“Gerçək din adamları bir neçə gün əvvəl baş vermiş aksiya ilə bağlı öz narahatlıqlarını ifadə edirlər”.
Bunu 525.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bir neçə gün öncə Təhsil Nazirliyinin qarşısında keçirilən hicab aksiyasına münasibət bildirərkən deyib. O qeyd edib ki, hicab məsələsinin gündəmdə olmadığı bir vaxta təsadüf etməsi təəccüb doğurur:
“Ona görə ki, Azərbaycanda son vaxtlar hicab məsələsi ilə bağlı heç bir müzakirə aparılmayıb və çağırışlar edilməyib. Yaxından tanıdığım və Azərbaycanın dini mühitində təmasda olduğum din adamları ilə dərhal bir araya gəldik və məsələni müzakirə etdik. Sağlam düşüncəli, dövlətçiliyə bağlı, çevrəsində hətta minlərlə adamı birləşdirən bu insanların hər biri bu hadisədən narahatlıqlarını ifadə etdilər. Bu hadisənin hətta “proqramlı” şəkildə bir anda baş verməsi və ora gələn adamların hazırlıqlı formada polislə əlbəyaxa olması narahatlığa əsas verir. Ölkə mətbuatının bu aksiyasını bütövlükdə Azərbaycan dindarlarının aksiyası kimi qələm verməsi özü qəbulolunmazdır. Mediada aksiyanın bütünlüklə Azərbaycan dindarlarının xoşuna gəlməyəcək tərzdə verməsinə üzgünəm. Hesab edirəm ki, dövlət orqanları hicab adı altında aksiya keçirənlərin heç də Azərbaycanın gerçək din adamlarına aidiyyatı olmadığını araşdırmalıdırlar. Eləcə də bu məqam kütləvi informasiya vasitələrində də öz əksini tapmalıdır. Əgər kimsə bunu şiəliklə bağlayırsa, Azərbaycanda gerçək şiəlik müəssisəsinin başında duran şəxslərin birmənalı olaraq bu aksiyadan xəbərsiz olmasını bəyan etməsi özü bu məsələnin köklü şəkildə araşdırılmasını hüquq-mühafizə orqanlarından tələb edir.
Azərbaycanda müəyyən mənada ölkəmizin dini mühitində problemlərin olmasını heç kim inkar edə bilməz. Amma bu problemlərin hüquqi yolla öz həllini tapması üçün proqramlı şəkildə işlər həyata keçirilməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son dövrlər xeyli sayda işlər həyata keçirir, amma gerçək din adamları ilə birbaşa ünsiyyətin qurulması və əlaqələrin genişləndirilməsinə ehtiyac duyulur”.
C.Əzimbəyli hesab edir ki, regionda həssas bir məqamın yarandığı halda, eləcə də Azərbaycan dünyanın aparıcı dövlətlərinin nümayəndələrinin iştirak etdiyi Forum ərəfəsində baş verən bu hadisədə xarici ölkələrin emissarlarının rolu var. O, bu günlərdə Azərbaycan dövlət orqanlarına bir müraciət edəcəyini də diqqətə çatdırıb: “Hesab edirəm ki, Azərbaycanda gerçək mənəviyyat adamlarının sistemli fəaliyyət proqramı qurulmadıqca radikal qüvvələrin önə çıxması ilə rastlaşacağıq. İlk olaraq maarifləndirmə işi aparılmalıdır. Bunun üçün də telekanalların gücündən istifadə edilməlidir. Əgər indiyədək yerli televiziyalar vasitəsilə bu məsələlərə aydınlıq gətirilsəydi, işıqlandırılsaydı və oradan gerçək din adamlarının cəmiyyətə doğru mesajlar vermək imkanı olsaydı, bu gün baş verənlərin şahidi olmazdıq”.
BƏXTİYAR