https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Usta cüdoçularımızın Şotlandiya səfəri

Usta cüdoçularımızın Şotlandiya səfəri

Açığı, qədim ket tayfalarının vətəni sayılan Şotlandiyanı ilk dəfə yaşıl-göy rəngə çalan şərflərinə, bir də şotland ədəbiyyatının klassiki Artur Konan Doylun (1859-1930) dünya şöhrətli qəhrəmanı, xəfiyyə Şerlok Holmsa görə tanımışam.

Hələ sovet dövründə 1970-ci illərin sonuna təsadüf edən tələbəlik illərində Bakıda şotland şərfləri dəb düşmüşdü və az qala od qiymətinə əl altından satılan bu göy rəngli şərfləri qış aylarında bir çox gəncin boynunda görmək mümkün idi. O zaman heç ağlıma gəlməzdi ki, təxminən 40 il sonra cüdo idman növü üzrə veteranlardan ibarət Azərbaycan milli yığma komandasının üzvü kimi 2018-ci ilin iyun ayında Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatında iştirak edəcəm.

Bəri başdan deyim ki, 30-dan çox ölkənin iştirak etdiyi bu mötəbər yarışda 5 qızıl, 9 bürünc medal qazanan idmançılarımız kişilərin komanda hesabında dördüncü yerə layiq görülüb. Bundan başqa, Azərbaycan cüdoçuları iki yaş kateqoriyası üzrə (30-40, 40-50) keçirilən komanda yarışlarında fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Millimizə ilk qızıl medalı yeddi qat dünya çempionu Fərhad Rəcəbli qazandırıb. O, final görüşündə fransalı cüdo ustasına artırılmış dəqiqələrdə ipponla qalib gələrək parlaq qələbə qazanıb. Daha sonra kapitanın uğurunu Məmməd Məmmədov, Samir İsmayılov, Azər Fətullayev və İntiqam Ələkbərov təkrarlayaraq Avropa çempionu adına layiq görülüblər. Bu mötəbər yarışda bizimkilərə gümüş medal qazanmaq nəsib olmasa da, əvəzində 9 idmançımız - Azər Əsgərov, Vüqar Babayev, Vüqar Budaqov, Yamən Fətiyev, Babək Hacıyev, Rüfət İsmayılov, Hafiz Hacıyev, Məhəmməd Müslümzadə və Zaur Paşayev bürünc medal qazanıblar.

Səfər zamanı diqqətimi çəkən bir məqam isə ondan ibarət oldu ki, Londondan Qlazqo şəhərinə uçarkən gözləmə salonunda sərnişinlərin böyük əksəriyyətinin qəzet, bir qisminin isə kitab oxuduğunun şahidi oldum. Bizdə olduğu kimi, heç kəs telefonla oynayıb vaxt keçirmirdi. Yeri gəlmişkən, dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Belə ki, Vestrey və Papa Vestrey adaları arasındakı uçuş müddəti cəmi iki dəqiqə təşkil edir.

Diqqətə çatdırmaq istərdim ki, Şotlandiyanın Qlazqo şəhərini ABŞ-ın Montana ştatında yerləşən eyniadlı şəhərlə səhv salmamaq lazımdır. Avropanın ilk universitetinin təməli XV əsrdə məhz bu şəhərdə qoyulub. Memarlıq abidələri ilə zəngin olan bu diyarda, sözün əsl mənasında, sakitlik və tolerantlıq hökm sürür. Şotlandiyaya səfərimiz müqəddəs Ramazan bayramına təsadüf edirdi. Milli komandamızın yerləşdiyi "Urfan" mehmanxanasının yaxınlığındakı "İbrahim" məscidi və Qlazqo şəhərinin mərkəzi məscidi diqqətimi çəkdi.

Səfərimizlə bağlı bir məsələni də xüsusi vurğulamaq istərdim. Belə ki, söhbət əsnasında fransız cüdoçuları və Avropa çempionatında az sayda idmançı ilə təmsil olunan qardaş Türkiyə idmançıları bütün xərcləri öz şəxsi hesabına ödədiklərini etiraf etdilər. Bizdə isə 42 nəfərdən ibarət yığma komandanın bütün xərclərini - təyyarı bileti və otel xərcləri də daxil olmaqla,  Azərbaycan Cüdo Federasiyası öz üzərinə götürmüşdü. Bu isə özlüyündə Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Qarşıda isə millimizi usta cüdoçuların Meksikada keçiriləcək Dünya çempionatı gözləyir. Uğurlar olsun!

Akif ƏHMƏDGİL
"Azərbaycan Neft təsərrüfatı" jurnalının redaktoru, cüdo üzrə veteranlardan ibarət Azərbaycan milli komandasının üzvü

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.