ABŞ Türkiyədən səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı xüsusi xidmətlərdə olan audio və video məlumatları istəyib.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı bildirib.
D.Tramp jurnalistlərin audio və video materialların Türkiyədən istənilməsi ilə bağlı suallarına cavab olaraq deyib: "Bəli, biz onlardan bunu istəmişik, əgər bu mövcuddusa <...> Yəqin ki, mövcuddur".
ABŞ prezidenti vurğulayıb ki, dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərindən sonra bu işlə bağlı ona "tam hesabatı" təqdim edəcək: "Bu mənim [dövlət katibinə] verəcəyim ilk sual olacaq [audio və video materiallar haqqında]".
D.Tramp qeyd edib ki, səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı aparılan araşdırmanın nəticələri həftənin sonuna qədər məlum olacaq.