|
|
|
|
Müsahibimiz Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimovdur.
– Eldar müəllim, YAP-ın 21 yaşı tamam oldu. Sizcə, YAP bu müddət ərzində Azərbaycan cəmiyyətinə nə verdi?
– Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. Bir neçə gün öncə YAP-ın 21-ci ildönümünü qeyd etdik. 21 il böyük uğur deməkdir. 20 ildir ki, YAP iqtidar partiyası kimi hakimiyyətdədir. Partiyanın yaranması dövrünə qısa ekskurs etmək istəyirəm. Partiya çox ağır bir şəraitdə yaranıb. Hamı yaxşı bilir ki, o zaman gərgin dövr idi. Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi, Azərbaycanın dağılması dövrü idi. Azərbaycan artıq bölgələrə bölünürdü. Övladlarımız müharibədə həlak olurdu. İnsanları küçədən tutub müharibəyə göndərirdilər. Uşaqlarımız qırılırdı. Bir sözlə, Azərbaycan dağılırdı. Yeganə ümid yerimiz Naxçıvan və Heydər Əliyev idi. Onun ətrafında sıx birləşmək Azərbaycanı bu bəladan qurtara bilərdi. O zaman mən bir çox ziyalılara, deputatlara təklif edirdim ki, “91-lər”ə qoşulsunlar, Mən özüm də “91-lər”in içində idim. Çox yaxşı xatırlayıram. 1992-ci ilin 16 oktyabrında “Səs” qəzeti vasitəsi ilə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı yazı ilə ziyalılarımız Heydər Əliyevə müraciət ünvanladılar. Düzünü deyim ki, o zaman Azərbaycanda Heydər Əliyevlə danışmaq çətin idi. Telefonda danışarkən tuturdular. Hətta buna görə Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Zeynalovu tutub saxladılar. O zaman mən deputat idim, toxunulmazlığım var idi. Ona görə məktubları, qəzetləri mən Heydər Əliyevə aparırdım. Heydər Əliyevlə bizim İdarə Heyətinin üzvləri arasında da əlaqə yaradan mən idim.
Bir daha deyirəm, o zaman deputat idim. Təyyarə də pulsuz idi. Səhər gedib axşam gəlirdim. Bu məsələlərlə əlaqədar Heydər Əliyevlə danışıqlar aparırdım. Hətta partiya yaratmağı Heydər Əliyev özü istəmirdi. Mənimlə bərabər partiyanın yaranmasında iştirak edən digər insanlar gəlib-gedirdi. Son anda partiya yaratmaqla bağlı Heydər Əliyevi razı sala bildik. Ona müraciət hazırlayıb göndərdik. Gətirib “Səs” qəzetini Heydər Əliyevə verdim. “Müstəqil Yeni Azərbaycan uğrunda” adlı başlıqlı yazı ilə 24 oktyabrda “Səs” qəzetində Heydər Əliyev ziyalıların həmin məktubuna cavab verdi. Həmin gün partiyanın yaranmasından qorxan o zamankı hakimiyyət AXC-Müsavat cütlüyü Elçibəy başda olmaqla 24 oktyabrda Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Naxçıvanda Daxili İşlər Nazirliyini, televiziyanı tutdular. Televiziya vasitəsi ilə elan edib hakimiyyəti devirmək, hətta , Ali Məclisə gəlib Heydər Əliyevi devirmək, bəlkə də Əliyevi məhv etmək niyyətində idilər. Təbii ki, bunların qarşısı alındı. Biz naxçıvanlılar gecə səhərə qədər Ali Məclisin qarşısına yığışaraq, Heydər Əliyevi müdafiə etdik. Heydər Əliyevin top-tüfəngi yox idi. Onun silahı xalqı və Naxçıvanda olan insanlar idi.
Bundan sonra partiyanın Naxçıvanda təsis konfransı keçirildi. Partiyanın təşkilati işlərini də ulu öndər mənə tapşırdı. Bildirdi ki, bir vaxtlar təkidlə təklif etdiyim partiya yaratmaq ideyasına razılıq verir. Məndən soruşdu ki, təşkilat məsələlərini həyata keçirə biləcəksən? Qonaqları qarşılamaq, yola salmaq lazımdır. Bunları edə biləcəksənmi? İmkanların varmı? Mən isə burada problem olmadığını bildirdim. Bu işlərin hamısını öz öhdəmə götürdüm. Naxçıvanda konfrans yüksək səviyyədə keçdi. Yoldaşlarımızdan biri Heydər Əliyevin yanında olanda dedi ki, Eldar İbrahimov sağ olsun, bizə çox böyük diqqət göstərir. Ulu öndər cavab verdi ki, mən bilmirəm kimə nə tapşırıram. Bunları etmək onun borcudur.
1992-ci ilin 18 mayından İsa Qənbər Ali Sovetə sədr seçildi. O zaman sessiyanı saat yarım saxlatdım. Heydər Əliyevin namizədliyini irəli sürəndən sonra ona zəng vurdum, amma o vaxtki hakimiyyət Heydər Əliyevlə danışmağa imkan vermədi. Azərbaycanın dağılması üçün hərənin bir qoçu dəstəsi var idi. Bunu ziyalılar da görürdülər. Kütləvi surətdə bütün rayonlarda partiya təşkilatları yarandı. Amma AXC hakimiyyəti buna imkan vermirdi. Kimisə döyür, kimisə təqib edirdilər. Xüsusilə, “91-lər”i izləyirdilər. Onların əziyyətini, təhqir olunduqlarını görmüşəm. Ona görə də onların qarşısında baş əyirəm ki, onlar qorxmadan, çəkinmədən bu ağır yola getdilər.
Bu gün Azərbaycanda olan sabitliyi, əmin-amanlığı görmək üçün bunu etdilər. Azərbaycanda gedən bu ağır vəziyyət məcbur etdi ki, camaat Naxçıvana üz tutsun. Azərbaycan Xalq Cəbhəsi Naxçıvanda dövlət çevrilişinə cəhd etmək istəyirdi. Ona isə gücləri çatmadı. Sonra isə ikinci rəqibləri Surət Hüseynovu Gəncədə məhv etmək üçün getdilər. Ancaq özləri məhv oldular. 4 iyun Gəncə hadisələri ilə bağlı bütün Azərbaycan xalqı ayağa qalxdı və Heydər Əliyevi tələb etdi.
Azərbaycan xalqını ayağa qaldıran kimlər idi? Bu, məhz, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı əsasında oldu. YAP bu insanları səfərbər etdi. Mən o vaxt Heydər Əliyevin yanında olanda deyirdim ki, ətrafınızda partiya yaratmaq lazımdır. Deyirdi ki, nəyə lazım, mən Naxçıvanda işləyirəm. Dedim ki, partiya Naxçıvana görə lazım deyil. Siz Bakıya gedəcəksiniz. Sizi müdafiə edən qüvvə olmalıdır. Partiya Heydər Əliyevi hakimiyyətə gətirməklə Azərbaycanı qorudu. Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycanda qoçu dəstələri ləğv olundu. O vaxt adam öldürmək adi hal almışdı. Bu gərgin vəziyyəti Heydər Əliyev aradan qaldırdı. Allah sanki bu insanı dövlət yaratmaq üçün dünyaya gətirmişdi.
Heydər Əliyev dostuna, yaxınlarına çox diqqət edən şəxsiyyət idi. Ona kiçicik diqqət edənə Heydər Əliyev çox böyük diqqət edirdi. O, heç birimizə borclu qalmayıb. Kimisinə böyük vəzifə, kimisinə ev verib.
Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycanda dövlət qurdu. 1994-cü il 12 may tarixində atəşkəs əldə etdi. 1994-cü ilin 20 sentyabrında məşhur “Əsrin müqaviləsi”, 1996-cı ildə torpaq islahatını qeyd etməyə bilmərəm. MDB məkanında yeganə torpaq islahatı Azərbaycanda çox rahat getdi. Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi ki, bu gün də Azərbaycan o islahatdan faydalanır. Beynəlxalq əhəmiyyətli neft, qaz layihələri, dəmir yolu kimi məsələlər ölkəmizin imicinə çox böyük xeyir gətirib.
Bu gün bütün Avropa ölkələri çalışır ki, bu neft və qaz boru kəməri Balkan ölkələrindən keçsin. Bunlar hamısı əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu iqtisadi və xarici siyasət nəticəsində Azərbaycan güclü, müasir dövlətə çevrilib.
– Qarabağ problemi hakimiyyətdə olduğunuz 20 il ərzində həll olunmadı. Bu hər halda Azərbaycan üçün ciddi problemdir. YAP bunun öhdəsindən gələ bilmədi, yoxsa?...
– Bu, çox ciddi məsələdir. Çox təəssüf ki, ATƏT-in yaratdığı Minsk qrupu bu 20 ildə həmin məsələnin həllinə nail ola bilmədi. Bəlkə də nail olmaq istəmirlər. Onlar gəlib Azərbaycanda deyirlər ki, siz haqlısınız. Ermənistana gedəndə də onların haqlı olduğunu deyirlər. Onlar söz aparıb, söz gətirəndirlər. Əgər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirə bilmirlərsə, istəmirlərsə, bu qrupdan nə gözləmək olar? Doğrudur, biz həmişə çalışırıq. Onlar isə deyir ki, Azərbaycan və Ermənistan prezidentləri siyasi iradə tapsınlar, bu məsələni danışıqlar yolu ilə həll etsinlər, biz razıyıq. Məsələ həll olduqdan sonra sizin razı olub olmamağınıza nə gərək var? Elə həll etsək, ikilikdə həll edərik. ATƏT-in Minsk qrupu ona görə yaradılmayıb ki, prezidentləri görüşdürsün. Edirlərsə, sağ olsunlar. Ancaq bu məsələnin sonuna çıxsınlar. Bu gün YAP-ın 600 mindən çox üzvü var. Dünyada bu partiyanın xüsusi yeri var. Bu gün Azərbaycana bir dəfə gələn 10 dəfə gəlmək istəyir. Yenə də nikbin baxıram, ümidimi üzmürəm. İnanıram ki, möhtərəm prezidentimizin siyasi iradəsi nəticəsində bu məsələ danışıqlar yolu ilə həll olunacaq. Əgər bu cür həll olunmasa, onda müharibə yolunu seçəcəyik. Azərbaycan artıq özü silah istehsal edir. Elə bilirəm ki, vaxt Azərbaycanın xeyrinədir. Biz geci-tezi bu torpaqları geri alacağıq.
– Hakimiyyətdə olduğunuz bu 20 il müddətində müxalifət də fəaliyyət göstərir. Ancaq onlar istəklərinə nail ola bilmirlər. Siz güclüsünüz, yoxsa onlar zəifdirlər?
– Azərbaycanda iqtidar partiyası güclüdür. Müxalifət partiyaları isə olduqca zəifdir. Onlarda konstruktiv müxalifətçilik yoxdur. Orada olan insanlar yalnız bir şeyi, təhqir etməyi və söyüş söyməyi bacarır. Başda prezidentimiz olmaqla onlar hamımızı təhqir edirlər. Başqa bir fikir demirlər. Əgər bacarığın, bizdən yuxarı savadın varsa, de görək, Qarabağ problemini necə həll edək? Ulu öndərimiz Milli Məclisdə bütün partiyaları bir araya gətirdi, dedi ki, fikrinizi deyin, çıxış yolu göstərin. Onların heç biri bir kəlmə deyə bilmədilər. Əksinə, müxalifət yaranıb ki, erməniyə burdan qida versin. Bəlkə bu gün Azərbaycanda olan əmin-amanlığı erməninin gözü götürür, ancaq müxalifətin gözü götürmür. Ermənilərə faktlar verirlər ki, Azərbaycanı dünyada biabır edin. Dağlıq Qarabağ bizim milli mənafemizdir. Müxalifət isə əksinə, onların dəyirmanına su tökürlər.
Hələ 1990-cı ildə deputat olarkən onların əməlini görmüşəm. Onlar ermənilərlə danışıb torpaqlarımzı verirdilər. Alver edirdilər. Naxçıvanı da ermənilərə satmışdılar. Milli məsələlərdə istər iqtidar ol, istərsə də müxalifət, bir olmalısan. İndi onların satdığı torpaqları ala bilmirik. Bizim də qismətimizə bu cür müxalift çıxıb.
-Yeri gəlmişkən, “ 91-lər”dən olan Zahid Qaralov danışıb, akademik Ziyad Səmədzadə isə ona cavab verib. “91-lər” zaman-zaman məsələ qaldırırlar ki, bizə dəyər verilmədi. Bu məsələlərə necə baxırsınız?
– Bəli, ulu öndər “91-lər”i partiyamızın “Qızıl Fondu” adlandırırdı. Hamıya diqqət göstərirdi. Bizim partiyanın üzvü olmayan nazirlər, baş nazir müavinləri var. Savadları və qabiliyyətləri var. İşlədikləri sahəyə rəhbərlik edə bilirlər. Biz deyə bilmərik ki, onlar çıxsın və hökmən YAP-ın üzvü olsunlar. Azərbaycanda hamıya diqqət var. İnsanların səriştəsi, qabiliyyəti nəzərə alınmaqla vəzifə verilir. İstəyir “91-lər” olsun, istərsə də başqaları... “91-lər”in çoxu partiyayla əlaqə saxlamadı. Kənarda qaldılar. Partiyada iştirak etmirsən, bayram tədbirlərinə, partiyanın ildönümlərinə gəlmirsən, sonra da deyirsən ki, bizi niyə dəvət etmədiniz? Əksinə, çağırılırlar, ancaq gəlmirlər. Günahı özlərində görsünlər. “91-lər”dən olan hər bir insana diqqət ayrılır. Azərbaycanda 600 min nazir yeri yoxdur ki, YAP üzvlərinin hamısı nazir olsun. Məgər bu partiyada olan hər kəs hansısa vəzifədə olmalıdır? Gərək hər şeyə ədalətli yanaşasan. Göz görür, ürək diqtə edir, dil danışır. Gərək sən yaxşı insan kimi ədalətli qərar verəsən.
K.HƏMİDOV