|
|
|
|
"Ölkədə fəaliyyət göstərən 11 özəl ali təhsil müəssisəsində 18 min nəfər tələbə təhsil alır".
APA-nın xəbərinə görə, bunu "Təhsilin biznesi sektoru forumu - mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib ki, ölkədə 4 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə 4 min tələbə təhsil alır.
Nazir müavini cəmi bir özəl peşə məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, özəl təhsil müəssisələrinin yaradılması prosesi sürətlənəcək.
F.Qurbanov qeyd edib ki, son dövrlər məktəbəqədər təhsil pilləsində özəl sektorun inkişafına xüsusi diqqət yetirilir:
"Son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Yəni, 5 il bundan öncə məktəbqədər təhsil müəssisələrinin sayı 41 idisə, hazırda onların sayı 144-dür".