|
|
|
|
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr
Əvvəli ötən şənbə saylarımızda
Böyük Britaniya müharibədən qalib çıxsa da, qələbədən iki il sonra onun imperiyasına ilk ağır zərbə dəydi, 1947-ci ildə müstəmləkəsi olan Hindistan müstəqillik əldə etdi. Buna digər mühüm amillərlə yanaşı, imperializmin qatı müdafiəçisi olan Uinston Çörçillin 1945-ci ilin iyulundakı seçkilərdə leyboristlərə uduzması oldu. Yeni baş nazir Klement Ettli Hindistan azadlıq mübarizəsinin gücünü düzgün qiymətləndirərək, öz müstəmləkəçiliklərinin süqutuna maneçilik törətmədi. 1950-ci illərdən başlayaraq isə Böyük Britaniyanın və Fransanın Afrikadakı müstəmləkələri xalqların milli-azadlıq mübarizəsinin şiddətlənməsi nəticəsində imperiya boyunduruğundan xilas olub, öz milli dirçəliş yollarını tutdular. Bu cığırı ilk dəfə Kvame Nirumanın başçılığı altında Qana açdı.
İkinci Dünya müharibəsi başa çatdıqdan altı ay sonra ömrü az qala yarım əsrə qədər davam edən Soyuq müharibə başlandı və məşhur dövlət xadimi Uinston Çörçill özünün Fulton çıxışı ilə ona start verdi. Bu çıxış 5 mart 1946-cı ildə, Stalinin ölümündən düz 7 il əvvəl ABŞ-ın Missuri ştatındakı Fulton şəhərinin Vestminister kollecində səsləndi. Çörçill bu vaxt vəzifəli şəxs deyildi, özəl fərd kimi Birləşmiş Ştatlarda istirahət edirdi. Lakin onun dünyadakı nüfuzu bu çıxışa təkcə nəhəng rezonans qazandırmadı, həm də iki sistem arasında 43 il davam edən gərginlik fazasına yol açdı. Kollecdə nitqini söyləməyə Çörçilli ABŞ prezidenti Harri Trumenin özü müşayiət etmişdi. Görkəmli siyasi xadimin təsadüfi səslənməyən bu nitqi mühüm tarixi hadisəyə çevrildi.
Fulton çıxışının Soyuq müharibəyə əsl bir çağırış olduğu güman edilir. Onun əsas məzmununda iki mühüm cəhət vardır. Birincisi, azad dünya SSRİ-nin totalitar rejimi ilə əl-ələ yaşaya bilməz. İkinci cəhət isə ondan ibarətdir ki, dünyanın başlıca fövqəldövləti artıq ABŞ olmuşdur. İngilis-sakson dünyası ABŞ ətrafında birləşməlidir ki, sovet totalitarizminin qarşısını ala bilsin. Sonrakı hadisələr göstərdi ki, onlar buna nail ola bildilər.
Böyük Britaniyanın keçmiş baş naziri Çörçill tam başa düşülən bir məqsədi güdürdü. O istəyirdi ki, Britaniya imperiyası sıradan çıxdıqdan sonra dünyanın siyasi xəritəsindən də yoxa çıxmasın, bu vaxt məhz ABŞ-ın vacib köməkçisinə çevrilməklə öz sarsılmış nüfuzunu saxlaya bilsin. Bugünkü Breksit də həmin Çörçill ideyasının inkişafı kimi özünü göstərir. Həm də Çörçill qeyd etmişdi ki, BMT-nin başçılığı altında hərbi güc vasitəsilə SSRİ-ni dayandırmaq, Rusiya ilə qarşılıqlı münasibəti tapmaq lazımdır. Başqa sözlə, xeyir yumruq gücünə əldə edilməlidir. Ona görə də Soyuq müharibə ABŞ-la SSRİ arasında qızğın silahlanma yarışına çevrildi. Həmin çıxışda o, həm də sonralar məşhurlaşan "dəmir pərdə" terminindən istifadə etdi, bu ifadə ilə SSRİ-nin Avropadan "dəmir pərdə" ilə ayrıldığını iddia edirdi. Düzdür, bu termini ilk dəfə 1945-ci ilin fevralında natsizmin ideoloqu, təbliğat naziri Yozef Göbbels işlətmişdi.
Çörçillə görə, o vaxtkı tarixi anda ingilis dilində danışan xalqların qardaşcasına birliyi müharibənin qarşısını almağın və tiraniyaya (başqa sözlə Sovet İttifaqına) qarşı müqavimət göstərməyin yeganə alətidir. "Bu Britaniya Birliyi, İmperiyası və ABŞ arasında xüsusi münasibətlərin qurulması deməkdir".
Yenicə müharibədən çıxmış SSRİ-yə qarşı bu çıxış hədə xarakteri daşıyırdı və onu cavabsız qoymaq təslimçilik nişanəsi olardı. Stalin Çörçillin peyğəmbərlik qabiliyyətə malik olduğunu və şəxsi potensialını, onun nəinki dünya siyasətinə, həm də bütün dünyanın intellektual elitasının ağlına təsir göstərmək gücünü bilirdi. Ona görə də çıxışın müəllifinə tutarlı cavab verilməli idi. Əvvəlcə görkəmli tarixçi, akademik Tarle çıxışı tənqidi cəhətdən təhlil edən məqalə dərc etdirdi. Stalin isə "Pravda" qəzetinə bu məsələ barədə intervyü verdi. İntervyüdə deyilirdi: "Alman irqçilik nəzəriyyəsi Hitleri və onun dostlarını belə bir nəticəyə gətirib çıxardı ki, tam qiymətli millət kimi almanlar digər millətlər üzərində ağalıq etməlidir. İngilis irqçilik nəzəriyyəsi cənab Çörçilli və onun dostlarını o nəticəyə gətirib çıxarır ki, ingilis dilində danışanlar yeganə tam qiymətli xalqlar kimi, dünyanın qalan millətləri üzərində ağalıq etməlidirlər". Bu sözlər güclü məntiqdən xəbər verirdi.
Çörçill Harri Trumenin iştirak etdiyi həmin məclisdə demişdi: "Ümid edirəm ki, mən düşüncələrə start verdim, onlar isə tarixin gedişinə təsir göstərəcəklər." O, Fulton nitqində dünyada nə baş verdiyinə diqqət yetirirdi ki, azad dünya totalitarist Sovet İttifaqı ilə ittifaqda, alyansda ola bilməz, münaqişə zəruridir və bu münaqişə Armageddonla və azad dünyanın totalitarizm üzərində qələbəsi ilə başa çatacaqdır. Onun peyğəmbərliyi elə həmin əsrin gedişində düz çıxdı.
Soyuq müharibə 9 noyabr 1989-cu ildə Berlin divarının yıxılması ilə başa çatdı, artıq heç bir sosialist düşərgəsi olmayacaqdı. Yeganə sağ qalan Sovet İttifaqının ömrü də iki ildən artıq davam etmədi. 8 dekabr 1991-ci ildə Belorusiyadakı Belovejskoe puşşedə Belovejye müqaviləsi imzalandı və Sovet Sosialist Respublikaları İttifaqı buraxıldı. Müstəqil Dövlətlər Birliynin (MDB) yaradılmasını Belorusiya, Ukrayna və Rusiya Ali Sovetləri ratifikasiya etdi və beləliklə, Sovet İttifaqı birdəfəlik dəfn edildi. Kremlin üzərindəki al bayraq endirildi, əvəzində Rusiyanın üç rəngli bayrağı ucaldıldı. SSRİ-nin süqutunda Mixail Qorbaçov və Boris Yeltsin müstəsna rol oynadılar. Onlar o dünyada uyuyan Çörçillin arzusunun həyata keçməsində fəal iştirak etdilər. Böyük və qüdrətli fövqəldövlət tarix səhnəsini tərk etdi. Yəqin ki, Çörçill də güman etdiyinin baş tutmasına sevinərdi, onu görə bilməsə də, bu hadisədən sonra yəqin ki, bütün günahlarını unudub, qəbirdə daha rahat yatmaq imkanı qazanmışdır.
Lokal müharibələr erası
XX əsr iki dünya müharibəsinin, onların gətirdiyi görünməmiş bədbəxtliklərin şahidi oldu. Tarixçilər, politoloqlar, siyasi xadimlər güman edirdilər ki, belə dəhşəti yaşayanlar və onu müşahidə edənlər heç də bir daha ziddiyyətləri həll etmək üçün müharibə vasitəsinə əl atmayacaqlar, insanların Yer üzündə cəhənnəm əzablarına düçar olmalarına imkan verməyəcəklər. Meydana gələn reallıqlar isə tam fərqli cəhətləri nümayiş etdirdi. Yeni Hitler və nasistlər, yeni yapon militaristləri nəsli yaranmasa da, planetin müxtəlif guşələrində lokal müharibə yanğınları alovlanmağa başladı.
Son dünya müharibəsindən qalib çıxmış və fövqəldövlətlərə çevrilmiş ABŞ və SSRİ öz nəzarət və təsir imkanlarını genişləndirmək, nüfuz dairələrini böyütmək üçün ilkin olaraq Asiyada müharibə ocaqlarının yaranmasına şərait yaratdılar. İkinci Dünya müharibəsinin başa çatmasından heç beş il keçməmiş, 1950-ci ildə Koreyada ABŞ-la SSRİ-nin bilavasitə təsiri və iştirakı ilə ölkənin cənubu ilə şimalı arasında qızğın müharibə başlandı. Hər iki tərəf döyüşdə uğur qazanır, ya da uğursuzluğa düçar olurdu. Yaponiya və ABŞ arasında gedən müharibənin qəhrəmanı, vaxtilə Filippini yaponlara təhvil verib, sonra geri alan Duqlas Makartur Koreyada ABŞ qüvvələrinin komandanı olmaqla, Şimalın döyüşdə irəliləyib Seulu tutmasından sonra, düşməni geri oturtsa da, məsələni birdəfəlik həll etmək üçün 30 ya 50 atom bombası atmaq yolu ilə həm Şimali Koreyanı tutmağı, həm də şimallılara canlı qüvvə ilə kömək edən çinliləri sakitləşdirməyi nəzərdə tuturdu. Lakin prezident Harri Trumen 1945-ci ildə Yaponiyaya iki atom bombasının atılmasına razılıq versə də, bu dəfə Makarturun təklifini tam etirazla qarşıladı və generalın inadkarlığı müqabilində onu komandanlıqdan azad etdi.
Sənaye gücünə malik olan Yaponiya 1910-cu ildə Koreya imperiyasını özünə birləşdirmişdi, məqsəd iqtisadi cəhətdən ondan yaxşıca istifadə etmək idi. Yapon hökuməti öz fermerlərini və balıqçılarını orada məskən salmağa ruhlandırırdı, onlara azad torpaq verir və ya bu torpaqları simvolik bir qiymətə satırdı. Yaponlar əsl irqçilik qaydasında koreyalıların onlardan aşağı olduqlarına inanırdılar və onlara münasibətdə əsl qəddarlıq nümayiş etdirirdilər. Bu vaxt koreyalılar ac idi, yaponlar isə istehsal edilən düyü məhsulunu istehlak edirdilər. Koreyalıların "ləyaqəti" də addımbaşı təhqir edilirdi, "rahat qadınlardan" istifadə olunurdu, bu praktikaya görə Koreya qadınları Asiya-Sakit okean müharibəsi (1931-1945-ci illər) ərzində yapon əsgərlərinə seksual xidmət göstərməyə məcbur edilirdilər, onlardan xeyli sayda ölənlər də olmuşdu.
Yapon işğalçıları 1919-cu ildən assimilyasiya siyasətini həyata keçirirdilər. Bu səbəbdən bir sıra Koreya ziyalıları qiyam qaldırdılar ki, öz mədəniyyətlərini qoruyub saxlasınlar. Bu hadisə minlərlə insan həyatının itkisinə səbəb oldu. Müsbət nəticəsi isə, koreyalılarda güclü vətənpərvərlik və antimüstəmləkə ruhunun formalaşması oldu. Nəhayət, Yaponiyanın İkinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra Koreya Tokionun əsarətindən azad oldu.
Yaponların koreyalılara göstərdiyi zülmə və istismara baxmayaraq, Koreyanın sənaye yoluna düşməsinə onların müsbət təsiri də olmuşdu və Koreya feodal həyat ukladından bir qədər uzaqlaşa bilmişdi. İndiki "Samsunq", "Hunday" kimi sənaye nəhəngləri heç də quru yerdə yaranmamışdı, yaponların sənayeləşmə sahəsindəki təcrübəsi əsasında meydana gəlmişdi.
Müharibənin üç ili ərzində Şimali Koreya üzərinə 650 min ton bomba atılmışdı, onlardan 35 min tonu napalm bombası idi, bu bombardman nəticəsində 600 min ev məhv edilmişdi, 5 min məktəb və min tibb məntəqəsi çınqıla çevrilmişdi. Şimali Koreyaya tökülən bombaların ton ölçüsü II Dünya müharibəsi ərzində Sakit okean regionuna töküləndən artıq idi. Bəlkə də koreyalılar bunu amerikanlara xatırlatmaq istəmirlər, unutmuşlar. Böyük rus tarixçisi N.M.Karamzin demişkən: "Lakin tarix insanlardan daha yaddaşlıdır". Makartur lovğalanırdı ki, Şimali Koreya əhalisinin beşdə birinə yaxını öldürülmüşdür, bu isə 3 milyon nəfərə bərabər idi. 1939-1945-ci illərdəki müharibə ərzində Britaniya əhalisinin yalnız 2 faizi öldürülmüşdü. Makartur həm də atom bombasından istifadə edilsə, müharibəni on günə başa çatdırmağı vəd edirdi.
Müharibə 1953-cü ildə başa çatanda isə Sovet İttifaqı və Birləşmiş Ştatların razılığı ilə yarımada 38-ci en dairəsi üzrə iki hissəyə bölündü. Şimal SSRİ tərəfindən, cənub isə ABŞ tərəfindən işğal olunmuşdu.
Qüdrətli Birləşmiş Ştatların nəhəng hərbi gücünə qarşı dayanmağa qadir olan və doğma diyarının işğalına yol verməyən şimallı xalq öz rəhbəri Kim İr Seni qəhrəman sayırdı. Fədakarcasına müqavimət ruhu Şimali Koreya xalqında indiyə qədər yaşayır. Onlar aviasiya reydlərinin ölkənin viran qoyduğunu, yəqin ki, heç də unuda bilməzlər.
Digər tərəfdən, Şimali Koreya xalqının Birləşmiş Ştatlardan və Yaponiyadan qorxmasının güclü səbəbləri də vardır. Bu, həm də milli hissə kök salmışdır və rejim dəyişməyənə qədər qeybə çəkilməyəcəkdir. Ona görə də prezident Donald Trampın Şimali Koreyanın nüvə silahından imtina etdirilməsinə yönələn diplomatik cəhdləri və müxtəlif hərbi səhnələr yaratmaq yolu ilə ölkənin gənc lideri Kim Çen Inı qorxutmaq manevrləri fayda vermir, hansısa bir təsir gücünə də malik olmur. Kim Çen In Möəmmər Qəddafinin və Səddam Hüseynin başına gətirilənləri yaxşı anladığından, ABŞ-ın hərbi cəhətdən təhlükəsinə, cürbəcür şantajlara əhəmiyyət verməyərək, sərəncamında olan nüvə silahını və raketləri ölkəsi üçün əsl qalxan kimi qoruyub saxlayır.
(Ardı var)