"Uşaqların sosial məsələləri ölkədə gedən sosial islahatların prioritet sahələrindən biridir".
APA xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə bu sahəyə əlavə vəsait ayrılıb: "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də əlavə 5 milyon manat vəsait ayrılmışdı. Beləliklə, ölkədə sosial layihələrin sayı 220-ni ötüb. 2019-cu ildə autizmli uşaqlar üçün layihə çərçivəsində 800-dən artıq autizmli uşağa reabilitasiya xidmətləri göstərilib, bu prosesə 8-dən çox qeyri-hökumət təşkilatı cəlb olunub. Bu, inklüziv cəmiyyətin yaradılmasında vacib layihədir".
Nazir müavini qeyd edib ki, 2020-ci il ərzində də bu layihənin davam etdirməsi planlaşdırılır: "Ümumilikdə ölkədə müxtəlif təbəqələrin, aztəminatlı, həssas, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində səylər davam edəcək. Sosial müdafiə alətlərinə nəzər yetirsək, il ərzində uşaqlar 14-dən çox sosial müdafiə növündən faydalanıb".
A. Kərimov vurğulayıb ki, son dövrlərdə autizmli uşaqlara həsr olunan layihələrdə nazirliyin əsas məqsədi həmin uşaqlara, ailələrə sosial-psixoloji dəstək göstərməkdir.