ZAVOD ÇÖRƏYİ
Zavod çörəyi ilə böyüyən uşaqların
Ağzı qabalığa alışır,
Dili qalınlığa
Dadı çovdar
Rəngi qurumuş buğda sarısı.
Boğuq günəş yumruluğunda
Bəzən zindan kimi ağır, bəzən qov kimi yüngül,
Bəzən, 3 qəpiyin çatmasa
əlinin çatmadığı qədər yüksək olan
Zavod çörəyi.
Dilin cadar olar mədən yalvarar
Aclıqdan gözün qaralar
gözün vitrindəki zavod çörəyində qalar
3 qəpiyin çatmaz
Gözün yerdə 3 qəpik axtarar.
Töküb bütün ciblərini, axtarıb küncü-bucağı
Tapdığın 47 qəpik -
50-dən 3 əksik - bir çörək eləməz
3 qəpik - çörəyə 3 addım deməkdir.
...O yanda maşın-maşın heyvana tökülən,
təkrar emala gedən
Ancaq 47 qəpiyə satılmayan
O əlçatmaz, o sevgili zavod çörəyi.
Vitrində qızara-qızara üzünə baxar
yumru-yumru zavod çörəyi
Yumru yumru qayalar yastığı olmaz,
daş olar tökülər başına
3 qəpiyi çatmayanda...
Ovcundakı üç, beş, on qəpikliklərə baxar
Bir də dönüb vitrindəki zavod çörəyinə.
Baxışarlar səssizcə zavod çörəyi ilə.
Qarşı vitrinin güzgüsündə
pörtmüş üzünə baxar sonra
Utanar çörəkdən.
Satıcıya baxar.
bir də 3 qəpiyin möhtəşəm gücünə.
Supermarketin qələbəliyində,
insana gəl-gəl deyən parlaqlığında
dönüb miskin-miskin özünə baxar,
ovcundakı 47 qəpiyə baxar,
qalar durduğu yerdə...
Mənsə torbamdakı çörək çeşidinə baxar
Şükr edərəm
uşaqlarımı
zavod çörəyi ilə böyüdə bildiyimə.
YA NƏBİ
Daş üstə düşmüş toxumam
Cücərmirəm ya İsa, ya İsa.
Üstümə yağmur yağdı şişdim
Qabığım çatladı ciyərim çürüdü
Rişəm daşa yerimədi ya İsa, ya İsa.
Gün od tökür yer qaynayır
içimdə doğulan
doğulub-doğulub yerində boğulan
atəş mənə sərinlik
od mənə mehdi
nəfəsim ahdı ya Musa, ya Musa.
Ayağın yandı ya Xəlil, ya İbrahim, ya ya….
Uddu məni qara balıq, ya Yunus
hu çəkdim huu nəfəsim itdi
nəfəsim yandı
sular axmadı dayandı
balıq məni mən dünyanı uddum
ya Yunus, ya Yunus zikr elə, zikr elə
toxam-toxam sirr oldum, sir oldum
doydum ya Yunus, ya Yunus
üstümə hopub donmuş
dəqiqələri çırpsam, ayları çırpsam
çırpsam bir toz kimi
tökülsə qarışsa havaya
quruyan gül ləçəkləri kimi
gizildər canım ya Nəbi, ya Nəbi.
HAVANIN UÇAN XALÇASINDA
Yuyulub sıxılıb ipdən asılıb
küləkdə yellənən paltarın içindəyəm
Rənglər titrəyir paltarda yelləndikcə
Hasar daralıb genəlir
Dəyişmir isti ilə soyuğun alveri
Nə üşüyürəm nə isinirəm
nəfəs alıram bəlirsizcə hissiz
nə varam, nə yoxam
iki dünya arası cəzbədəki duruşam
nəfəsimi tutub asılıram havadan
brahman kimi
ağır gəlir düşüncəm çəkisizliyə
çıxarıb atıram onu da yüklənmir beynimə
güncəlləmirəm hisslərimin çəkisini (yaşamı).
Dindirmə məni ud deyəcəyin sözləri
Qırılar asıldığım ip çaxılaram yerə
ölüm körpüsünə çıxmış kimi
Yenidən qayıdaram bədənimə
Yenidən ağrıyar ruhum canım.
qoy özbaşına titrəsin havada kölgələr
məni dindirmə, dinmə danışma
səssizliyin ahəngində bardaş qurmuşam
havanın uçan xalçasında
daha paltarım da yellənmir asıldığı ipdə
yoxluq hökm oxuyur günün üzünə
səslər sərtləşir üzlər qaba
yoxmu oldum yoxsa daha...
Ayişə NƏBİ