|
|
|
|
Bu gün dünyada 50-dən artıq münaqişə ocağı mövcuddur. Diqqətlə təhlil edəndə görürsən ki, hər bir münaqişənin arxasında çox hiyləgər bir ssenari var. Həyatda bəzən elə insanlar var ki, çox peşəkarcasına konfliktlər yaradırlar. Sonradan bu konfliktin həlli istiqamətində çox hiyləgərcəsinə imitasiya ilə məşğul olurlar. Bu gün dünyada bir çox dövlətlərin yaratdığı münaqişələr də buna daha çox oxşayır.
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyanın bəzi dairələri tərəfindən yaradıldığı heç kimə sirr deyil. Sonradan bu konfliktdən maksimum dərəcədə yararlanan digər qüvvələr oldu. Münaqişələr yaratmaq və ondan davamlı olaraq iqtisadi, siyasi qazanc güdmək əslində ciddi cinayət hadisəsidir. Lakin super güclər müasir hüquqdan və beynəlxalq məhkəmədən daha güclüdür.
Bu vaxta qədər eşitməmişik ki, hər hansı Rusiya məmuru bu konflikdə iştirakına və ermənilərə kömək etdiyinə görə beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılsın. Dağlıq Qarabağda yüzlərlə günahsız azərbaycanlının ölümünə bais olduğu üçün beynəlxalq məhkəmə qarşısına çıxarılsın. Cəzasızlıq mühiti münaqişənin bu qədər uzanmasının səbəblərindən biridir.
Artıq elə siyasət formalaşır dünyada hər şey maraqlara xidmət edir. Böyük dövlətlərin maraqları ilə üst-üstə düşən bəzi beyin mərkəzlərinin hazırladıqları hesabatlar, siyasi mahiyyətli təzyiq ssenariləri, iqtisadi maraqlar münaqişələrin davamlı olaraq dərinləşməsinə səbəb olur.
Dağlıq Qarabağ probleminin həllinə dəstək göstərən təşkilatların, böyük dövlətlərin siyasətinə nəzər salanda bu qənaətə gəlmək olar ki, həmin qüvvələr birmənalı olaraq bu münaqişədə həqiqət axtarmırlar. Həmin münaqişədə kimin haqlı, kimin haqsız olduğu məsələsi onlar üçün önəmli deyil. Onlar üçün önəmli olanı budur ki, bu münaqişədən bütün formalarda, həm iqtisadi, həm də siyasi mənada fayda götürsünlər.
Bu gün müsəlman dünyasında, ərəb ölkələrində baş verən hadisələrə nəzər salaq. Həmin ölkələrdə problem yalnız demokratiyadırmı? Bəs, onda əhalisi qeyri müsəlman olan ABŞ-ın qonşuluğunda yerləşən Kubaya, Venesuelaya, dünyaya meydan oxuyan Şimali Koreyaya top-tüfənglə, hərb yolu ilə demoktatiya niyə ixrac olunmur, onlara qulaq burması niyə verilmir?
Deməli, dünyada dini qütbləşmə faktoru istisna hal deyil. Liviyada, Suriyada, Misirdə və daha haralarda qarşı-qarşıya gələn, qanı tökülən müsəlmanlardır. Əslində müsəlman dünyasının bu faciələrinin kökündə islam sivilizasiyasından, islam mədəniyyətindən, islam halallığından uzaq düşmələri olur.
BDU-da təhsil aldığım dövrdə çox dəyərli müəllimim olan, mərhum Şaməddin Xəlilovun hər zaman bir fikrini xatırlayıram. O, deyirdi “Dəhşətli var-dövlət, bir də həddindən artıq kasıbçılıq hər ikisi qorxuludur”. Həqiqətəndə bu iki qorxulu tendensiya və digər faktorlar həmin o münaqişə ocağına çevrilən islam ölkələrinin çökməsinə gətirib çıxartdı. Qanunların işləmədiyi həmin cəmiyyətlərdə ciddi təbəqələşmə, qeyri şəffaf yolla varlanma və kəskin kasıbçılıq qorxulu nəticələrə səbəb olur.
Yenə Rusiya məsələsinə keçək. Bu gün bəzi ekspertlər iddia edirlər ki, şimal qonşumuz gündən-günə itirir, zəifləyir. Rusiya İraqda, Liviyada və digər Şərq ölkələrində itirir. Lakin bu ölkə Cənubi Qafqazda və o cümlədən keçmiş SSRİ məkanında möhkəmlənməkdədir. Bu ərazilərdə mövcud olan dövlətlərlə Rusiya təzyiq və təhdid dili ilə danışır. Bu gün adı çəkilən, MDB məkanda münaqişələrin bu qədər uzanmasının təəssüf ki, əsl səbəbkarı Rusiyadır.
Nə qədər barmaq silkələyib demək olar ki, Qarabağ münaqişəsinin həll variantı hərb yolu ilə mümkün deyil. Bu hegemon siyasətin nə vaxt bitəcəyi məlum olmasa da bir məsələ bəllidir ki, bundan rus xalqı daha çox itirəcək. Çünki dünyada anti-Rusiya meylləri artmaqdadır. Suriyada Bəşər Əsəd rejiminin ən çox silah təminatçısı Rusiyadır.
Təbii ki, bütün bunlar yeni bir fikir deyil. Kimi dindirsən deyəcək ki, Dağlıq Qarabağ münaqişənin yaradıcısı Rusiyadır. Ancaq biz Rusiya faktorunu əsas götürüb əlimizi əlimizin üstünə qoyub susmamalıyıq. Yenə uzun illər gözləməməliyik. Çünki ötən bir il bizi Qarabağdan, itirilmiş torpaqlardan daha da uzaqlaşdırır.
Ona görə də Rusiyanın təsir dairəsindən çıxmaq, ümumilikdə, bu təzyiqlərin birdəfəlik aradan qaldırılması barəsində düşünmək lazımdır. Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın böyük rolu var. Bəs, o zaman həmin Avropa, ABŞ Cənubi Qafqazın təhlükəsizliyində ciddi şəkildə öz sözünü niyə deməməlidir? Qərbin, ABŞ-ın ikibaşlı mövqeyi, sülh imitasiyası uzandıqca Rusiyanın bu regionda təzyiq və təsir imkanları artır.
Dəyərli oxucular, ola bilər kimsə səslənən fikirlərlə razılaşmasın. Mənim qənaətimcə, Qarabağ münaqişəsinin həllində bütün xarici pozitiv qüvvələrin gücündən yararlanmaq lazımdır. Lakin onlara etibar etmək olmaz. Bu münaqişənin həllində Azərbaycan bütün mənalarda öz potensialına arxalanmalıdır.