Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından
bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik.
Loğman RƏŞİDZADƏ
Fəryad... Və Vicdan
Biz çox vaxt suallar yox, cavablar qarşısında aciz qalırıq. Sualları biz vermirik... Biz cavablarımıza məhkumuq. Suallar ilahi nidasıdır... Cavablar insan əməlinin təqdimatıdır. Zamanın əbədiliyinə söykənən, keçmişin ənginliklərindən süzülüb gələn sirr dolu bu suallara cavab axtara-axtara insan oğlu müəmma dolu bir substansiyaya çevrilmirmi?!. Həyat əbədi suala dönmürmü?.. Yaxud bu cavabların özü sual nidasıyla səslənmirmi? Bəzən də müdhiş cavablar bizi yenidən quru, soyuq suallarla üzbəüz qoymurmu? Biz kimik?.. Hardan hara gedirik?.. Yolumuzda, inam və əqidəmizdə, imanımızda nə dərəcədə kamilik? Zaman öz nəfəsində, nəfsində bizdən nələri alıb, nələri verib! Daim əbədi və mürəkkəb sual kimi böyük məchulluqla önümüzdə dayanan bu dünya qarşısında bizim əbədi missiyamız nədir?.. Onu xilas eləmək, yoxsa daha da bəlalara sürükləmək? İlahi varlıq olan, müqəddəslikdən pərvəriş tapan, tədricən şərə uyub şeytana xidmət edən insan övladının missiyası bəlkə elə budur: vurmaq, dağıtmaq, yandırıb yaxmaq... Bəlkə insan dünyaya elə buna görə gəlir?.. Bəlkə elə ona görə də insan halallıqdan daha çox harama xidmət edir? Elə məhz buna görə də gözəl dünyamız od tutub yanır, şeytanınbuxovunda çabalayır? İnsan Allahlıq iddiasına düşəndə öz missiyasını unudur, Allahın işlərinə əl aparır və bundan gizli, məşum bir zövq alır... Allah zaman-zaman öz yaratdığına həddini tanıtdırır, missiyasını xatırladır, müxtəlif üsul və vasitələrlə onu tərbiyə eləməyə çalışır.
Zamanın ayrı-ayrı çağlarında meydana gələn dinlər, elmi biliklər, etik-estetik fikirlər, fəlsəfi görüşlər, incəsənət, ədəbiyyat... Bütün bunlar insanı tərbiyələndirmək, onu şərin pəncəsindən xilas eləmək üçün ilahi çabalardır. Təəssüf, günün bu günündə, hətta kosmosu fəth etmək əzmində olan müasir insan özü-özünü fəthdə yenə də acizdir. Nə qədər çəkəcək?! Haqqdan, ədalətdən, xeyir əməllərdən uzaq düşmüş insan özünü tapmaq, özünü yenidən kəşf etmək üçün hələ özü-özüylə çoxmu mücadilə aparacaq?.. Yəni son anda, dünyanın əşrəfi sayılan insan bir qarışqa ömrü də yaşamayacaqmı?..
Məşhur hədisdə deyilir ki, Həzrəti İbrahim Peyğəmbəri yandırmaq üçün oda atıb kənardan tamaşaya dayanırlar. Bu vaxt balaca bir qarışqa ağzını suyla doldurub odun üstünə tökməyə başlayır. Onu lağa qoyub gülürlər. Sənin canın-cəsədin nədir ki, bu boyda odu söndürmək istəyirsən, - deyirlər. - Düzdür, bu cismimlə odu söndürə bilməyəcəyəm. Amma mən, öz vicdan borcumu yerinə yetirirəm, - qarışqa cavab verir.
Zaman-zaman üz-üzə qaldığımız bəşəri sualların ən sadə və mükəmməl cavabı, bəlkə də elə budur! Qarışqa ömrü, qarışqa vicdanı... Bəlkə ulu Tanrı bizi bununla imtahana çəkir, bizə dərs verir, qarışqa vicdanını insan vicdanına adekvat estetik kateqoriya kimi qoyur?! Fəlakət qarşısında hamının vicdanı oyanmalı, borc hissi kükrəməli, bacardığını ortaya qoymalıdır. Nəinki özü fəlakət yarada, həmcinslərinin malına-canına qəsd edə, qurulub-yaradılmışları viran qoya, yandırıb-yaxa, kütləvi qırğınlar törədə, Allahın işinə əl aparıb onun vəzifələrini mənimsəyə... Qoca tarix belə halları zaman-zaman təkrarlayıb, lakin son anda, haqq qazandırmayıb. Erməni vandalizmi, erməni vəhşiliyi, erməni şovinizmi də təzələnən, təzələndikcə həyasızlaşan, həyasızlaşdıqca quduzlaşan, yeni çalarlarla üzə çıxan bəşəriyyət və insanlıq əleyhinə belə faktlardandır. İnsan, onsuz da xislətən günahkardır. Hər insanın qəlbində məşum, sirli bir xəbislik, günah potensialı yatır. Viktor Hüqo mümkün qədər az günah işlətməyi tövsiyə edirdi. İnsan üçün qanun budur, - deyərdi. Bəli, insan çalışıb az günah eləməlidir. Heç günah etməmək mələklərin işidir... Bəli, söhbət hələ adi, başqa sözlə, cari günahdan gedir. Təbii, hər kəs potensial günahkardır. Bəs qatil, qan içən, yırtıcı, dağıdıcı, insanlığa qarşı vandallar?.. Təbii, sual da, cavab da bu anda qapanır. Artıq bundan sonra insan yox, insan sifətində şeytan və iblis başlayır. Bunu belə də formula eləmək olar: bundan sonra ermənilik başlayır...
Biz qarışqa vicdanını örnək gətirdik. Bu, hər bir insanın vicdan borcuna da işıq tuta bilər. Hər kəs bəşəriyyət qarşısında, bu gözəl, mərhəmətli, ana şəfqətli dünyamız qarşısında, hər an ünsiyyətdə olduğu, göz-gözə, nəfəs-nəfəsə dayandığı həmcinsləri önündə cavabdehdir, məsuliyyətlidir. Di gəl ki, çox vaxt bu ali, ruhani və qüdsal vəzifələr unudulur, evin içində qardaş qardaşla yola getmir, qonşu qonşuya daş atır, əsrlər boyu eyni regionda, eyni paraleldə yaşayan millətlər bir-birinə qənim kəsilir, ölkələr, dövlətlər cəngi-cidala çıxır, kəndlər, şəhərlər xarabazara çevrilir, qan su yerinə axır... Həmişə ləyaqətini uca tutan, səmimiyyəti ucbatından əzab-əziyyət çəkmiş biz azərbaycanlılar da zaman-zaman adı vicdani hissdən və mərhəmətdən məhrum erməni millətçiləri tərəfindən zülmə, zillətə, basqıya, soyqırıma məruz qalmışıq. Bu gün də həmin ağrı-acıyla baş-başayıq. Ermənilər, xüsusən onların millətçi qanadı, bəlkə də yer üzündə yeganə məxluqdur ki, nə öz qövmü, nə bəşəriyyət və insanlıq qarşısında heç bir məsuliyyət daşımadan yaşayır. Bununla da həm öz millətinin, həm də başqa xalqların inkişafına ciddi əngəllər törədir. Onların bu xisləti son anda da bumeranqa dönüb özlərinə dəyir.
Azərbaycana qarşı məkrli erməni siyasəti əsrlər boyu davam edib və müxtəlif dövrlərdə fərqli çalarlarda üzə çıxıb. Onların müxtəlif səpkili bu “incə” siyasətinin son anda kobud bir məntiqi olmuşdur: erməni millətçiliyi. Tarix kitablarında, elmi-metodiki dərgilərdə, publisistik nümunələrdə, ədəbi-bədii əsərlərdə erməni millətçiliyi, erməni vandalizmi faktlarla, real, həyati detallarla göstərilmiş, dünya ictimaiyyəti qarşısında ifşa edilmişdir. Yazıçı Əli İldırımoğlu öz yaradıcılığında bu məsələyə dönə-dönə müraciət etmişdir. “Daş yağan gün” romanı bu mövzuda fundamental ədəbi nümunədir.
Əli İldırımoğlu geniş profilli, dərin məzmunlu, fəlsəfi mündəricəli əsərləri ilə ədəbi ictimaiyyətə yaxşı tanışdır. Onun əsərlərini Azərbaycan həyatının, azərbaycanlı taleyinin ensiklopediyası adlandırsaq, səhv eləmərik. Təqdimata ehtiyacı olmasa da, söhbətimizin ruhuna uyğunluğunu nəzərə alıb onun insan taleləri ilə zəngin əsərlərini bir daha yada salaq: “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Dərd”, “ Qarlı gecələr”, “Mənim rəncbər atam”, “Aqibət” və insan talelərinə, milli, sosial, əxlaq məsələlərini fərqli rakurslarda əks etdirən digər əsərlərində erməni məsələsi, erməni problemi, xalqımız üçün daim başağrısına çevrilmiş ermənilik məsələsinə bu və ya digər yöndən toxunulmuş, fəlsəfi, estetik və əxlaqi təhlilə, təşrihə cəlb edilmişdir. Ən nəhayət, birbaşa erməni məsələsinə, ermənizmin vəhşi təbiətinə həsr olunmuş “Daş yağan gün” romanı... Fabulası son dərəcə həyati, real ictimai lövhələr, canlı xarakterlər üzərində qurulmuş romanda insan mənzərələri, təbiət və cəmiyyətin harmoniyası zərif ədəbi dildə, səmimi bir təhkiyə ilə təqdim edilir. Ədib, xalqımıza həmişə qənim kəsilmiş erməni şovinizminin, erməni vəhşiliyinin kökdən, dibdən gələn səbəblərini göstərir, düşmənçiliyi ənənəyə çevirmiş xəbis erməni psixologiyasının heyrətamiz dərəcədə real və obrazlı şərhini verir. Son anda ağsaqqal, ağır taxtalı yazıçı mətləbləri, məsləhətləri, təhkiyənin yekunu kimi müdrik nəsihətlər, atalar sözü mərtəbəsində ədəbi-estetik nəticələr...
Əsərin bədii mətləbi onu deyir ki, bu roman bizim ata kitabımız olmağa, ömrümüzün, taleyimizin bələdçisi rolunu oynamağa layiqdir. Axı, biz həm də unutqanıq... Belə kitabları yaddaşımızı təzələmək üçün hər an, hər zaman, bəlkə də özümüzlə daşımalıyıq. Evimizdə göz önündə saxlamalıyıq, işdə stolumuzun üstündə ən görümlü yerdə olmalıdır, yol gedərkən belə, qoltuğumuzda gəzdirməliyik. Mübaliğə hesab etməyin, hissə qapılmaq kimi də qiymətləndirməyin... Bu kitab hər cür tərifə, hətta pafoslu qiymətə layiqdir. Çünki buradakı hadisələr, qələmə alınmış mövzu, ictimai kolliziyalar bizim taleyimizlə, milli mövcudluğumuzla birbaşa bağlıdır. Bir daha vurğulamaq istəyirəm ki, belə kitablar bizim mənəvi-əxlaqi dərsliyimizdir. Sayıqlığımızı itirəndə belə kitabları vərəqləməliyik, bərkliyimizi, iradi möhkəmliyimizi saf-çürük eləmək, siyasi səbatlığımızı bir daha yoxlamaq, ayıq-sayıq, sərvaxt olmaq üçün yenə də belə kitablara müraciət etməliyik. Bir balaca laqeydləşəndə, iradəmizin yayı boşalanda yenə bu ünvana üz tutmalıyıq. Axı, biz unutqanıq... Belə kitablar mənəvi dayağımız, dumanlı və əzablı yollarımıza tutulan bir işıq, məşəldir, zamanın qapalı suallarına cavabdır. Biz kimik, hardan gəlib hara gedirik? Necə gedirik, nə üçün gedirik? Bu ziqzaqlar içərisində bir xalq kimi mövcudluğumuzu necə qorumalıyıq? Əbədiyyət qarşısında hansı sınaqlara hazır olmalıyıq? Başımıza yağan daşları yığıb saxlamalıyıqmı, yoxsa onların üstündən laqeydcəsinə adlayıb keçməliyikmi? Özünüdərk, özünütəsdiq nədir: Allah vergisidirmi, xarakterdimi, xarizmadırmı, milli mentalitetdirmi?.. Ağsaqqal, müdrik yazıçımız “Daş yağan gün” romanında bu mətləblərə incə bir işıq salır, bu qapalı suallara müəyyən açıq cavablar verir. Və Köhnə Həsənlinin ağsaqqallarından biri, Babanın diliylə estetik qənaətini bəyan edir: “Nə millət olursa-olsun, insan ki, Allahdan qorxmadı, ondan nə pis əməl desən çıxar...”
(ardı var)