https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
search
29 Mart 2024

Vüqar Nadirovla kuryoz hadisə

Vüqar Nadirovla kuryoz hadisə

Qol.az-ın 10 yaşına

İdman jurnalistikasına gələndə 2015-ci ilin yanvarı idi. Qol.az-da redaktorumuz Aydın Bağırovun işə tələbkar münasibəti elə ilk gündən saytın ciddiliyinin fərqinə varmağıma kömək oldu. Təbii, 18 yaşına yenicə qədəm qoymuş biri üçün ən nüfuzlu idman saytlarının birində təcrübə toplamaq, çalışmaq şansı hər kəsə nəsib olmur. Belə bir mühitdə daim öyrənməli, öz üzərində çalışmalısan.

O yaşıma qədər üzünü yalnız televiziyadan gördüyüm, mediadan haqqında xəbərlərini oxuduğun insanlarla artıq canlı həyatda birbaşa ünsiyyətdə olmaq, onlara suallar ünvanlamaq mənim üçün xəyal idi. Elə ilk iş həftəmdə çətin bir tapşırıq aldım. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla müsahibə etməli idim. İlk müsahibə tapşırığı, ilk böyük həyəcan... Sualları bir kağıza yazıb, əllərim əsə-əsə yanına yaxınlaşmışdım. Daha sonra Qurban müəllim sualları kağızdan oxuduğumu görməsin deyə əlimdə gizlətmişdim. Onda səsim də titrəyirdi, elə özüm də. Amma müsahibə alınmışdı. Bu başlanğıc məni həm cəsarətləndirmiş, həm də sevindirmişdi...

Məlum məsələdir ki, hər hansı bir sahədə çalışmağından asılı olmayaraq, əgər orada yenisənsə və həm də gənc, təcrübəsiz birisənsə səhvlər də olacaq, maraqlı – kuryoz hadisələr də. Bu, qaçılmazdır. Bu mənada “Qarabağ”ın futbolçusu Vüqar Nadirovla söhbətim, yəqin ki, ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək. Yenə də jurnalistikada ilk addımı atmağımın yaratdığı həyəcan məni gözlənilməz qəribə bir vəziyyətlə üz-üzə qoydu. Ağdam klubunun Suraxanıdakı bazasında məşqin bitməyini gözləyə-gözləyə beynimdə bəlkə də, 10-dan çox sual yaranmış və öz sahibini gözləyirdi. “Məşq bitsin, ləngitmədən kimi danışdıracaqsansa, həmin futbolçunun yanına get” – iş yoldaşım Elgünün bu sözləri məni sanki suallar aləmində daldığım yuxudan oyatdı. Bu zaman məşq bitmiş, bütün futbolçular paltardəyişmə otağına gedirdi. Deməli, əvvəlcədən planlaşdırdığım kimi etməliydim – zədəsini yenicə sağaldan Vüqara yaxınlaşaraq özümü nəzakətlə təqdim edib, rahatca suallarımı verməliydim. Yaxınlaşdım da, özümü təqdim etdim də. Amma sual vermək anı gələndə, ilk iş günlərinin yaratdığı həyəcan yenə qarşımda bir sədd kimi durdu. Beynimdəki sualların hamısı qəfil yadımdan çıxdı. Əlimdə diktofon sakitcə dayandım – indi Vüqar Nadirov mənə baxır, mən də ona. Bir neçə saniyə keçir. Qarşı tərəf verəcəyim sualları gözləyir, məndən isə səs çıxmır. Bir anlıq dilim tutuldu desəm, yalan olmaz.

Burada pauza... İndi ürəyinizdə gülüb, deyirsiniz ki, “Elə bil Messidən müsahibə alırdın, niyə bu qədər həyəcanlanırdın, axı?” Həqiqətən deyirəm, bir hadisənin içində olmasanız, yaşamasanız, onun təsirini də hiss edə bilmərsiniz. Hələ 18 yaşda idman mediasında yenicə addımlayan təcrübəsiz biri kimi mən, qarşımda isə son mövsüm (2014-15 – red.) Avroliqanın qrup mərhələsində “Sent Etyen”ə uzaqdan möhtəşəm qol vuran, “Qarabağ”a çətin Fransa səfərində xal qazandıran, milyonlarla azərbaycanlını sevindirən futbolçu. Bu fakt fikrinizi bir qədər dəyişər, məncə )))

Hə, bu səssizliyin belə gedərsə axşamacan davam edəcəyinin fərqinə varan Vüqar, məndən söz çıxmayacağına qəti əmin olub axır ki, özü dilləndi: “Qaqa, nə danışım? İstəyirsən, zədəmlə bağlı danışım”. Tam ciddi deyirəm, indiyədək zədə sözünü eşitdiyimə bu qədər sevinməmişdim. Mövcud durumda – özümü həyəcandan itirmiş bir anda, o qədər yol ölçüb, işə əliboş dönəcəyim ağlıma gəldiyi vaxtda eşitdiyim bu sözlər elə bil ürəyimə su səpti. Əsl “danış, qadan alaram” deməyin vaxtı idi ki, heç buna da ehtiyac olmadı və Vüqar başladı özü danışmağa. Beləcə ilk sualı verən də özü oldu, cavablayan da. Ardınca isə yenə mənim həyəcandan donub qaldığımı görən Vüqar dedi: “İstəyirsən, növbəti turdakı rəqibimiz haqda da fikirlərimi deyim?” Başımla təsdiqləyici cavab verdim. İkinci sualı da özü verib, özü də cavablandıqdan sonra vəziyyət elə həddə gəldi ki, bu qeyri-adi duruma alışdım. Sanki elə hər şey belə də olmalı imiş ))) O sual verir, mən isə təsdiq olaraq başımı aşağı əyirdim. Amma bu, həm də həyacanın məndə yaratdığı utanc hissi idi.

Artıq bir neçə sualı özü verib, özü də cavablandırdıqdan sonra Vüqar səmimi şəkildə “bəs edər” deyə soruşmuşdu. Bəli, bəs elədi, özü də necə. Yazı saytımızda yayımlandı, mən danlaqdan qurtuldum, həm də insani keyfiyyətləri bu dərəcə yüksək olan bir futbolçunu tanımaq şansım oldu. Həmin vəziyyətdə mənim yerimə başqa bir gənc, Vüqarın yerinə başqa bir futbolçu da ola bilərdi. Belə maraqlı hadisə olardımı, bax onu dəqiq bilmirəm. Vüqarın bu jesti isə mənə dərs, unutmayacağım xatirə oldu.

Və bu əhvalatı sizinlə bölüşməyimin səbəbi həm də odur ki, bu həftə - noyabrın 17-də çalışdığım Qol.az saytının 10 yaşı tamam olur. Mənim yaşımın az qala, tən yarısı. Mən də bu münasibətlə üzünüzü az da olsa güldürmək, bu yazıyla öz təbrikimi çatdırmaq istədim. Bu 10 ilin 4 ilini bu saytda keçirmək, Aydın Bağırovu, Mirhacib Məcidi, Ramiqi, Elgünü, Vüsalı, Elnuru, Ayseli tanımaq, onlardan nələrsə öyrənmək mənim üçün böyük zövqdür. Pafos deyil, həqiqətən Qol.az bir ailə kimidi. Burdan gedən də, bura gələn də  ürəyi ilə sayta bağlıdır.

10 yaşımız mübarək!

Məftun RƏSULZADƏ
Qol.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.