"Mənəvi inqilab" - Jiddu Krishnamurti
Əslən hindistanlı olsa da, özünü heç zaman heç bir millətə, dinə, ideologiyaya aid etməyən Jiddu Krişnamurtinin bu kitabında əsasən mənəvi məsələlərdən söz açılıb. Bu kitab, eləcə də Krişnamurtinin digər kitabları onun dinləyiciləri tərəfindən yığılıb ərsəyə gətirilib. Kitabda insanlar arasındakı qarışıqlığın, ziddiyyətin, millətlərarası düşmənçiliyin səbəbi göstərilib və bu problemlərin həllinin sadəcə və sadəcə insanın mənəvi aləmindəki ziddiyyətlərdən irəli gəldiyi bildirilir.
"Əbədi ər" - Fyodor Dostoyevski
Dostoyevskinin bu əsəri ilk dəfə 1870-ci ildə "Zarya" jurnalında dərc olunub. Əsəsrin mövzusu Velçaninovla onun mərhum sevgilisinin sonradan evləndiyi Pavel Pavloviçlə olan qarışıq münasibəti üzərində qurulub. Pavel Pavloviç mənəviyyatca zəif, arvad sözüylə oturub-duran, müəllifin təbirincə desək, işi-peşəsi yalnız kiminsə "əbədi ər"i olmaqdan ibarət olan bir obrazdır. Kitabın əsas tragik qəhrəmanı isə Balaca Lizadır. Əslində, atası bildiyi Pavloviç qıza hər baxışında arvadının onu başqa kişiylə necə aldatdığını xatırlayır.
"Hekayələr" - Cəlil Məmmədquluzadə
Bütün şüurlu həyatı boyu Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin bu kitabına onun, əsasən, uşaq və yeniyetmələr üçün qələmə aldığı hekayələri toplanıb. Şübhəsiz ki, yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr yenə də oxucuların böyük marağına səbəb olacaq. Kitabda böyük Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları", "Qurbanəli bəy", "Poçt qutusu", "Konsulun arvadı" və digər hekayələri yer alıb.
"Həyatım və işim" - Henri Ford
Bu, avtobioqrafik əsərdir. Kitab ən böyük Amerika sahibkarlarından və iş adamlarından biri hesab olunan, avtomobil "kralı" Henri Fordun yüksəliş və uğurlarından bəhs edir. "Ford Motor Company" XX əsrin əvvəllərində durğunluq dövründə yaransa da, qısa müddət ərzində avtomobil sənayesi sahəsində canlanma yarada bilmişdi. Əsərdə biznesin təşkili üçün söylənilən fəlsəfi fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Digər biznesmenlər gəlir arxasınca qaçarkən, Ford hər kəs üçün əlçatan məhsullar istehsal edərək, xidmətetməni təkmilləşdirirdi.
"Din nə deməkdir və onun mahiyyəti" - Lev Tolstoy
Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun dini baxışları ilə bağlı bir-birini təkzib edən müxtəlif fikirlər səslənir. Onun qatı inanclı pravoslav olduğunu deməkdən tutmuş, ateist və ya başqa dinlərdən birinə etiqad etməsinə qədər, fərqli və dolaşıq sözlər danışılır. Bəs əslində, Tolstoyun dinə münasibəti necə olmuşdur? Əlbəttə, bu məsələyə aydınlıq gətirmək üçün ən etibarlı mənbə Tolstoyun dinlə bağlı yazdığı çoxsaylı əsərləridir. Oxuyacağınız kitabda Tolstoyun dini baxışlarını açıqladığı əsərlərindən, nisbətən yığcam və xarakterik olanlarını seçib ayıraraq, oxucuların mühakiməsinə verməyə çalışmışıq. İnanmaq istərdik ki, bu kitab Tolstoyun dinlə bağlı olan özünəməxsus və orijinal düşüncələrinin öyrənilməsinə yardımçı olacaqdır.