Azərbaycan sərhədçiləri tərəfindən 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü münasibətilə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bayraq yürüşü təşkil edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağını irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıb.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri dövlət bayrağını başları üzərində ucaldıblar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qorumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsini qeyd edib.