Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Bir az çətin olub uşaq illərim.
Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi.
bəlkə də həyatımızın
ən böyük inqilabı.
Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!
Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar...
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.
Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər...
lll
Cənnət anaların ayağı altındadı
deyən qadın
bətnində doğratdığı
körpə bədənini
yığıb ayaqları altına
qalxır cənnətə sarı.
Burda Hippokrat andına,
körpə qanı axıdaraq
and içirlər.
Kimlərinsə
ömür boyu arzuladığı
körpə səsi
cərrah bıçağıyla kəsilir...
Şeytan boylanır
ağ xalatlı pəncərədən
gözləri bərəlib
dizləri əsir
ürəyi dözmür baxmağa.
qadın dözür ancaq
Və baxır..
Öz fəryadından tutulan qulaqları
eşidə bilmir
bətnindəki körpənin
“yaşamaq istəyirəm” hayqırtısını.
Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.
Küncə atılmış
körpə bədəni
əllərini açıb göyə
“mən təsliməm, ana,
yetər bu işgəncə! “-
deyib yalvarır.
lll
dünyanın ən təmiz
yalanı
Yağma qar,
yağma
əlcəyim olmasa da
əllərim üşümür mənim.
atamın
“daha yeddi yaşın var
böyük kişisən
heç kişi də əlcək taxar?!”
sözləri üşüdür məni.
yalan danışmağı bacarmır atam
dodaqlarının titrəməsindən
gözlərinin dolmasından bilinir
ciblərinin yalanı.
qar qardaş,
dünyanın ən təmiz
yalanı sənsən.
qar qardaş,
mənə görə yox
atama görə yağma
o, yalan danışmağı bacarmır
ata oğul arasına girmə, qar.
Yağma,
çirkli əllər atmasın səni
çirkli ayaqlar altında
əzməsinlər təmizliyini.
təmiz dillər
çirklənməsin sənə görə,
yağma.
uşaqların sızıldayan
barmaqlarında üşümə,
isti əlcəklərində qızın, qar.
...Uşaq əllərini özləmişdi qar
qar vardı
uşaqlar yoxdu
müharibə qovmuşdu
yavruları torpaqlarından.
onların yerində
tanklar oynayırdı.
qar ağlayırdı uşaqlarçün,
can verirdi
tankların
qanlı tırtılları altında.
qar istəyir uşaqlar
tanksız,
yalansız,
əlcəkli qar.
yağırsansa belə yağ qar!
lll
Gəl,
döy qapımı...
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı
döy,
ürəyin döyünən qədər.
Yaşayıb güldürmədim
səni doyunca.
qoy,
ölüm...
doyunca ağladım səni.
Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.
lll
Nağıllara inanmıram
söyləmə qız!
Evdə yeməyə
bir şey tapmayanda
anamın boyat nağıllarını
yavanlıq eləmişəm.
Səhərlər
şirinçay əvəzi
atamın gecəylə birgə bitirdiyi
şeirləri dinləmişəm.
Məktəbə geydiyim
dabanı getmiş ayaqqabı
atamın hansısa imkanlıya
satdığı şeirdi, qız!
Zəhərlənəndə qonşu uşağı
balıq qaytaranda,
ət qaytaranda
boğazımda nağıl ilişib qalıb,
ağzımdan şeir gəlib!
Mən şeir ölüsü, nağıl xəstəsi,
lap belə
nağıl şahzadəsi.
Məni nə bilirsən, bil.
Ancaq yaşadıqlarım
ağlına belə gəlməyən
nağıl da deyil!
Hə, indi necə
Nağıllara inanırsan
nağıllara inanmayan qız?!
lll
Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini.
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
bir zarafatdı.
Şeytan da bezikib çıxa özündən
içindən Allahın özü boylana
dönüb arxasıyca gələn bəndəyə:
“Yaman aldatdım ha...”
Deyə!
Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.
75 yaşında döyülə qapın-
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına...
Qoşulub İblisə çıxıb gedəsən
Allahın dalınca qeybət edəsən
arxanca mələklər yalvara
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!
lll
Sabahın xeyir, Allah!
yuxuda səni görmüşəm
bir az narahat qalmışam
orda həyatın necədi?
sözün necə,
keçirmi
mələklər arasında?!
ancaq...
mələklərin də
can alıb can satır
sənin adından,
səndən yuxarı uçurlar
sənin altında...
Uşaq vaxtı böyüklərdən
soruşardım yerini
deyərdilər göydəsən.
baxardım göyə
bulud da göydə
sən də.
göydən lopa-lopa
qar yağır,
yağış yağır
bəs niyə Allah yağmır?!
bir uşaq arzusuna
yağış kimi yağ
səninlə islanım başdan ayağa
mən başdan ayağa sən olum, Allah!
Buralarda deyirlər ki
sən yoxsan
nə dedim inanmadılar
istədim yerini deyəm
qorxdum
baxmazlar Allahsan
qıyarlar sənə də
lap yolundan çıxardıb
Allahsız edərlər Səni.
qorxma
səninçün dua edəcəm:
Tanrı
səni qorusun, Allah!
lll
Bakının bəkarəti
Qız qalas
ı,
tək tənha yalqız qalası...
Harda darıxan varsa
Qız qalasını göstər.
Hər qız qalası yanında
bir oğlan qalasın istər.
Ancaq
Şuşa qalasına
qonaq getmək də
keçir könlündən
bizim Qız qalasının.
Səhəng alıb çiyninə
sudan gəldiyi günlər
qalıb dabanı altda,
qalıb zamanın altda.
Anlaya bilmir
ayaq səslərinə dolaşan
əcnəbi sözləri, kəlmələri,
uzaqlardan gəlmələri.
Dolanbac pillələrdə
fırlanır zamanın başı
Qız qalası-
dənizə uzanan barmağımızda
üzüyün qaşı.
Gecələr qoynuna qaçıb
cırmaqlayar dalğalar ətəyini
tutsa,
guya qalxıb siləcək
əs
rlərdən bəri
doluxsunan gözlərini.
qucaqlayıb bu qalanın kölgəsini
üzünə sürtər dəniz.
Uyuyar işıqlı şəhər,
pıçıltıyla danışar dalğalar,-
birdən oyansa Bakı
sual dolu baxışlarına
Qız qalası
nə cavab verər?!
səhər
Qız qalası
üz-gözündə dənizin izi.
Günəş boylanar
qızarar öpüş yeri,
qızarar qalanın qızı...
əsrlərin daş yaddaşında
süzər qolları
dövrəsindəki qızlarla
yallı getmək istəyər-
qollarını açan olsa.
Bəlkə də qoşulub gedər
Götürüb qaçan olsa.