|
|
|
|
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru
mukhtarkazımoglu@gmail.com
Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynağa çevrilir. Belə məsələlərdən biri sovet dövrünün qaçaqları haqqında xalq təsəvvür və düşüncəsidir. Aydın məsələdir ki, bu təsəvvür və düşüncəni əks etdirən rəvayətləri sovet dövründə yazıya almaq toplayıcı və söyləyicinin maraq dairəsinə daxil deyildi. Kimsə həvəs və cəsarət göstərib yazıya alsaydı belə, həmin rəvayətləri sovet dövründə çap etdirmək ağrımayan başa duz bağlamaqdan başqa bir şey olmazdı. Bolşevizmin mübarizə aparıb axırına çıxdığı və həmişə gözdən salmaq istədiyi çarizmə gəldikdə isə, burada (yəni çarizm dövrünün qaçaqlarına aid mahnılar, rəvayətlər, dastanlar qeydə alıb çap etdirməkdə) elə bir qadağa yox idi. Olsa-olsa daşnaklarla toqquşma motivi millətçilik adı altında yasaq edilə bilərdi. Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı və b. qaçaqları “istismarçı” bəylərə və xanlara qarşı mübarizə aparan qəhrəmanlar kimi nə qədər öyürsən, öy – heç kim sənə (söyləyici və toplayıcıya) güldən ağır söz demirdi. XX əsrin 20-30-cu illərində NKVD qüvvələri ilə vuruşmalı olan qaçaqları isə öymək nədir, onların haqqında ucadan danışmaq belə çətin idi. Haqqında ucadan danışılması sovet dövründə çətin olan bu qaçaqlar unuduldularmı, yaddan çıxdılarmı? Əlbəttə, yox. Əgər sovet dövrünün qaçaqları unudulsaydılar, yaddaşlardan silinib getmiş olsaydılar, bu gün həmin qaçaqlarla bağlı rəvayətlər Qarabağ əhalisi arasında bu qədər geniş yayılmazdı. Maraqlıdır ki, sovet dövrünün qaçaqları (Qara Məmməd, Qaçaq İldırım, Qaçaq Baba, Qaçaq Hümmət və b.) rəvayətlərdə Mircəfər Bağırovla (folklordakı əzazil padşah obrazının paradiqması ilə) kəllə-kəlləyə gələn qorxmaz adamlar kimi təqdim edilməkdən başqa, yetim-yesirin qeydinə qalan, qanı bahasına qazandığı tikəni onlarla bölməyə hazır olan insaf sahibləri kimi də təqdim edilirlər. Qaçaq Hümmətin üç gün ac-yalavac qalan atasız uşaqlara dəyirmandan həyatı bahasına un gətirib verməsi bunun bariz göstəricisidir (Qarabağ: folklor da bir tarixdir, IV kitab. Toplayanlar İ.Rüstəmzadə, S.Bağdadova. Tərtib edəni İ.Rüstəmzadə. Bakı, Elm və təhsil, 2013, s.179-181). Yeri gəlmişkən qeyd edək ki, qaçaqlarla bağlı mətnlərdə müşahidə etdiyimiz bu cəhət (yəni vurub-tutan, ömrü döyüşlərdə keçən qaçaqların mənəvi-əxlaqi keyfiyyətlərinin xüsusi olaraq qabardılması) digər tarixi şəxsiyyətlər haqqındakı rəvayətlərdə də özünü göstərir. Paşa bəy, Sultan bəy, Xosrov bəylə bağlı rəvayətlərdə müdriklik bu şəxsiyyətlərin ən başlıca keyfiyyətlərindən biri kimi təqdim edilir. Məsələn, Paşa bəyin öz oğlunu sürü ilə it bəsləməkdə qınaması və ona camaat barədə düşünməyi məsləhət görməsi, müdrikliyin tipik epizodlarındandır (Qarabağ: folklor da bir tarixdir, IV kitab, s.124-125). Belə epizodlardan aydın olur ki, son vaxtlar Qarabağdan toplanmış çoxsaylı rəvayətlərdə folklorun ənənəvi modelinə uyğun olaraq, qəhrəmanı həm vuran qolun, həm də iti ağılın daşıyıcısı kimi görürük.
Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərdə xalq mədəniyyətinin bir sıra maraqlı cəhətlərini üzə çıxaran detallarla da qarşılaşırıq. Belə detalların bir qismi nüfuzlu bəylərin yanında hazırcavab adamların fəaliyyət göstərməsinə aiddir. Maraqlıdır ki, həmin hazırcavab adamlara Qarabağda “lotu” deyilib. Məsələn, Aşıq Abbas adlı bir adam Paşa bəyin, sonra isə Sultan bəyin, Bic Paşa adlı başqa birisi Savalan bəyin lotusu olub. Lotu Əmirqulu adlı bir hazırcavab adam isə aşıqların yanında məclislərdə iştirak edib. Təbii ki, qeyd etdiyimiz misallarda “lotu” “kələkbaz” mənasındadır və bu kələkbazın istər bəylər, istərsə də aşıqlar yanında başlıca funksiyası küy-kələklə ən çətin vəziyyətdən çıxmaq, məclisdə atılan atmacaya, verilən ən köntöy suala ustalıqla cavab qaytarmaqdır. Bu cür hazırcavab adamların “lotu” adlandırılması tarixi ənənədən gələn bir haldır. Xatırladaq ki, Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın təlxəyi də məhz Lotu Qulu adlı bir şəxs olub. Lotunun (təlxəyin) komik əvəzedici olduğunu, hökmdarı (bəyi, xanı) şərdən qorumaq kimi magik bir funksiya daşıdığını nəzərə alıb, Qarabağdan toplanmış materiallar əsasında bu obrazın (lotunun) mifoloji paralelləri üzərində də dayanmaq olar. Yəni çoxlu misallar gətirib magik əvəzedicilik və ikiləşmənin bir sistem, silsilə yaratdığını, insan obrazları ilə yanaşı, bir sıra başqa obrazları da əhatə etdiyini göstərmək mümkündür. Faktlar göstərir ki, Azərbaycanın bəzi bölgələrində (xüsusən də Ordubadda) qeydə alınan “Xan bəzəmə” oyunu, “Padşah bəzəmə”, “Şah bəzəmə” və s. adlarla Qarabağda da mövcuddur (Qarabağ: folklor da bir tarixdir, IV kitab, s.223-230) və bu oyundakı yalançı padşah həqiqi padşahın (xanın, bəyin) imitasiyası – “ikinci nüsxəsi”dir. Faktlar göstərir ki, Azərbaycan toylarında geniş yer tutan sağdış-soldış ənənəsinin Qarabağda təzəbəyin qardaşlığı variantı da var (Qarabağ: folklor da bir tarixdir, IV kitab, s.233-234). Toy günü çiyninə qırmızı şal bağlanıb başqa adamlardan fərqləndirilən, təzəbəyə maddi və mənəvi yardımçı olan qardaşlıq da təzəbəyin “ikinci nüsxəsi”dir. Bu “ikinci nüsxə”lərlə yuxarıda xatırlatdığımız lotular arasında funksiya oxşarlığı yoxdurmu? Əlbəttə, var və bütün bu oxşar nümunələr ikiləşmə adlandırdığımız mifoloji sistemin tərkib hissələridir. Belə ikiləşmə insanla insan arasında özünü göstərdiyi kimi, insanla müxtəlif əşyalar (paltar, müqəvva, daş, güzgü, qab-qacaq...), insanla müxtəlif zoomorfik varlıqlar (at, ilan, qurbağa...), insanla müxtəlif bitkilər (dağdağan, ardıc, qaraağac...) arasında da özünü göstərə bilər: “İlin axır çərşənbəsində sabah tezdən bulax başına gedərdih. Gedə bilmiyən adamın köynəyin aparardıx, onun əvəzinnən də suyun üsdünnən tullanardıx, deyərdih, ağırrığı, uğurruğu, diş ağrısı, baş ağrısı – hamısı tokülsün-qalsın suyun üsdündə” (Qarabağ: folklor da bir tarixdir, IV kitab, s.223). Lotu – bəyin, xanın, yalançı padşah – həqiqi padşahın magik əvəzedicisi olduğu kimi, bu mətndə də köynək – bayram günü suyun üstündən tullanası adamın magik əvəzedicisidir. Əlbəttə, burada məqsədimiz heç də əvəzedicilik problemindən geniş şəkildə bəhs etmək deyil. Məqsədimiz Qarabağ əhalisindən toplanmış folklor materialları içərisində ayrı-ayrı şəxsiyyətlərlə bağlı nümunələrin geniş yer tutmasını və həmin nümunələrin mənşəcə xalq mədəniyyətinə məxsus arxaik qatlara gedib çıxmasını diqqətə çatdırmaqdır.
Say və sanbal etibarilə seçilən materiallar sırasında dini məzmunlu nümunələri xüsusi qeyd etmək lazım gəlir. Toplama materialları sırasında dini məzmunlu nümunələrin sayca çoxluq yaratmasını belə bir faktdan da görmək olar ki, bu nümunələr bir-iki yox, neçə-neçə janrı (məsələn, əfsanə, rəvayət, nağıl, atalar sözü və məsəl, alqış, qarğış və s.) əhatə edir. Müxtəlif janrları əhatə edən dini məzmunlu folklor örnəklərinin söyləyici repertuarında mühüm yer tutması isə səbəbsiz deyil. Səbəblərin ən başlıcası sovet dövründəki yasaqların aradan götürülməsi, dini etiqad məsələsində insanların bu gün tam sərbəst olmalarıdır. Sərbəstliyin nəticəsidir ki, dini mərasimlər vaxtı-vaxtında keçirilir, müxtəlif münasibətlə qurulan dini məclislər saatlarla, günlərlə çəkir. Belə məclislərə geniş meydan verildiyi, sovet yasaq və qadağalarını görmüş adamların dini maariflənməyə ehtiyac duyduğu bir şəraitdə möminlər, təbii ki, fəallaşırlar. Bu fəallığın mühüm göstəricilərindən biri dini sahədə xüsusi söyləyici və dinləyici auditoriyasının formalaşıb çevik və işlək mexanizmə yiyələnməsidir. Özü də bu auditoriya böyük yas məclislərini, müxtəlif dini mərasimləri əhatə etməkdən başqa, həm də ailə-məişətdəki kiçik məclisləri əhatə edir. Böyük məclislərdə çoxsaylı iştirakçının marağını nəzərə alıb dini məzmunlu əfsanə, rəvayət, nağıl danışan molla həmin folklor nümunələrini öz ailə üzvlərinə, qonum-qonşusuna, oturub-durduğu dost-tanışına da danışır. Beləliklə, molla bu günün fəal folklor söyləyicilərindən birinə çevrilir. Mollanın danışdığı əfsanə, rəvayət və nağıllara maraqla qulaq asan dinləyicilərin, hamısı da olmasa, bir çoxu müəyyən qədər söyləyici funksiyası daşıya bilir. Bu gün dindarların söyləyici kimi fəallaşması faktını folklor toplayıcılarının səfər qeydləri də təsdiq edir: “Füzuli rayonunda görüşdüyümüz digər nağıl söyləyiciləri bizə nağılın quru məzmununu danışır, çox nadir hallarda təsvirə yol verirsə, Sahib Şərifovun söylədiyi nağıllarda hadisələr daha təfsilatı ilə çatdırılır, tez-tez formullardan istifadə edilir. Bu baxımdan onun söylədiyi mətnlər dolğunluğuna görə digər mətnlərdən fərqlənir. Peşəcə molla olması və yas məclislərini aparması onun repertuarına da təsirsiz ötüşməyib. Söylədiyi mətnlər daha çox islam dinindən gələn fikirlərin xalq arasında təbliğinə xidmət edir...
Bərdə rayonundan toplanmış folklor nümunələrinin böyük əksəriyyətini Seyid Yusifli kəndindən qeydə almışıq. Ezamiyyə müddətində rayonun daha dörd kəndində olsaq da, həmin kəndlərdə Seyid Yusifli kəndindən topladığımızın heç yarısını da toplaya bilmədik. Bunun əsas səbəbi isə haqqında bəhs olunan Seyid Yusifli kəndində məhərrəmlik axşamlarının son dövrlərə qədər saxlanmasıdır. Təsadüfi deyil ki, həmin kənddən toplanmış folklor nümunələrini söyləyən söyləyicilərin hər ikisi məhərrəmlik məclislərində fəal iştirak etmiş şəxslərdir” (İ.Rüstəmzadə. Tərtibçidən / Qarabağ: folklor da bir tarixdir, V kitab, s.6-7; 8). Bu cür dini məclisləri aparan şəxslər, yaxud həmin məclislərdə iştirak edib orada eşitdiklərini yadda saxlayan adamlar, təbii ki, qismət, alın yazısı, ibadət, xeyirxahlıq və s. məsələlərlə bağlı, pir və ocaqların, dini şəxsiyyətlərin möcüzə və kəramətləri ilə bağlı əfsanə və rəvayətləri danışmağa daha çox maraq göstərirlər. Təfsilata varmadan həmin əfsanə və rəvayətləri iki əsas qrupa ayırmaq olar: a) ümumilikdə islam dünyagörüşü ilə bağlı olub lokal səciyyə daşımayan mətnlər; b) əsasən, Qarabağda yaranıb daha çox lokal səciyyə daşıyan mətnlər. Dünyanın yaranması, ayrı-ayrı peyğəmbərlərin, həmçinin Həzrət Əlinin hikmət və möcüzələri haqda əfsanə və rəvayətləri birinci qrupa; Hacı Qasım Çələbi, Alı Çələbi, Yasin Çələbi, Yəhya Çələbi, Fatma Çələbi, Seyid Həmzə Nigari, Seyid Əsəd ağa, Seyid Yusif ağa, Seyid Füqəra və b. dərvişlər, övliyalar haqda, həmçinin onlara aid ziyarətgahlar haqda mətnləri isə ikinci qrupa daxil etmək olar. İkinci qrupa daxil olan mətnlər həm Qarabağ folklorunun regional xüsusiyyətlərini öyrənmək, həm də bu folkloru şamançılıq və sufiliyə bağlayan xətləri üzə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Qarabağdan toplanmış nağıllar isə ayrıca söhbətin mövzusudur. Burada qısaca olaraq onu deyə bilərik ki, folklor ezamiyyələri bir çox başqa janrlar kimi nağılların da Qarabağda zəngin xəzinə yaratmasından xəbər verir. 2012-2013-cü illərdə Folklor İnstitutunun apardığı ardıcıl toplama işləri nəticəsində Qarabağdan 300-ə yaxın nağıl qeydə alınıb və həmin nağıllar hələlik 6 cildi çap olunan “Qarabağ: folklor da bir tarixdir” kitabına daxil edilib. Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması işində böyük zəhməti olan folklorşünas İlkin Rüstəmzadənin müşahidəsinə görə, çap olunmuş 300-ə yaxın nağıl içərisində 50-dən çoxunun başqa xalqlarda qarşılığı yoxdur və onlar Beynəlxalq Nağıl Göstəricisinə düşməyib. “Qaraçuxası yatmış adam”, “Qismətdən qaçmaq olmaz”, “İki sünbülün söhbəti”, “Üç manatın misalı”, “Ana övladını Əzrayıldan qaçırır”, “Bacı həsrəti”, “Özünü lallığa vurmuş oğlan”, “Özgəsinə quyu qazan özü düşər”, “Ovsanata düşən tikə”, “Çobanın Həcc ziyarəti” və s. kimi nağıl süjetləri Beynəlxalq Aarne-Tompson Kataloquna düşməyən və çoxusu dini məzmun daşıyan nümunələrdəndir. Bu, o deməkdir ki, Qarabağdan toplanan nağıllar milli-mənəvi varlığımızın göstəricisi olmaqla yanaşı, həm də Beynəlxalq Nağıl Göstəricisini dolğunlaşdırmaq gücündə olan folklor örnəkləridir.
“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə çərçivəsində görülən işlərin mühüm nəticələrindən biri də Əli Süleymanov (Ağdamın Ətyeməzli kəndi), Musa Bayramov (Bərdənin Seyid Yusifli kəndi), Narış Bayramova (Ağcabədinin Afşar kəndi) və b. professional söyləyicilərin – Qarabağın sinədəftər adamlarının üzə çıxarılmasıdır. Haqqında, ötəri də olsa, danışdığımız folklor örnəklərinin xeyli hissəsi həmin adamların dilindən qeydə alınıb. Şifahi söz sənətinin bu əvəzsiz daşıyıcıları haqda az-çox təsəvvür yaratmaq üçün belə bir fakt düzümünə diqqət yetirək ki, Qarabağ toplularında çap olunan 300-ə yaxın nağıldan 17-sini Əli Süleymanov, 13-ünü Musa Bayramov, 13-ünü Narış Bayramova söyləyib. İnternetin dünyaya meydan oxuduğu bugünkü şəraitdə bir informatorun 20-ə yaxın nağıl bilməsi, həmin nağılları toplayıcıya ustalıqla çatdırması, əlavə olaraq neçə-neçə əfsanə, rəvayət, lətifə... söyləməsi sevindirici haldır. Sevinirsən ki, bu gün elin söz sərvətini qəlbində yaşadan adamlar var və həmin adamların sayəsində o sərvəti zərrə-zərrə toplamaq, araya-ərsəyə gətirmək mümkün olur.