https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ BU YARIŞLARI İDMAN, MƏDƏNİYYƏT VƏ HƏMRƏYLİK NAMİNƏ MÜHÜM HADİSƏ HESAB EDİRLƏR

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

Bugünlərdə Qırğızıstanda III Dünya Köçəri Oyunları keçirildi. Sentyabrın 2-də İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində start verilən beynəlxalq yarış bu il də maraqlı proqramı, ölkəmiz üçün uğurlu çıxışları ilə yadda qaldı.

Bu il üçüncüsü düzənlənən və artıq ənənə halını almış Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq qismində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev iştirak ediblər.

Həmçinin, III Dünya Köçəri Oyunları çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova və gənc xanəndə Səbinə Ərəbli təmsil edib. İfaçılarımız Azərbaycan xalq və bəstəkar mahnılarını, romanslarını və təsniflərimizi səsləndiriblər. Onların çıxışları alqışlarla qarşılanıb.

Dünyanın 60-dan artıq ölkəsindən 3 minə yaxın idmançının idmanın 37 etnik növü üzrə mübarizə apardıqları yarışlarda Azərbaycan milli komandası III Dünya Köçəri Oyunlarını 15 medalla (1 qızıl, 6 gümüş, 8 bürünc) başa vurub.

Azərbaycan idmançısı Cəlal Süleymanov (60 kq) milli güləş növü üzrə yarışda qızıl medal qazanıb.

Qızıl medalı güləşçimizə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim edib.

Azərbaycandan dəvət olunan nümayəndə heyətinin digər üzvləri - Hikmət Babaoğlu və Həsən Həsənov da fəxri kürsüdə yer alan idmançılara medallar təqdim ediblər.

Oyunlarla və ümumilikdə təşkil olunan tədbirlərlə bağlı təəssüratlarını bizimlə bölüşən Hikmət Babaoğlu diqqəti müxtəlif xalqların soykökünə çəkərək, köçəri oyunlarının tarixi əhəmiyyətindən söz açdı:

"Biz bugünlərdə Azərbaycandan gedən nümayəndə heyəti olaraq Qırğızıstanın Çolpon-Ata vilayətində təşkil olunmuş çox mühüm bir beynəlxalq yarışa şahidlik etdik. Dünya Köçəri Oyunlarının keçirilməsi artıq bir ənənə halını alıb. Üçüncü belə hadisə idi ki, biz orda iştirak edirdik. Ümumiyyətlə, həm Qırğızıstan özü, həm keçirilən tədbir olduqca yaddaqalan bir hadisə oldu. Əgər ümumi konteksdən yanaşsaq, görəcəyik ki, dünyada köçəri olmayan xalq yox idi. Necə ki, Qırğızıstanda keçirilən tədbirdə 60-dan çox ölkənin iştirakı elə bunun göstəricisi idi. Hər bir xalqın mədəniyyətinin alt qatlarında mövsümün şərtlərinə uyğun olaraq bir yerdən digər yerə daşınmaq, köçərilik var. Bu proses dünya mədəniyyətinin formalaşmasında böyük rol oynayıb və bu prosesdə yaranan adətlər, ənənələr əslində, xalqları yaxınlaşdıran, ümumdünya mədəniyyətini yaradan, ayrı-ayrı xalqların mədəniyyətlərini bir-birinə identifikansiya edən, bənzədən bir hadisədir. İnsanlar, ölkələr nə qədər fərqli olsalar da, biz bir dünyada yaşayırıq və az qala eyni formaya sahibik ki, bu, bizə diktə olunan həyat tərzidir. Təbii şərtlər, coğrafiya, yaşam vasitələrinin təminatı çox bənzərlik yaradır. Bu mənada hər bir xalq öz tarixinin bir hissəsini köçəri oyunlarında tapmış olur.

Bu, bizim üçün də maraqlı idi. Çünki bizim əcdadlarımızın həyat tərzinə çox uyğundur. Azərbaycan xalqı tarixin ən müxtəlif mərhələrində müxtəlif həyat tərzləri keçirib ki, onlardan biri də köçərilik olub. Bu, bəlkə də bu günə qədər qismən də olsa yaşayan ənənədir. Biz Çolpon-Atada və yarışların təşkil olunduğu Qırçın yaylasında əslində milli tariximizin 300-400 il öncəsinə qayıtmış olduq. Və bu, bizə o qədər doğma, yaxın idi ki, insan daxilən həyəcanlanmaya, bu tədbirlərdə emosiyasız iştirak edə bilmirdi. Çünki əcdadlarımızın həyat tərzinin bir hissəsini biz o oyunlarda görürdük. Bu yarışlara köçəri xalqlarının milli idman növləri daxil edilmişdi. O cümlədən, Azərbaycan milli güləşi və eyni zamanda, digər bir sıra idman növlərində idmançılarımız iştirak edirdilər. Sevinirik ki, Azərbaycan idmançıları bu yarışlarda böyük uğurlar qazandılar. Həm qızıl, həm də gümüş və bürünc medallarımız oldu. Ən əhəmiyyətlisi isə Azərbaycanın 2022-ci ildə belə bir yarışa ev sahibliyi edəcəyini öyrənməyimiz oldu. Mən indidən inanıram ki, bütün beynəlxalq yarışları çox yüksək səviyyədə təşkil edən ölkəmiz Dünya Köçəri Oyunlarına da həm böyük mədəniyyət, həm böyük həmrəylik, həm də böyük idman hadisəsi kimi çox yüksək şəkildə təşkil edəcəkdir".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd etdi ki, Köçəri oyunları dünyanın Türkdilli ölkələrinin və ümumən tarixinin hansısa mərhələsində köçəri həyatı yaşamış bütün dövlətlərinin və millətlərinin inteqrasiyası prosesində önəmli təsirə malik olan bir tədbirdir: "Açıq etiraf edim ki, köçəri oyunları dünya dövlətlərinin idman müstəvisində inteqrasiyasını dərinləşdirmək üçün müdrikliklə düşünülmüş bir ideyadır. Biz üçüncü dəfə idi ki, bu beynəlxalq tədbirdə iştirak edirdik. Bilirsiniz ki, bu böyük layihə 2014, 2016 və 2018-ci illərdə həyata keçirilib. Üç dəfə Qırğızıstan sahiblik edib, növbəti, 2020-ci il oyunları isə Türkiyədə keçiriləcək. Bütün o yarışların əyani müşahidəçisi olmuş şəxs kimi deyə bilərəm ki, hər dəfə bu oyunların təşkilində bir kamilləşmə, yetkinləşmə hiss olunur. Oyunların təşkil olunmasında, keyfiyyətində çox böyük tərəqqi var. Bu, Köçəri Oyunlarının davamlı bir prosesə çevriləcəyini qətiyyətlə deməyə əsas verir. Azərbaycan idmançılarının oradakı uğurlu çıxışları bizi sevindirdi. Xüsusilə, Azərbaycan təmsilçisinin qızıl medala layiq görülməsi və ümumən 15 medalla yarışı başa vurmağımız bizim üçün çox əlamətdar bir hadisə oldu. Qızıl medal qazanmış təmsilçimizin müxtəlif ölkələrdən qatılmış nümayəndələrdən ibarət böyük zal qarşısında bayrağımızı ucaltması bizim üçün qürurverici idi.

Bu tədbir həmçinin, türkdilli ölkələrin bir-birinə inteqrasiyasında böyük rol oynayan hadisədir. Həm də açığını deyim ki, mən buna Azərbaycanın bu gün əldə etdiyi, nail olduğu inkişaf göstəricilərinin dünya dövlətləri qarşısında nümayiş etdirilməsi üçün çox əhəmiyyətli bir meydan kimi də yanaşıram. Əminəm ki, Köçəri Oyunlarının timsalında ölkəmizin uğurları getdikcə böyüyəcək, bu gün əldə etdiyi 15 medal gələcək Köçəri Oyunlarında daha da artmış olacaq".

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev də səfərdən böyük məmnunluqla qayıdıb: "Ümumdünya Köçəri Oyunları bütün dünyanın milli federasiyalarının potensiyallarını ortaya qoydu. Bilirsiniz ki, bu yarış Olimpia oyunlarında keçirilməyən idman növlərini özündə ehtiva edir. İdmançılarımızın oradakı iştirakı, Azərbaycan milli federasiyalarının nəticələri onu göstərdi ki, bəli, Azərbaycan idmançıları bütün növ yarışlarda öz potensialını ortaya qoya bilir, bacarıqlı və güclüdür. Xüsusən, idmana ölkəmizdə göstərilən qayğı və idmanın dövlətimiz tərəfindən dəstəklənməsi, idman arenalarının inkişafı özünü idmançıların bu oyunlara xüsusi hazırlığında və nəticələrində bir daha göstərdi. Bu da bir daha sübut edir ki, Azərbaycan bu tipli idman növlərinin inkişafını da xüsusi priotet tutub. Hələ son illərdə ölkəmizdə keçirilən Olimpia oyunları və IV İslam Həmrəylik Oyunlarında, o cümlədən, bir sıra beynəlxalq yarışlarda idmançılarımızın qazandığı uğurlar bu inkişafdan xəbər verirdi. Bunların kökündə dövlətimizin uğurlu idman siyasəti və bu sahəyə olan dəstək, qayğı dayanır. Köçəri Oyunlarında qazandığımız 15 medal da çox sevindirici nəticədir".

B.Quliyev Qırğızıstan Respublikasının ümumi tədbirə hazırlığını da yüksək qiymətləndirdi: "Tədbirə hazırlıq, açılış mərasimi, ayrı-ayrı proqramların təşkili son dərəcə yaxşı hazırlanmışdı. Müxtəlif ölkələrdən qatılan idmançılar və böyük nümayəndə heyətlərinə olan diqqət də yaxşı idi. Ümumi şəkildə bu yarışlardan mən çox xoş təəssüratla qayıtdım.

Orada məni ən çox sevindirən və təsirləndirən məqam Azərbaycanın milli güləşi üzrə yarışın keçirilməsi və idmançıların meydana cəngi havası ilə çıxması oldu. Bu yarışda idmançımızın birinci yeri qazanması isə iki qat fəxr idi".

Qeyd edək ki, 2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən 2014-cü ildən Ümumdünya Köçəri Oyunları keçirilməyə başlanıb.

Şahanə MÜŞFİQ

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar

Şəkil sayı: 13
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.