|
|
|
|
Mahir N. Qarayev
...ölsəm – bir də min il
sonra dirilsəm...
Vaqif Bayatlı*
Birinci məqam
Sevgi sevgiylə
Dərd dərdlə unudulur...
Oğlum! Balam!
Mənə qalmayan, məndən qalan!
Ölən kimi,
üzlərdən, gözlərdən çəkilən kimi
unut, unutdur məni!
Mən ömrüm uzunu
ha çalışdım-vuruşdum –
unutdurammadım özümü...
Neylədim –
üzlərdən çəkiləmmədim,
Neylədim –
gözlərdən yayınammadım;
Keçəmmədim
üz vuranın üzündən,
Qaçammadım
göz qoyanın gözündən...
Sinəmə dağ çəkdilər,
divan tutdular mənə
hara qaçsam haxlayıb
üzümdən göz çəkməyib, gözümdən getməyənlər;
Boğazıma çökdülər,
qan uddurdular mənə
qudağını şəkləyib,
qanıma yerikləyib məni unutmayanlar...
Hamıdan çıx heyfimi,
Hamıdan al qanımı!
Ölən kimi,
qonur gözlərimə
qara torpaqlar tökülən kimi
unut, unutdur məni!
Unutdur –
unutmayanlara qan uddur!!!
Məni söz öldürdü,
bir şair sözü –
məni göz tutmazdı, söz məni tutdu!
Bir gül qoxusutək,
əcəl yuxusutək tez məni tutdu!
Bir qəfil ox kimi çıxdı yayından
göydə durna kimi düz məni tutdu!
Gözüm açıq qaldı –
çətin bağlana...
ağzımda son sözüm qaldı yarımçıq!
Neyləmək?!
Neyləmək?! Neyləmək daha?!
Üzümə
oxşayan qərib üzünlə,
Gözümə
oxşayan qonur gözünlə,
səsinlə-sözünlə,
dərdlə-hüznlə unutdur məni;
İnsan insanla,
dərd dərdlə unudulduğu kimi,
Musa İsayla,
İsa Məhəmmədlə unudulduğu kimi –
özünlə,
özünlə unutdur məni...
İkinci məqam
Əlim əllərindən çəkilməmiş,
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular məni, unutdular...
Şair dostum! Qatil dostum!
Gözün aydın olsun, sözün mübarək!
Elə sözünlə də
sonuma çıxdın –
daha deyiləsi sözüm qalmadı;
Yetirdim –
bircə yol yoluna çıxdım,
İtirdin –
yolunda izim qalmadı...
Di buyur,
sözündən itir məni də –
unut və unutdur xatirəmi də!
Unut şah şeirinin
qəfil yaddan çıxan misrası kimi;
Unutmaq felinin
hamıdan peşəkar ustası kimi!
Unut məni –
qonur gözlü şairim,
qara maskalı qatilim!
Müstəntiq
ala gözlərini ağartsa da,
qara gözlərini bərəltsə də,
durna kimi çığırtsa da,
zurna kimi mələtsə də;
Lap hirslənib
kirpiyinlə od götürtsə,
kəlbətinlə dırnağını çıxartsa da;
Yüz hiyləylə
səni şoka,
şeir yazan barmağını
toka salsa belə –
yadına düşməsin adım...
Amandı!!!
Adımı yazmadığın
o son şeiri də yandır,
külünü ver küləklərə –
fələklər də duymasın;
Gecələr qaranlığa üz tutub,
dua pıçıldayanda
adımın bircə hərfini də işlətmə –
mələklər də duymasın...
Üçüncü məqam
Ən gözəl xatirə də
ən acı göz yaşıtək udulur –
udulur, unudulur...
Dənizlər giləsi!
Sular sonası!
qağayı səsindən diksinən mələk!
Daha neyləmək?!
Unutmaq çətindir...
Döz, unut məni!
Amma unutmağı sona saxlama,
sonra unudarsan,
yadından çıxar –
yadından çıxmamış tez unut məni...
Neyləmək?!
Neyləmək?! Neyləmək daha?!
Çox – sənə zor gələr,
çox-çox unutma,
özünü zorlama, az unut məni!
Acı göz yaşına nə gərək daha?!
Gözünü korlama, sus, unut məni!
Qara təbaşirlə,
bəyaz kömürlə
qismətə yazılan hər nə ki vardı –
hamısı pozuldu, bitdi ömürlə...
Mənli xatirələr bir içim sudu,
bir udum havadı...
İç!..
Ud!..
Unut sən!..
Unutma,
hamısı zəli kimidir –
yaxandan əl çəkməz yaxa tanıtsan,
yuxundan əl çəkməz gözünü yumsan...
Üzdən unutmağın ağrısı çoxdur,
dibindən-kökündən kəs, unut məni;
Ən pisi odur ki, yaxşısı yoxdur –
yaxşısı budur ki, pis unut məni!
Hər necə
unutsan, fərq etməz mənə,
istər kirimişcə, istər qəzəblə –
özün bax: ya o cür, ya bu cür unut;
Hər gecə
yüz dəfə say birdən minə,
qatla barmağını minbir əzabla –
sübhəcən ya tək-tək, ya cüt-cüt unut!
Axşam çətin olsa, səhəri gözlə –
bir az küs, bir az da...
bez, unut məni;
Qəfil alınmasa, özünü üzmə –
unut asta-asta...
gec unut məni!
Neyləmək?!
Neyləmək?! Neyləmək daha?!
Bir kimsə duymadan
qumunu sevdiyin dəniz taparsan,
adımı yazarsan boz qumun üstə –
köpüklü dalğalar yuyub aparsın...
Gəlib yenə yazarsan,
yenə yuyar dalğalar;
...hər dəfə sən yazarsan,
hər dəfə dalğalar yuyar...
Dördüncü məqam
Hamı səni unudanda
bu dünyada ölümlər gerçək olur...
Ay nuru!
Gün işığı!
Dəcəl, qaragöz qızım!
Mən öləndə yatmışdın,
oyatmağa qıymadım...
Yuxudan duran kimi
yeddi dil bilən barmaqlarınla
pozarsan adımı bütün lentlərdən,
bütün ekranlardan, internetlərdən.
Qırğı barmaqların qırılanacan,
düymələr ilişib dirənənəcən –
basarsan, cızarsan, qaralayarsan
hər nəyim vardısa ta dünənəcən.
Künc-bucağa göz yetirib
bircə-bircə dənləyərsən quş kimi
orda-burda düşüb qalan,
hardasa ilişib qalan,
gözdən qaçan hər sözümü, sətrimi.
Qırıb-çatmaqdısa – qırıb çatarsan,
cırıb-atmaqdısa – cırıb atarsan;
dartıb qopararsan hafizələrdən,
bütün yaddaşlardan vurub atarsan!
Xülasə, bir nəfəs, bir səs, bir hənir,
bir varaq, bir sətir, bir söz qalmasın;
Elə yox edərsən varlıqdan məni –
məndən bu dünyada bir iz qalmasın!
Sonra da ya cənnət,
ya cəhənnəm saytına girərsən –
ikisindən birində olasıyam.
Ayrı harda olacam ki?!
Ya mələklərin açılan qucağında,
ya qır qazanlarının çatılan ocağında
taparsan məni.
Tez də silib atarsan məni,
süpürüb atarsan o dünyadan da!
Elə uzaqlarda itirərsən ki –
azıb çatılması da mümkün olmasın;
Elə dərinlərdə batırarsan ki –
qazıb tapılması da mümkün olmasın!..
Ən dərin arxeoloji qazıntılar belə
rast gəlməsin bircə sümüyümə də;
Yaşadığımı unudanlar –
biryolluq unutsun ölməyimi də...
–————————————-
* Epiqraflar –
Vaqif Bayatlıdandır.
Bu günlərdə qələm dostumuz, şair-tərcüməçi Mahir N. Qarayevin 55 yaşı tamam olur. Həmkarımızı ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
525-cilər