Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları iş təcrübəsi ilə tanış olmaq məqsədilə müasir texnologiyalar infrastrukturuna malik ADA Universiteti Kitabxanasına baş çəkiblər.
Kitabxananın direktoru Elçin Məmmədov kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, kitabxana müasir informasiya texnologiyaları və proqram təminatı əsasında fəaliyyət göstərir. Kitabxanada tətbiq edilən Millennium Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi yeni-OCLC WMS Kitabxana-İnformasiya Sistemi ilə əvəz edilmiş və hal-hazırda kitabxananın bütün informasiya prosesləri bu sistem vasitəsilə avtomatlaşdırılmışdır.
ADA Universitetinin kitabxanasının mütəxəssisləri - Vəfa Məmmədova istifadəçi xidməti haqqında və Nigar Babayeva Tədqiqat və Tədris Xidmətləri haqqında praktiki məlumat veriblər, sualları ətraflı cavablandırıblar.
Görüş zamanı ADA Universiteti Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası arasında kitab mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.