Ermənistanın cənubunda yerləşən Amulsar qızıl yatağının istismarı məsələsi işğalçı ölkədə gərginlik yaradıb.
Əhali, eyni zamanda, ekoloqlar bu yatağın istismarının dayandırılmasını tələb edirlər. Artıq bir müddətdir ki, bununla bağlı etiraz aksiyaları səngimir. Baş nazir Nikol Paşinyanın yatağın işlənməsinin davam edəcəyi ilə bağlı açıqlaması etirazları daha da artırıb.
Xatırladaq ki, Ermənistan hakimiyyəti Amulsar yatağının ölkəyə xeyli vəsait gətirəcəyini nəzərə aldığı üçün, digər məsələləri arxa plana keçirməyə çalışır. Ölkə vətəndaşları, həmçinin, ekoloqlar yaxınlıqda yerləşən çayların çirklənməsi, Sevan (Göyçə-red.) gölünün oksidləşməsi təhlükəsi ilə əlaqədar həyəcan təbili çalırlar.
Təmiz qızıl ehtiyatına görə Amulsar ölkənin ikinci yatağı sayılır. Eyniadlı dağda, 3 min metr yüksəklikdə, Arpa və Vorotan çaylarının vadisində, kurort şəhəri olan Cermukdan 13 km aralıda yerləşir. Geoloqların sözlərinə görə, yataqda təxminən 31 milyon ton qiymətli filiz və 40 ton təmiz qızıl var.
Mədənin tikintisinə 2016-cı ilin payızında başlanılıb, 2018-ci ildə isə burada qızıl hasilatına başlamaq planlaşdırılırdı. Layihə 325 milyon dollar məbləğində investisiya yatırmaqla bağlı öhdəlik götürən Britaniyanın "Lydian International" şirkəti tərəfindən hazırlanıb.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) layihədə maliyyə tərəfdaşı kimi iştirak edirlər. Bunun nəticəsində investisiyaların həcmi 460-480 milyon dollara çatacaq. Bu layihə bu günə qədər Ermənistanda reallaşdırılan ən böyük beynəlxalq investisiya layihəsidir.
Məsələ ilə bağlı geoloqlar, ekoloqlar və digər sahələrin mütəxəssisləri operator-şirkətin ilkin tədqiqatların çox detallarını gizlətdiyini, eləcə də qarşıdakı işlər zamanı irihəcmli ekoloji fəsadlar yaranacağını hesab edirlər.
Ekoloqlar Amulsar yatağının istismara verilməsindən sonra yerli çaylar, su anbarı və Sevan gölünün çirklənməsi, Cermuk şəhərinin isə istirahət ərazisindən mədənə çevriləcəyindən qorxurlar.
Bir neçə gün əvvəl Yerevandakı hökumət binasının qarşısında izdihamlı aksiya olub. Əraziyə cəlb olunan polislərlə aksiya iştirakçıları arasında gərginlik meydana gəlib. Etirazçılar bəyan ediblər ki, hökumətin guya Livan şirkətinin ekspertləri tərəfindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib.
Onların sözlərinə görə, Ermənistanın İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayıb. Ekoloq Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib olunmayıb və qızıl yataqların işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb.
Polis hökumət binasına zorla daxil olmaq istəyən aksiya iştirakçılarının qarşısını alıb və bildirib ki, bu ərazi xüsusi mühafizə olunan obyektdir.
Daha bir aksiya isə Paşinyanın Baqramyan prospekti 26-da yerləşən iqamətgahı qarşısında olub.
Etirazçılardan biri Hrayr Kostanyan dövlət qurumlarının nümayəndələrinin dəvəti ilə iştirak etdiyi Amuslarla bağlı aparılan müzakirələrdən razı qalmadığını bəyan edib: "Cermukdan məmurları çağırmışdılar, guya ki, müzakirələr aparırlar. Müzakirə kiminlə keçirilir? Bu məsələ bütün ermənilərə aiddir, mən özüm gələcəyimlə bağlı qərar verməliyəm. Məndən başqa İrəvanda yaşayan heç kim əvəzimə qərar verə bilməz", deyə Kostanyan bildirib.
O qeyd edib ki, Paşinyan xalqın səsini eşitməsə, sələfləri ilə eyni taleyi yaşayacaq:
"Nikol Paşinyan xalqının səsini eşitmir, "Serjizm" davam edir və bu gün açıq şəkildə bəyan edirəm ki, əgər o, oyanmasa, Serj Sarkisyanın taleyini yaşayacaq, ola bilər ki, daha da pisini".
Amulsar məsələsi "Mənim addımım" hakim parlament fraksiyasında da fikir ayrılıqları yaradıb. Hətta bu problemin bloku parçalaya biləcəyi ehtimalları da irəli sürülür. Məlumata görə, fraksiyanın 30-a yaxın deputatı yatağın işlənməsinə qarşı çıxıb. Daha əvvəl fraksiyanın iclasında həmin deputatlar qızıl yatağının istismarına qarşı öz arqumentlərini təqdim ediblər. "Əgər hakimiyyət yatağın istismarının davam etdirilməsinə dair yekun qərar verərsə, bunun əleyhinə olan deputatların fraksiya daxilində "muxtar respublika" yaratması istisna deyil", deyə "Hraparak" nəşri yazıb.
"Mənim addımım" blokunun üzvü Ovik Aqazaryan bildirib ki, əgər bu məsələ onun həmkarları üçün həqiqətən vacibdirsə, onda onlar özləri öz yollarını seçə bilərlər. Bununla belə, o hesab edir ki, yeni reallıqlarda, hakimiyyətə etimad şəraitində onların öz yanaşmalarını dəyişdirmələri mümkündür.
Daha əvvəl baş nazir Nikol Paşinyan Amulsar yatağının işləyə biləcəyini söyləyib. Onun sözlərinə görə, ekoloji qiymətləndirmə Cermuk və Sevan gölü üçün riskləri müəyyənləşdirməyib. Ətraf çaylar üçün isə risklər minimal və idarəedilə biləndir. Bu açıqlama ekofəalların kəskin etirazına səbəb olub. Yeni hökumətin Lydian ilə korrupsiyaya əlaqəsinə girməsi və beynəlxalq maliyyə korporasiyalarının təzyiqlərinə tab gətirə bilməməsi barədə fikirlər səsələnməyə başlayıb.
Yeri gəlmişkən, dünən Paşinyan Cermuka gedib və orada etiraz aksiyası ilə qarşılanıb. Paşinyanın bu məsələnin diqqətlə araşdırılmasına ehtiyac olduğunu deməsi isə sakinləri tamamilə özündən çıxarıb. "Siz bəyan etmisiniz ki, Cermuk sakinlərinin fikrini eşitmək üçün gəlmisiniz, amma belə təsəvvür yaranır ki, sanki bizi razı salmaq üçün burdasınız", deyə yerli sakinlər bildiriblər.
Belə görünür ki, Paşinyan Amulsardan gəlir əldə etmək üçün hətta öz ölkəsinin vətəndaşlarının iradəsinə zidd getməyə belə hazırdır. Amma bu məsələnin daha ağır fəsadlarının olacağını, xalqın etirazlarının kütləvi hal ala biləcəyini də gözə almamış deyil.
PƏRVANƏ