İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "İrəli" İctimai Birliyinin "Gənc Əkinçi" Akademiyasının 3-cü mərhələsi layihəsi öz işinə başlayıb. Üç gün davam edən tədbirdə bir sıra aktual mövzular müzakirə olunub.
Layihənin ilk günündə çıxış edən peşəkar vikipediyaçı Tərxan Paşazadə iştirakçılara vikipediyanın günümüzdə önəmindən danışıb: "Hər hansı bir sual bizi maraqlandırdıqda dərhal "Google Chrome" üzərindən axtarış edirik. Qarşımıza ilk öncə vikipediya məlumatı çıxır. Bəli, vikipediya bu gün ən önəmli virtual ensiklopediyalardan biridir. Azərbaycanda vikipediya sahəsində çox az adam fəaliyyət göstərir. Görünən odur ki, fəaliyyət göstərən idarəçilər könüllülərdir.
Məqsəd düzgün informasiya bazası formalaşdırmaq və dünya xalqlarına ölkəmiz, ölkəmizin görkəmli şəxiyyətləri haqqında dəqiq və dolğun məlumat çatdırmaqdır. Ancaq sual ortaya çıxır, vikipediya məlumatı nə qədər düzgündür? Bu günə kimi, 40 min məlumatı yeniləməklə, 10 min yeni məqalə və çoxlu sayda şəkillər yerləşdirməklə ölkə vikipediyasını zənginləşdirməyə çalışmışam. Dünyada vikipediya sahəsində çalışan könüllü istifadəçilərin sayı minlərlə olsa da, bizdə bu rəqəm çox kiçikdir. Səbəbi isə məlumatsızlıqdır. Bildiyimiz kimi, vikipediya müxtəlif dillərdə yayımlanan onlayn kitabdır. Burada yerləşdirilən məqaləni, informasiyanı milyonlarla adam görə bilər. Müharibə şəraitində yaşayan xalq kimi biz ölkəmiz və işğal olunmuş ərazilərimiz haqqında vikipediyada məlumat yerləşdirməklə həm mənfur düşmənlərimizi həqiqətə çağırmış oluruq, həm də dünyaya ölkəmiz haqqında dəqiq məlumatlar çatdırırıq".
Təlimçi Sənan Nəcəfov "Sosial şəbəkələrin Milli İnformasiya Təhlükəsizliyin qorunmasında rolu mövzusunda" iştirakçıları məlumatlandırıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli gənc jurnalistlərə müsahibə janrı haqqında məruzə oxuyub.
Təlimin növbəti günü tanınmış hərbi jurnalist Rahib Qərib hərbi jurnalistikanın aktuallığından söz açıb, hazırladığı reportajların pərdəarxası məqamlarından danışıb, gənc jurnalistlərə tövsiyələrini verib.
Üç gün davam edən tədbirin sonuncu günü Quba Rayon Gənclər və İdman İdarəsində rayon gəncləri ilə görüş keçirilib.
Ruzbeh MƏMMƏD