Yaranandan həmişə həmdəmidir söz muğamın, Əbədi od kürəsindən nur alar göz muğamın! Məcnunun ahı olub şimşəyi yandırsa çalış, Babadağdan da ağır siqlətinə döz muğamın!
"Rast", "Rahat" şöhrətimiz, "Heyratı", "Şur" şöhrətimiz, Ulu sərkərdə desək, əsgəriyik biz muğamın! Başqa xalqa, sənətə, musiqiyə hörmət üçün Gərək əvvəl sevilə öz vətənin, öz muğamın!
Xan, Əlövsət, Qulu, Şövkət...yaşayır qəlblərdə, Üzeyir bəy adına gülşənini gəz muğamın! Çinara oxşadanı nəğməli bağban sayıram, Budağı, şaxələri sınmaz, əyilməz muğamın!
Sevərək, qoruyaraq haqqın ucaldıb səsini, Yamyaşıl yarpağına toz qona bilməz muğamın! Dahi Vahid qəzəlindən güc alıb zirvəyə qalx, Ya da dəryaya cumub qəvvası tək üz muğamın!
Məmləkətlər, qitələr yaxşı tanıyırlar onu, Tər çiçək toplayaraq yollarına düz muğamın! Dinlə, Oqtay Rza, hər həftə teleradionu, Yarnandan həmişə həmdəmidir söz muğamın!