Günahkar məni öldür,
Dinimlə, imanımla məni sevindir, güldür.
ÖMÜR YOLU VƏ YA SIFIR
BƏRABƏRDİ SIFIR
Qəribə misaldı bu,
Nə ağlım kəsir,
Nə başım çıxır,
Sıfır bərabərdir sıfır.
Sıfırla başladı,
Sıfırla qurtardı.
Nə ədədi silsilədir,
Nə həndəsi.
Nə azalandı,
Nə çoxalan.
Nə doğrudu,
Nə yalan.
Öz vaxtında hakimdi hərəsi,
Bir vaxt sıfır idi,
Dünyaya bir kimi gəldi,
Dördü nə qədər yaşadı,
bilmirəm.
İkini yaşayır,
Üçü yaşayacaq.
Yenidən bir olacaq.
Sıfıra çatmaq üçün
günlərini sayır.
Qoçaqsan
Sıfırı bərabərləşdir ədədə,
Yəni həyatı əbədiyyətə.