"Bildiyiniz kimi, hər il türk dünyasının bir şəhəri TÜRKSOY tərəfindən Türk dünyasının mədəniyyət paytaxtı elan edilir. Ötən illərdə Türkiyənin Eskişəhər və Kastamonu, Qazaxıstanın Astana, Azərbaycanın Şəki şəhərləri türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bir qayda olaraq mədəniyyət paytaxtı elan edilən şəhərlərdə il ərzində müxtəlif tədbirlər keçirilir. "Art Ordo" Festivalı bu il yeddinci dəfə baş tutub. Bu il Qırğızıstanın Oş şəhəri türk dünyasının mədəniyyət paytaxtı seçildiyi üçün Qırğızıstan hökuməti və Mədəniyyət Nazirliyinin qərarı ilə VII "Art-Ordo" Teatr Festivalı məhz burada keçirilib".
Bu fikirləri Open.az-a açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi, tanınmış dramaturq Pərvin Nurəliyeva deyib.
Onun sözlərinə görə, Festivalda türk dövlətlərinin təmsil edən teatrların nümayəndələri və qonaq teatr truppaları iştirak edib.
"Öncə deyim ki, Festivalın açılış mərasimi çox təntənəli keçirildi. Oş Dram Teatrının qarşısında möhtəşəm açılış mərasimi baş tutdu. Qazaxıstan və Özbəkistanı, Qırğızıstanı bir neçə teatr təmsil edirdi. VII "Art-Ordo" Teatr Festivalında Azərbaycanı Gənc Tamaşaçılar Teatrının "Mən öləndə, ağlama" mono-tamaşası yüksək səviyyədə təmsil etdi. Festivalın qaydalarına görə, son bir ildə hazırlanan, yeni tamaşalar VII "Art-Ordo" Teatr Festivalında nümayiş oluna bilərdi. Gənc Tamaşaçılar Teatrının rəhbərliyi bizə etimad göstərdi və gənclərdən ibarət olan yaradıcı heyətimiz Festivala yola düşdü. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, gənc ifaçımız, istedadlı aktrisa Səbinə Məmmədova, işıq və səs rejissorumuz Zaur Rəşidov və müəllif olaraq mən Festivalda ölkəmizi təmsil etdik. VII "Art-Ordo" Teatr Festivalında Azərbaycandan gəlmiş, Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və ADMİU-nin professoru İsrafil İsrafilov da iştirak edirdilər.
Bir məqamı da qeyd edim ki, Festival günlərində TÜRKSOY-un Teatr rəhbərləri şurasının iclası da Oş şəhərində keçirilirdi. Festivalda iştirak etdiyimiz günlər ərzində iştirakçı dövlətlərin tamaşalarını seyr etmək imkanımız oldu. Tamaşaları seyr etmək bizim üçün böyük təcrübəydi. Müxtəlif türkdilli xalqların teatrlarına, nümayiş etdirdikləri əsərlərə tamaşa etdikcə, öz teatrımız haqqında müəyyən fikirlər formalaşdırırdıq. Və bir daha başa düşdük ki, Azərbaycanda teatr çox inkişaf edib, irəli gedib. Bizim üçün belə fərqləri görmək çox sevindiriciydi. Festival günlərində bizim tamaşamızın seçildiyini deyirdilər və ümumiyyətlə, nümayiş olunan əsərlər arasında Türkiyə və Azərbaycan Teatrlarının tamaşalarını çox bəyəndiklərini bildirdilər. Tamaşadan sonra bizə yaxınlaşıb Azərbaycan Teatrının son illərdə çox inkişaf etdiyini deyirdilər.
Türkiyədən İstanbul Dövlət Teatrı "Kitabi - Dədə Qorqud" dastanının motivləri əsasında hazırladığı tamaşanı nümayiş etdirdi. Deyim ki, baxdıqlarım içərisində mən də ən çox bu tamaşanı bəyəndim. "Mən öləndə, ağlama" tamaşamız T ÜRKSOY-un, Festival komitəsinin, Oş şəhər Bələdiyyəsinin xüsusi diplomlarına, Festivalın əsas mükafatlarından birinə - "Ən uğurlu yaradıcılıq axtarışları" nominasiyasına və pul mükafatına layiq görüldü. Festivalın son günü özbək, tacik və İstanbul Teatrından bizə yaradıcılıq təklifi gəldi. Hazırda onlarla danışıqlar aparılır. Pyesə başqa ölkələrin teatrlarında quruluş vermək istəyirlər. Bu xəbərlər əsərin müəllifi kimi məni və bütün yaradıcı heyətimizi çox sevindirib. Bizə bu şəraiti yaratdığına görə, Mədəniyyət Nazirliyinə, hörmətli nazir Əbülfəs Qarayevə və Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə, direktor Naidə İsmayılzadəyə, baş rejissorumuz Bəhram Osmanova təşəkkürümü bildirirəm," - deyə Pərvin Nurəliyeva əlavə edib.
Xatırladaq ki, sentyabrın 25-də Türk Dünyasının Mədəniyyət Paytaxtı Oş şəhərində VII "Art-Ordo" Türkdilli Ölkələrin Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Mən öləndə ağlama" səhnə əsəri təqdim olunub və tamaşa müxtəlif mükafatlara, diplomlara layiq görülüb.
Ülviyyə HƏSƏNQIZI