Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti digər həssas qruplarla bərabər, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində aktiv tədbirlərini davam etdirir.
Nazirlikdən verilən məluamta görə, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin edib. Onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib.
Eyni zamanda, əlilliyi olan şəxslərin kiçik sahibkarlığa çıxşına şərait yaradılması üçün onların ozünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bu ilin ötən dövründə xidmət 1000-dək əlilliyi olan şəxsi həmin proqrama cəlb edib.
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasında onların peşə hazırlığının təşkili də mühüm rola malikdir. Cari ildə nazirliyin xətti ilə 205 nəfər, o cümlədən, 176 nəfər üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, 29 nəfər üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı kursları təşkil edilib.
C.ABASOV