|
|
|
|
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, konqresdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
Konqresdə ÜPİ-nin strukturunda təklif olunan islahatlar, bu təşkilatda üzvlük haqqı sistemində dəyişikliklər, poçt əməliyyatlarının aparılması üzrə Ümumdünya Poçt Konvensiyasında bir sıra dəyişikliklər və sair məsələlər müzakirə olunub.
Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunub.
Konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Hökuməti adından Katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizinin işğal olunması bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Bildirilib ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistan Respublikasına münasibətdə tətbiq etməyəcək. "Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən uzun illər işğal altında saxlanması nəticəsində respublikamızın iqtisadiyyatına, o cümlədən, poçt sektoruna külli miqdarda ziyan dəyib. İşğal altında olan Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsi haqqında müddəalarını (Konvensiya, maddə 6) həyata keçirmək mümkünsüz olub. Ermənistanın "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurum tərəfindən qanunsuz poçt markaları buraxması ÜPİ-nin Ümumdünya Poçt Konvensiyasının tələblərinə ziddir" - deyə, bəyanatda qeyd edilib.
C.ABASOV