Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədovun sözlərinə görə, beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan əhalisi yaxın zamanlarda öz yurd-yuvasına qayıtsın.
Azərbaycanın çox sayda qaçqın olan ölkələrdən biri olduğunu nəzərə çatdıran Ə.Əhmədov deyib ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar münaqişənin tənzimlənməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün bu günə qədər effektiv addımlar ata bilməyiblər:
"2018-ci ilin sonuna olan məlumata görə, dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Bu da dünya əhalisinin 1 faizini təşkil edir, Azərbaycanda isə 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir. Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir".